Həqiqətən də cadu, bəd nəzər, bəd dua varmı? Bunlardan qorunmaq ücün nə etmək lazımdır?


Dediklərinizin hamısı var. Quranda cadu ilə insanlara təsir etməyin mümkünlüyü inkar olunmur: «De ki, «Mən sığınıram qaranlıqdan səhəri yarıb çıxaran Rəbbə, qaçıram Onun yaratdıqlarının şərindən, qatılaşan qaranlığın şərindən, düyünlərə üfürən qadınların şərindən, paxıllığı tutan zaman bir paxılın şərindən». (Fələq, 1-5). Eyni zamanda cadugərlərin uğura uğramadığı, bu işin günah (Ta-hə, 68-70), küfr olduğu da vurğulanır: «Sehr işlədərək kafirlik eləməmişdi Süleyman» (Baqara, 102).
Quranda Hərut və Mərut adlı iki mələkdən də söz açılıır. Onlar sehrin bilicisi kimi təqdim olunur. Hərut və Mərut insanlara sehr öyrətməzdən öncə xəbərdarlıq da ediblər ki, bu, yaxşı iş deyil. Baqara surəsində deyilir: «Onlar insanlara cadu və Babildə Hərut və Mərut adlı mələklərə göndəriləni öyrədirlər. Bu mələklərsə: «Biz bir fitnəyik (sizi, sadəcə, sınaqdan keçiririk), kafirlik eləməyin» deməsəydilər, kimsəyə bir şey öyrətməzdilər. İnsanlar həmin mələklərdən ərlə arvadın arasını vuracaq şeyləri öyrənirdilər, amma Allahdan xəbərsiz kimsə zərər çəkməzdi. Özlərinə yararlı deyil, zərərli şeylər öyrənirdilər. Bilirdilər ki, bu əməllərinə görə axirətdə bir nəsibləri olmayacaq. Əvəzində özlərini satdıqlarının nə pis şey olduğunu biləydilər kaş» (Baqara, 102).
Ayədən göründüyü kimi, Allahdan xəbərsiz kimsə cadudan zərər çəkməz. Allaha sığınmaq lazımdır. İstər bədnəzərdən, istərsə də cadudan qorunmaq üçün, adətən, preventiv tədbir kimi Fələq surəsi oxunur. Bədduadan qorunmaq üçün zülm etməmək lazımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter