Mömİn nəyə sevİnməlİdİr?
Quran məntiqinə görə əgər sevinc və şadlıq insanı təkamül yolundan saxlayarsa, dəyərsiz olar. Əgər insan Haqq yolunda, İlahi lütf yolunda, insanlara xidmət etmək yolunda, kamala çatmaq yolunda şad olarsa, dəyər əldə edər. (Tebyan)
Bəs mömin nəyə sevinməlidir?
1. İlahi fəzl və rəhmətə görə sevinər.
“De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır». (“Yunus” 58). Mömin gərək Allahın sonsuz rəhmətinə və fəzlinə görə sevinsin, nəinki sərvət toplayıb, vəzifə və məqam sahibi olmağına görə. İlahi övliyalar bu yolla qürbə çatırlar, adi insanlar isə maddi məsələlərə görə sevinirlər. Möminlə adi insanı fərqləndirən cəhət bu olmalıdır ki, mömin vilayət kimi nemətə, Quranın- şəfa, moizə, hidayət və rəhmət kitabı olmağına sevinər. Nəinki ki, hansısa mal-dövlətə görə.
2. Möminlər Qiyamət günü sevinərlər.
“O gün (bəzi) üzlər (isə) şad və təravətli olar”. (“Ğaşiyə” 8).
Allah Təala möminlərə vəd etmişdir ki, qiyamət günü onları behiştlə sevindirəcəkdir.
“Kimin əməl dəftəri sağ əlinə verilərsə, onunla tez, asan, haqq-hesab çəkiləcək. Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar”. (“İnşiqaq” 7-9).
3. İmanlarına görə sevinər.
“(Səma) kitab(ı) verdiyimiz kəslər (İslamı təsdiq edən yəhudilər və xristianlar) sənə nazil olana sevinirlər”. (“Rəd” 36). Bu ayə bizə onu öyrədir ki, mömin Quranı İlahi kitab kimi qəbul edən zaman sevinməli və şad olmalıdır. Bu kitab ona dininə aid hər şeyi öyrədir və təlim verir. Bu kitab onun imanını gücləndirir və sabit saxlaması üçün yolları nişan verir.
4. Bəzən qəflətinə görə sevinər.
“Və əgər ona düçar olduğu çətinlikdən və pərişanlıqdan sonra (sağlamlıq, sərvət və əmin-amanlıq kimi) bir rahatlıq və nemət daddırsaq, mütləq «çətinliklər və bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir və həmin halda fərəhlənər və çox öyünər”. (“Hud” 10). İki şey sevinci təhlükəli edir: biri yanlış təhlil və o birisi isə lovğalıqla bir yerdə olan sevincdir. Yanlış təhlil və baxışlar yanlış rəftarlara səbəb olar. Ona görə də əgər kimsə güman etsə ki, ona çatan nemətlər Allah yanında məhbub olduğu üçündür, lovğalıq etmiş olar. Mömin gərək nemətləri İlahi fəzldən bilsin, özündən deyil. Bu zaman sevinc İlahi rəngə boyanar.
5. Sağlam olmayan sevinc.
“Yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar”. (“Tövbə” 81). Bəzi müsəlmanlar Peyğəmbərlə (s) döyüşə getmədiklərinə görə sevinirdilər. Bu cür sevinc nifaqın və uzun həsrətin nişanəsidir.
6. Qafillərin sevinci.
“Bu (əzab) yer üzündə nahaq yerə şənləndiyinizə görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdınız”. (“Ğafir” 75). Yanlış sevinc insanı cəhənnəmə atar və İlahi qəzəbə səbəb olar.
Beləliklə deyə bilərik ki, mömin Allaha çatmaq yolunda hər bir nemətə və lütf, fəzlə görə sevinər və bununla lovğalanmaz, özünə nisbət verməz. Hər şeyi Ondan bilər.
/Deyerler.org/