Nifrinlərin təsiri vardırmı?
Həqiqətdə nifrin etmək bir növ sənə zülm edəndən intiqam almaqdır. Halbuki, İslam dinində əfv və bağışlamaq daha fəzilətli hesab edilmişdir. Çünki əfvdə elə bir ləzzət vardır ki, intiqamda yoxdur. Necə ki, İlahi rəhmət qəzəbdən üstündür. (Tebyan)
Bizim böyük müəllimlərimiz olan peyğəmbərlər (ə) bizdən istəyiblər ki, sizi nifrin edənlərə dua edin. Bəs görəsən niyə? Çünki o zaman ki, sizi nifrin edən şəxsə mehr və məhəbbət göstərsəniz, onun halı dəyişər və müsbət hala çevrilər. Ancaq əgər siz də onu nifrin etsəniz, onun nifrininə cavab vermiş olarsınız. Bu zaman həm bu nifrin sizə təsir edər və həm də başqa nifrinləri özünə cəlb edər. Ona görə də seçim sizinlədir.
Qəzəb və kin topa bənzəyir. Hər nə qədər möhkəm vursan, möhkəm havaya qalxar və möhkəm də geri qayıdar. Hər nə qədər kininiz dərin olarsa, təsiri daha çox olar. Allah Təala buyurur: “Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!”. (“Məsəd” 1). “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).
Adətən dostlarına və ətrafında olanlara nifrin etmək bəyənilməyən əməllərdəndir. İmam Baqir (ə) buyurur: “O kəs ki, bir şeyi lənətləyər və o da buna layiq olmazsa, lənət onun özünə qayıdar. Ona görə də möminin lənətindən çəkinin ki, məbada özünüz giriftar olasınız”.
Nifrin də dua kimi rəsmi şəkildə tanınmış əməllərdəndir. Yuxarıdakı Quran ayəsində də gördüyümüz kimi, Allah Peyğəmbəri (s) incitdiyinə görə Əbu Ləhəbi lənətləyir.
Məzlumun nifrini ən çox təsirə malik olan lənətlərdəndir. Belə ki, İmam Sadiq (ə) buyurur: “Məzlumun nifrinindən qorxun ki, məzlumun nifrini göyə gedər”.
Yenə də buyurur: “Məzlumun nifrinindən qorx, həqiqətən o, haqqını Allahdan istəyər. Sübhan Allah da ondan da əzizdir ki, bir haqq istənilsin və onu yerinə yetirməsin”.
İmam Baqir (ə) buyurur: “Atamın ölüm anı çatan zaman məni sinəsinə sıxıb buyurdu: Oğlum, sənə onu vəsiyyət edirəm ki, atam ölən zaman mənə vəsiyyət etmişdi. Allahdan qeyri yavəri olmayan birinə zülm etmə”.
Duanın qəbul olması üçün şərait lazım olduğu kimi, hər bir nifrin də qəbul olmaz. Onun də özünəməxsus şəraitləri olmalıdır. Belə deyildir ki, insan ona əziyyət verən hər şəxsi nifrin etməli və bu nifrin də mütləq həyata keçməlidir. Əlbəttə bir insana zülm edilməsi haqqun-nasdır və insanların öhdəsinə qoyular. Əgər insan onu bağışlayarsa, Allah da bağışlayar, əks halda Allah onun zülmünün haqqını alar. “Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir”. (“İbrahim” 42). Ona görə də bu haqqın alınması bəzən dünyada baş verər və bəzən də axirətə saxlanılar.
Hər bir zülmün dərəcəsi vardır: şiddətli və zəif. Ən böyük zülm dinə edilən zülmdür. Bu cür insanlar həm xalq və həm də Allah tərəfindən nifrin edilər. Bəni Uməyyə kimi. Bəzən də bir müsəlman başqa bir müsəlmana malına və ya şəxsi işlərinə görə zülm edər. Bu zülm o qədər şiddətli bir zülm sayılmaz.
İslam dini bizi həmişə əfv etməyə və bağışlamağa dəvət etmişdir. Həzrət Peyğəmbər (s) Allah Təaladan nəql edir ki, buyurub: “Sənə zülm edəni bağışla, səni məhrum edənə bəxşiş ver, sənə pislik edənə yaxşılıq et”. “Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz?”. (“Nur” 22). Bu ayədən də məlum olduğu kimi əgər bağışlanmağımızı istəyiriksə, biz də bağışlamağı bacarmalıyıq. Ona görə də nifrin deyil, duaya və əfvə üz tutaq. Çünki bu əməlləri Allah daha çox bəyənir. /Deyerler.org/ Nəticə: Nifrin etməyin və məzlumların nifrinə seçilmiş şəxs olmayaq ki, təsiri insanıın məhvidir.