Əraf əhli kimlərdir?


Cənnət və cəhənnəm arasında yerləşən bu məkanda qərar tutanların kim olması barədə müxtəlif fikirlər var. Bir qisim onların mələklər olduğunu, başqaları peyğəmbərlər, şəhidlər və alimlərin qəsd edildiyini söyləyir. Üçüncü qrup fikir tərəfdarları onların nə cənnətə, nə də cəhənnəmə getməyəcək insanlar olduğunu iddia edir. Guya bu kateqoriyaya hər hansı bir peyğəmbərin təbliğini eşitmədən ölənlər, müşriklərin yetkinlik yaşına çatmayan övladları və qanuni nikahdan doğulmayanlar daxildir. Dördüncü və daha çox inandırıcı versiyaya görə, əraf əhli günah və savabı bərabər səviyyədə olanlardır. Çünki Quranda cənnət və cəhənnəmi haqq edənlərin savab və günahın çəkilməsi yolu ilə müəyyən ediləcəyi deyilir: “Gördükləri işləri danışarıq birər-birər onlara, iş görən zaman onlar Biz qaib deyildik axı. Haqq çəkisi qoyulacaq o gün mizan-tərəziyə. Çəkisi ağır gələnlər uğura uğrayarlar. Çəkisi yüngül gələnlər ayələrimizə haqsızlıq eləyənlərdir, itiriblər özlərini” (Əraf 7-9). Amma günah və savabı eyni olanların aqibəti barədə heç nə deyilmir. Ona görə Əraf əhlinin məhz onlar olduğunu deyənlər fikirlərində daha əsaslı görünürlər. Bundan başqa, əraf əhli mələklər, peyğəmbərlər, şəhidlər ola bilməz. Əraf surəsinin 47-ci ayəsindən görünür ki, onlar cənnət arzusundadırlar, cəhənnəm qorxuları isə yüksəkdir: “Cəhənnəm əhlinə zillənəndə gözləri «Zalımların qövmilə bir yerdə yerləşdirmə bizi, Rəbbimiz» dedi onlar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter