ÇƏTİNLİYƏ DÜŞƏN ZAMAN HANSİ KODA MÜRACİƏT EDƏK?


Kiçik yaşlarımızdan təqvimlərə xüsusi əlaqəmiz olmuşdur. Bu kiçik cib təqvimlərində maraqlı məlumatlarla yanaşı, təqvimin sonunda qısa rəqəmlərə rast gəlirdik. Bu şəhərlərin və ölkələrin kodunu göstərən rəqəmlər idi. Ancaq bu kodla yanaşı, hər bir insan üçün bəzi rəqəmlər vardır ki, hər gün onlara müraciət etməlidir.

Hər bir müsəlmanın bilməli olduğu kodlar - Quran ayələrinin kodlarıdır. Qurani-Kərim elə bir kitabdır ki, hər bir müsəlman onun haqqında məlumatı olmalıdır. Quran ayələrinin bir çoxu həyatın bir çox çətinliklərində bizə heyrətamiz yardımlar edir. Bizləri çətinlik dənizindən sahilə çıxardır.

Qurani-Kərimin bir çox ayələri həyati çətinliklərin aradan qaldırılmasına misilsiz yardımlar edir. Onlardan bəzilərinə nəzər salaq:

1. Əgər çox sayda problemlə qarşılaşmısınızsa, 2:153 kodu ilə əlaqə saxlayın. Bu kodla əlaqə saxlayaraq, çətinliklərdən çıxış yollarını öyrənər və onlara qələbə çala bilərsiniz. Bu kodu yığan zaman bu ayə ilə rastlaşacaqsınız: “Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. (“Bəqərə” 153). İmam Əli (ə) o kəslərdən idi ki, bu mübarək istinaddan daima istifadə edərdi. Nə zaman Həzrət (ə) çətinliyə düşsə ayağa qalxıb 2 rükət namaz qılar və dua edərdi.

2. Əgər sərvət istəyirsinizsə 5:66 və 53:39 kodları ilə əlaqə saxlayın. Əgər bu kodlara müraciət etsəniz, sizə deyiləcəkdir ki, əgər sərvət sahibi olmaq istəyirsinizsə, Quranın tövsiyələrinə və əmrlərinə riayət edin. “Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər”. (“Maidə” 66). “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. (“Nəcm” 39).

3. Əgər xoşbəxtlik istəyirsinizsə, 22:77 kodu ilə əlaqə saxlayın. İnsanların əksər hissəsi xoşbəxt olmaq istəyir. Kim bu yolu getmək istəyirsə, verilən kodla əlaqə saxlasın və bu zaman ona deyiləcəkdir: “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə – səlləllahu əleyhi və alih) iman gətirənlər, rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).

4. Günah işlədən zaman bu kodla əlaqə saxlayın: 41:36. Şübhəsiz ki, şeytan hər bir insanı vəsvəsə edir. Əgər şeytanın bu vəsvəsələrindən uzaq olmaq istəyirsinizsə, bu kodla əlaqə saxlayın. O zaman sizə deyiləcəkdir ki, şeytandan Allaha pənah aparın. Özünüzü çirkinliklərdən uzaq saxlayın. “Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi) eşidən və bilən Odur”. (“Fussilət” 36).
İmam Əli (ə) bu haqda buyurur: “Nə zaman şeytan sizlərdən birini vəsvəsə etsə, gərək Allaha pənah aparasınız və deyəsiniz: Allaha iman gətirdim və dinimi Onun üçün xalis edərəm”.

Quranın bütün ayə və surələri həyatımız üçün mühüm rola malikdir. Ancaq onların arasında bəzilərinin öz xüsusi rolları vardır ki, hər bir müsəlman hər gün onunla dəfələrlə əlaqə saxlamalı və həyatını ona uyğun tənzim etməlidir. (Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter