Hansı irs dəyərli axirət azuqəsidir və o azuqəni nələrlə düzəldək?
Saleh övlad Qiyamət üçün azuqədir.
Bəzi övladlar insanın qanadı və görən gözü olar. “Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər”. (“Furqan” 74).
Bəziləri isə insan üçün yük olar və canlarını düşməni olar. “Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir”. (“Təğabun” 14).
İmam Əli (ə) buyurur: “Allahdan xoş simalı və xoş qamətli övlad istəməmişəm. Bəlkə Allahdan elə bir övlad istəmişəm ki, Allaha müti olsun və Ona pərəstiş etsin. Nə zaman onlara baxsam ki, Allaha itaət edirlər - gözümün aydınlığına səbəb olar”.
Hər bir övlad şeytanın vəsvəsəsinə məruz qala bilər, ona görə də ata və ananın vəzifəsi budur ki, övladlarını Allahın pənahında qərar versinlər. Ona görə də Həzrət Məryəm (s.ə) dünyaya gələn zaman İmranın həyat yoldaşı deyir: “Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram”. (“Ali-İmran” 36).
Quranda Həzrət İbrahim (ə) övladı haqqında üç əsas üzərində: etiqad, əməl, əxlaqına görə dua edir.
1. Etiqad.
«Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!». (“İbrahim” 35).
«Ey Rəbbimiz, onların arasına özlərindən Sənin ayələrini onlara oxuyan, kitab və hikmət (şəriət elmləri və əqli biliklər) öyrədən və onları paklaşdıran bir peyğəmbər seçib göndər. Çünki, yenilməz qüdrət və hikmət sahibi Sənsən!». (“Bəqərə” 129).
2. Əməl.
«Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40).
3. Əxlaq.
«Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), bizim (Həcc, qurban kəsmək və qurbanlıq yerləri kimi) ibadət əməllərimizi bizə göstər və bizə nəzər sal ki, həqiqətən çox mehriban, tövbələri qəbul edən və rəhmli Sənsən!». (“Bəqərə” 128).
Quran buyurur ki, saleh övladlarınız Qiyamət günü sizin üçün ən yaxşı azuqə ola bilər. “Qadınlarınız sizin tarlanızdır. Buna görə də istədiyiniz tərəfdən və istədiyiniz zaman öz tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad əldə etmək niyyəti ilə) özünüz üçün qabağa (savab) göndərin”. (“Bəqərə” 223).
Hər bir valideyn arzu edər ki, övladı saleh və təqvalı olsun. Bunun üçün əlindən gələni edər. Əgər övladını kiçik yaşlarından Allah, tövhid və əqidəsi ilə tanış edərsə, bu toxumu onun əkilməmiş torpağına əkərsə, heç bir fəsad onu özünə cəlb edə bilməz. Ona görə də valideynlərin vəzifəsidir ki, övladlarının saleh olması üçün çalışsın və səy etsin. Bu yolda səhlənkarlıq göstərməsin. Çünki saleh övladlar bu dünyada qoyub gedə biləcəyimiz ən dəyərli yadigarımızdır və axirətdə isə Allah onların saleh əməllərinə görə bizi mükafatlandırar. Deyerler.org