İSLAMA GÖRƏ ZARAFAT NECƏ OLMALIDIR?
Gülmək insan orqanizmi üçün olduqca xeyrilidir. Son aparılan araşdırmalar nəticəsində aydın olmuşdur ki, gündə ən azı 15 dəqiqə gülmək ürək və qan-damar sistemi üçün çox xeyirlidir. Stress zamanı orqanizmdə qan dövranı zəifləyirsə, gülən zaman isə orqanizmdə qan damarları genişlənir və qan dövranı sürətlə hərəkət etməyə başlayır.
Gülüş ən çox xoş hadisələrlə, zarafatla qarşılaşanda yaranır. İslamda necə, yumor, zarafat etmək, gülüş nə dərəcədə bəyənilmişdir? Hansı hallarda və nə dərəcədə zarafata icazə verilmişdir?
Zarafat digər duyğular kimi insanın fitrətindən qaynayan bir hissdir. Bəzən edilən zarafatlar zamanı yalan danışılır, kimlərinsə eybləri açılır. Bu hal isə qarşıdakı tərəfi güldürməkdənsə, onun incidilməsinə səbəb olur. Bu barədə Qurani-Kərimin “Hucurat” surəsinin 11-ci ayəsində buyurulur: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)”
Zarafatla bağlı mübarək hədislərimizə nəzər saldıqda zahirən təzadlı, əslində isə mübarək İslam məntiqi baxımından bir-birini harmonik surətdə tamamlayan fikirlərlə rastlaşa bilərik.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Mömin zaraftcıl və xoştəbiətli, münafiq isə həmişə qəmgin və qəzəbli olur”. Digər hədisdə isə belə buyurmuşdur: “Allahın sevdiyi şəxslərdən biri də nalayiq sözlər demədən zarafat edən şəxsdir”.
Bir rəvayətdə buyurulur ki, bir çöl ərəbi vaxtaşırı Peyğəmbərin (s) yanına gələr və onun üçün hədiyyələr gətirərdi. Lakin Peyğəmbərdən (s) gətirdiyi hədiyyələrin pulunu istəyərdi. Həmin şəxs hər dəfə hədiyyələrin pulunu istəyəndə Peyğəmbərimiz (s) gülərdi. Bunun üçün də qəmgin olduğu vaxt buyurardı: “Kaş həmin çöl ərəbi bir də gələydi.”
Zarafatın bəyənildiyi hədislərlə yanaşı, onun məzəmməti barəsində də hədis və rəvayətlərə rast gələ bilərik. Həzrəti Əli (ə) buyurmuşdur: “Yalan və zarafatı, həmçinin haqlı olsa belə, mübahisəni tərk etməyincə insan xalis imana nail ola bilmir. Çox zarafat etmək insanın şəxsiyyət və dəyərini aşağı salır”.
Bu cür yanaşmadan belə nəticəyə gəlmək olar ki, zarafat islam dinində zaman və məkan baxımından nisbi xarakter daşıyır. Bəyənilməməsi birmənalı olaraq qarşılanmamalıdır. Yəni ifrata varmamaq, xoşagəlməz sözlərdən istifadə etməmək, kimisə lağa qoymamaq, böhtan atmamaq, yalan danışmamaq və s. lazımdır. Necə ki Peyğəmbər (s) buyurub: “Mən zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm”.
Bəzən insanlar, ələlxüsus qeyri-möminlər çox təəssüf ki, islami atributları anlamazlıq ucbatından zarafat hədəfinə çevirirlər. Bu barədə “Tövbə” surəsinin 65, 66-cı ayəsində buyurulur: “(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: \"Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)\",- deyə cavab verərlər. De: \"Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!”.
Mütəal Allah bizə hər bir rəftarımız və davranışımızda islami ruhiyyədə olmaq tofiqatını nəsib etsin, inşallah. /deyerler/