İNSANIN ƏMƏLLƏRİNİ YAZAN MƏLƏKLƏR KİMDİR? GÜNAHIN YAZILMASINA NEÇƏ SAAT MÖHLƏT VERİLİR?


“Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır). Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər”. (“İnfitar” 10-12).
“(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər”. (“Qaf” 17).
“İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar”. (“Rəd” 11).
Beləliklə, bu ayələrdən göründüyü kimi insanın əməllərini yazan bu iki mələk Rəqib və Ətiddir. Elə bir söz yoxdur ki, sənin ağzından çıxsın və bu mələk onu yazmasın.

Allah Təala buyurur: “Biz ona şah damarından da yaxınıq”. (“Qaf” 16).
Şübhəsiz ki, Allah hər şeydən əvvəl və hər şeydən daha yaxşı əməllərimizə nazir və şahiddir. Ancaq məsuliyyət hissini artırmaq üçün biz insanların əməllərinə gözətçilər qoymuşdur ki, onların bir qrupu bu mələklərdir. Onlar Qiyamət günü bizim əməllərimizə şəhadət verəcəklər.
Allah bizim sağ və sol tərəfimizə bu iki mələyi hakim etmiş və onları əməllərimizi yazması üçün vəzifələndirmişdir. Onlardan biri yaxşı və o birisi isə pis əməllərimizi yazarlar. Yuxarıdakı ayələrə nəzər salsaq, görərik ki, bu mələklər bizim həm yaxşı və həm də pis əməllərimizi saxlayıb hifz edər və qeyd edərlər.
Təbərsi yazır: “Rəqib, yəni o hafiz ki, heç bir şey ondan gizli deyildir. Ona görə də Rəqib, yəni əməllərimizi hifz edən. Ətid, yəni hazır deməkdir. Ona görə də Ətid, yəni əməlləri qeyd etməyə hazır olan hafiz”.

Niyə bu iki mələyə “kərami katibin” deyirlər?
1. Bu mələkləri ona görə belə adlandırırlar ki, insanlar əməllərinə daha çox nəzarət edə bilsinlər. İnsan əgər bilsə ki, onun əməllərinə başqa bir qüvvə nəzarət edir, etdiyi günahdan xəcalət çəkər. Katibin ona görə adlandırılıblar ki, onlar bu əməlləri hafizələrində saxlamaqla yanaşı, onu həm də yazırlar. Ona görə heç birini unutmurlar, ən kiçiyini və ən böyüyünü belə.

2. Bu mələklərin kəramətindən biri budur ki, insan yaxşı bir işi niyyət edib, yerinə yetirməsə belə, mələklər onu yazarlar. Məsələn bir xəstəxana və ya bir yol çəkməyi niyyət edirsən, ancaq imkanın olmadığın üçün onu inşa edə bilmirsən, yaxud axıra çatdıra bilmirsən. Lakin mələklər həmin bu niyyəti sənin əməl dəftərinə yazarlar. Əgər günahı niyyət etsən, onu yerinə yetirməyincə, günah yazmaz. Əgər yaxşı əməl görərsənsə, onu 10 bərabər yazar.

3. Mələkələrin başqa bir kəraməti budur ki, əgər biz bir günah işlətsək, Allah bizə 7 saat möhlət verər, əgər istiğfar etsək, o, günahı yazmaz.
(İslami saytlara istinadən/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter