Nə üçün şiə məzhəbi ən yaxşı məzhəbdir?
Şiə məzhəbinin sair məzhəblərə üstünlüyü onun haqq olmasına görədir. Haqq din hər bir zamanda yalnız və yalnız bir dində xülasə olunur və ondan başqası haqq ola bilməz. Mütəal Allah hər bir zamanda vahid və eyni bir şəriət sahibi olmuşdur, ondan başqa hər bir din ya ümumiyyətlə kökündən batil və yalandır, ya nəsx edilmiş (qüvvədən düşmüş) və ya kökü kəsilmişdir.
İndiyə qədər bəşəriyyətə nazil olan asimani-ilahi dinlər və məzhəblər bir-birinin davamında gəlir, hamısı eyni səviyyəli deyildir. Yəni yeni gələn din əvvəlki dini təkmilləşdirir və onu qüvvədən salır, yeni dinin gəlişi ilə əvvəlki dinin qüvvədə olma dövrü sona yetir və rəsmiyyətdən düşərək öz yerini yeni dinə verir. Yeni dinə tabe olmaq və ona iman gətirmək hamı üçün lazım və vacibdir. Məhz buna görə də müqəddəs din mənbələrində yeni dinə iman gətirməyənlər kafir kimi qeyd olunur.
İslam dini bəşər üçün nazil olan ilahi dinlərin sonuncusu və ən kamilidir. Allah-taala İslamdan başqa heç bir dini qəbul etməyəcəkdir:
اِنَّ الدِّینَ عِنْدَ اللهِ الْاِسْلَامُ
“Həqiqətən, Allah yanında din yalnız İslam dinidir.”[1]
وَ مَنْ یَبْتَغِ غَیْرَ اْلِاسْلَامِ دِینًا فَلَنْ یُقْبَلَ مِنْهُ
“Hər kəs İslamdan başqa bir dini qəbul edərsə, heç vaxt ondan qəbul olunmaz.”[2]
Təəssüflər olsun ki, keçmiş din ardıcılları və qövmlər kimi müsəlmanlar da müxtəlif məzhəblərə ayrılmışlar. Qəti olaraq demək lazımdır ki, onların hamısı vahid bir anda haqq ola bilməzlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurmuşdur:
اِنَّ اُمَّتِی سَتُفْرَقُ بَعْدِی عَلَی ثَلاَثٍ وَ سَبْعِینَ فِرْقَةً، فِرْقَةٌ مِنْهَا نَاجِیَةٌ، وَ اثْنَتَانِ وَ سَبْعُونَ فِی النَّارِ
“Həqiqətən ümmətim məndən sonra 73 firqəyə ayrılacaqlar, onlardan yalnız biri nicat əhli, qalan 72-si isə cəhənnəm əhlidir.”[3]
İslam məzhəbləri arasında haqq firqə və cəhənnəm odundan xilas olan yeganə məzhəb yalnız on iki İmam şiəsidir və şiəlik də məhz həqiqi İslamdan ibarətdir. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur:
اَیُّهَا النَّاسُ اِنِّی تَرَکْتُ فِیکُمْ مَا اِنْ اَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا، کِتَابَ اللهِ وَ عِتْرَتِی اَهْلَ بَیْتِی
“Ey insanlar! Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyuram ki, əgər ona sarılsanız, heç vaxt yolunuzu azmayacaqdır: Allahın kitabı və itrətin olan Əhli-beytim.”
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yaxın və mötəbər səhabəsi olan Əbuzər Ğifari deyir:
سَمِعْتُ النَّبِیَّ (صَلَّی اللهُ عَلَیْهِ وَ آلِهِ) اَنَّهُ قَالَ: اَلاَ اِنَّ مَثَلَ اَهْلِ بَیْتِی فِیکُمْ مَثَلُ سَفِینَةِ نُوحٍ فِی قَوْمِهِ، مَنْ رَکِبَهَا نَجَی وَ مَنْ تَخَلَّفَ عَنْهَا غَرِقَ
“Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu eşitdim: “Mənim Əhli-beytimin sizin aranızdakı məsəli Nuhun gəmisinin öz qövmü arasındakı məsəli kimidir: hər kəs o gəmiyə minsə, nicat tapar və hər kəs də ondan ayrılsa, qərq olar.” [4]
Şiə məzhəbinin əsası tövhid, ədl, nübüvvət, İmamət və məaddan ibarətdir. Şiələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-in canişini ünvanı ilə on iki məsum İmama inanırlar ki, onların birincisi Əli (əleyhis-salam), sonuncusu isə Məhdi (əleyhis-salam)-dır.
Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan rəvayətlərdə məsum İmamların sayı, hətta adları belə aşkar şəkildə deyilmişdir. Belə ki bir rəvayətdə deyilir:
Bir gün Əbdüllah ibni Məsud bir dəstə adamın arasında oturmuşdu. Çöl ərəblərindən bir nəfər gəlib soruşdu: – Sizin hansı biriniz Əbdüllah ibni Məsuddur?
Əbdüllah cavab verdi: – Mənəm!
Ərəb dedi: – Peyğəmbəriniz özündən sonrakı canişinlərinin sayını sizin üçün bəyan etmişdirmi?
Dedi: – Bəli, on iki nəfərdir – eynilə Bəni-israilin nəqiblərinin sayı qədər.[5]
Şiəliyin haqq olmasına dair dəlilimiz Quran və sünnətdir.
Quran:
Allah-taala Quranda müsəlmanlara göstəriş verir ki, Allaha, Onun Rəsuluna və ulil-əmrə – Peyğəmbərin aşkar buyurduğuna görə şiə İmamlarına – tabe olun. Çoxlu ayələrdə İmamət və vilayət məsələsinə işarə olunmuşdur. O cümlədən: Və ənzir əşirətəkəl-əqrəbin – ey Peyğəmbər, ən yaxın qohum-əqrəbanı ilahi əzabdan qorxut” (“Şuəra 214), “imməma vəliyyukumullah – Həqiqətən sizin rəhbəriniz Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir” (“Maidə”, 54), “Ey Rəsulumuz! Allah tərəfindən sənə nazil olanları çatdır! Əgər çatdırmasan ilahi risaləti (peyğəmbərlik vəzifəsini) yerinə yetirməmişsən” (“Maidə”, 67); “Bu gün dininizi sizin üçün kamilləşdirdim, nemətimi sizə tamamladım və İslamı sizin üçün bir din olaraq seçdim” (“Maidə”, 3), “Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparsın” (“Əhzab”, 33) və sair ayələri qeyd etmək olar.
Tarix və rəvayətlərin aşkar bəyanına əsasən Peyğəmbər (səlləllahu əleyhi və alih) də daim Əli (əleyhis-salam)-ı özünün vəsisi və canişini kimi bəyan edirdi. Təbəri özünün “Tarix” kitabında qeyd edir ki, “və ənzir əşirətəkəl-əqrəbin” ayəsi nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və səlləm) öz qövmünə buyurdu: “Mütəal Allah mənə göstəriş vermişdir ki, sizi Ona doğru dəvət edin. Hər kəs bu məsələdə mənə kömək etsə, qardaşım, vəsim və canişinim olacaqdır.” Bu zaman Əli (əleyhis-salam) demişdi: “Ey Allahın Rəsulu! Bu yolda sənə kömək edəcəyəm!” Peyğəmbər əlini onun boynuna salaraq buyurdu: “Həqiqətən bu – Əli mənim qardaşım və sizin aranızdakı vəsim və canişinimdir. Onun sözlərini eşidin və itaət edin!” Peyğəmbərin qohum-əqrəbaları istehza ilə gülərək ayağa qalxdılar və Əbu Talibə məsxərə üzündən dedilər: “O sənə göstəriş verir ki, oğluna itaət edəsən və ona tabe olasan!”[6]
Peyğəmbər (səlləllahu əleyhi və alih) ömrünün son ilində “vida həcci” adlanan məşhur həcdən qayıdan zaman Qədir-Xum adlı bir diyarda Əli ibni Əbi Talibi rəsmi olaraq müsəlmanların İmamı və rəhbəri kimi təqdim etdi və orada olanlara göstəriş verdi ki, Əli ilə “möminlərin əmiri” ünvanı ilə beyət etsinlər. O həzrətin Qədir-xumda buyurduğu məşhur cümlə budur: “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.” Bu hədis İslamda məşhur və mütəvatir hədislərdəndir.
Bu, şiənin sair İslam məzhəblərinə üstünlüyü və bu məzhəbin haqq olmasına dair dəlillərin xülasəsi idi. Amma vəhhabiliyə gəldikdə isə, Seyid Mustafa Rəzəvinin “Pakistan barədə dini və siyasi məlumatlar” kitabında qeyd etdiklərini yazmaqla kifayətlənirik. Belə ki, vəhhabilər istər şiə, istərsə də sünnüdən ibarət olan bütün İslam firqələrini müşrik, kafir və bütpərəstlər hesab edirlər. Onlar həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) və məsum İmamların (əleyhimus-salam) qəbrinə təzim, ehtiram, ziyarət və onlardan hacət diləməyi bidət və bütpərəstlik hesab edərək haram sayırlar. Onlar namaz halı istisna olmaqla Peyğəmbərə ehtiram etməyi, onu əzizləməyi və salam verməyi caiz bilmirlər. O həzrətin həyatının sonunu onu əzizləməyib ehtiram göstərməyin son nöqtəsi hesab edirlər. Habelə, məsum İmamların (əleyhimus-salam) və İslamın böyük şəxsiyyətlərinin qəbirlərinin üzərində düzəldilən günbəz və sair əsərləri bidət sayırlar. Onlar inanırlar ki, adi insanlarda mövcud olan bütün zəifliklər və bacarıqsızlıqlar eynilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-də də olmuşdur, o da adi bir bəşər idi. O öldükdən sonra bizdən və bizim hazırkı dövrümüzdən heç bir xəbəri yoxdur, buna görə də onun qəbrini ziyarət etmək haramdır![7]
Biz bu barədə düzgün mühakiməni sağlam əqlə həvalə edir və sizdən soruşuruq ki, bu kimi təlimlər fitrət və Quran ilə uyğun gələ bilərmi?! Peyğəmbərin risalətinin əvəzi qərar verilmiş olan Əhli-beytə məhəbbət bundan ibarətdirmi?![8] Məgər Quran “Şəhidlər diridir və Allah yanında ruzidən bəhrələnirlər?!”[9] – deyə buyurmur?! Məgər Peyğəmbərin məqamı şəhidlərdən azdırmı?! və s.
Əlavə bəhs istəyirsinizsə yenidən bizim saytla əlaqə saxlayın.
[1] “Ali-İmran” surəsi, ayə: 19
[2] “Ali-İmran” surəsi, ayə: 85
[3] “Əl-ibanətul-kubra”, İbni Buttə, 1-ci cild, səh. 3; “Xisal”, səh. 585
[4] “Kənzul-ummal”, 1-ci cild, səh. 44; “Əl-etisam bil-kitabi vəs-sünnət” babı; “Əl-mustərkəu ələs-səhiheyn”, 3-cü cild, səh. 151
[5] “Xisal”, səh. 467
[6] “Tarixi Təbəri”, 2-ci cild səh. 320, Misir çapı; “Kamil”, İbni Əsir, 2-ci cild, səh. 41, Beyrut çapı
[7] Seyid Mustafa, Rəzəvi, “Pakistan barədə məzhəbi və siyasi məlumatlar”, səh. 63-64
[8] “Şura” surəsi, ayə: 23
[9] “Ali-İmran” surəsi, ayə: 169