İNSANIN ÜSTÜNLÜYÜ NƏDƏDİR?


İNSANIN ÜSTÜNLÜYÜ NƏDƏDİR?

«Mahiyyətcə, bu gün müsəlmanlar üçün ən aktual mövzulardan biri məhz islami vəhdət mövzusudur. Və mövlud tarixi müsəlmanların bir daha yadına salmalıdır ki, irqindən, dilindən, məzhəbindən, dərisinin rəngindən, dünyagörüşündən asılı olmayaraq, bütün müsəlmanların bir qibləsi, bir Kitabı, bir Peyğəmbəri (s) vardır. Və bu anlamı yaşadıqca, bu vəhdətin mahiyyətinə vardıqca, müsəlman cameəsi mövlud bayramının əhəmiyyətini dərk edəcək, ittihad dəyərləri ilə yaşayacaqdır. Bu - müsəlmanları müxtəlif məzhəblər adı ilə pərən-pərən salmaq istəyən düşmənlərin fitnəsi qarşısında bir əməli sipər çəkməklə yanaşı, İslam cameəsinin əsli köklərinə qayıdışını təmin edər, dinimizin elmi və məntiqi bir təlim olaraq inkişafına təkan vermiş olar. Uca Allahdan diləyimiz budur ki, harada yaşamasından asılı olmayaraq, bütün müsəlmanlara ümmətin dərd-səri, qayğı və sevincləri ilə yaşamağı nəsib etsin!
Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur: «Ey camaat! Həqiqətən, insanların ən üstünü o kəsdir ki, yüksək məqamına baxmayaraq, təvazökarlıq etsin. Qüdrətinə rəğmən, dünyaya zahid olsun. Dövlətli olsa da, xərclərində insaflı olsun və güclü olduğu qədər də səbrli olsun.
Bilin ki, ən üstün insanlar - dünyadan ona kifayət edən qədər götürən, onda (dünyada) iffətli və izzətli ömür sürən, (axirət) səfərinə azuqə yığan və getməyə hazırlaşan bəndədir».
Çox yüksək əxlaqi əhəmiyyəti olan bu mübarək hədisdə, Allah Rəsulu (s) müsəlmana xas sifətlərin ümumi icmalını təqdim etmişdir. Əslində bu qısa deyimdə, Peyğəmbərimizin (s) mübarək şəxsiyyəti, gətirdiyi dəyərlər, inanclı insan üçün dinimizin müəyyən etdiyi standartlar barədə kifayət qədər məlumat açıqlanır.
Tarixə nəzər salaq. Bir məkanda ki, əli qələm tutanlar barmaqla sayılan qədər idi, qız uşağını diri-diri torpağa basdırmaq şücaət sayılırdı, çoxlu adam öldürmək, qəddar olmaq böyük dəyər sayılırdı, hər sahədə ağlasığmaz cəhalət hökm sürürdü - məhz İslamın gəlişi, islami dəyərlərin bərqərar olması sayəsində yeni bir sivilizasiya meydana gəldi. Elə bir sivilizasiya ki, dünya üçün uzun müddət ərzində elmi inkişafın, gigiyenanın, mədəniyyətin, incəsənətin, digər sahələrdə yeni-yeni nailiyyətlərin standart müəyyənedicisinə çevrildi».

ZAHİDLİK TƏRKİ-DÜNYALIQ DEYİL

«Həzrət Peyğəmbərin (s) gətirdiyi təlim sayəsində nəinki Ərəbistan yarımadasında dəyişikliklərə rəvac verilir, donuq bir duruma düşmüş böyük sivilizasiyalar, mədəniyyətlər yerindən tərpədilir və yeni bir mənəviyyat əsrinə, mənəviyyat erasına start verilir.
Peybəmbərin gətirdiklərini, buyurduqlarını, rəftarlarını, təbliğ etdiklərini başdan-başa təhlil etsək, görərik ki, hər bir şey mənəviyyata qayıdır. Dinimizin ana xətti budur ki, əxlaq varsa, digər hər bir şeyin məna yükü vardır. Uğur, irəli getmə, müvəffəqiyyət, rifah - ümumiyyətlə hər bir şey mənəvi dəyərlərlə yüklənmişsə - mənaya malikdir. Yoxdursa, bu məsələlər nə qədər zahiri cazibədarlığa malik olsalar da belə - vücudi baxımdan əhəmiyyətsizdir (lişenı gkzistenüialğnoy znaçimosti - dlə perevoda).
Hədisdə göstərilən «üstün» istilahına diqqət edək. İnsan kamilliyə yetişməyə, üstünlük əldə etməyə, potensialını realizə etməyə can atır. Dinimiz həqiqi üstünlüyün, həqiqi irəliləyişin düsturunu təqdim edir - məqama rəğmən təvazökarlıq. Bu - o zamankı ərəb dönəmilə, təkəbbürün ən böyük dəyərlərdən biri hesab edildiyi ərəb ictimai fikrilə daban-dabana ziddiyyət təşkil edən bir dəvət idi. Və nəinki o zaman üçün, bütün dövrlər və cameələr, indinin özü üçün xüsusi aktuallıq kəsb edən, şüurlarda inqilaba təkan verən bir tezisdir.
«Qüdrətinə rəğmən dünyaya zahidlik» etmək - xüsusi əhəmiyyət kəsb edən mövzulardandır. Deməli, insanın imkanı, seçimi ola-ola müəyyən bir davranış normasını seçməsi qiymətlidir. Bir adamın ki, əsla nəyisə etmək imkanı yoxdur, onun «mən filan şeydən imtina edirəm» deyə iddia etməsi çox da mühüm deyil. Məsələn, qocalığına görə fəsada gedə bilməyən, içki içə bilməyən bir insanın misalı kimi. Qiymətli odur ki, insan imkanı dairəsində seçim edərkən, Allahın xoşuna gəldiyinə üstünlük verə. Əlbəttə ki, burada işlədilən «zahidlik» ifadəsi tərki-dünyalıq demək deyildir; mətləb, dünyanın parıltısına aldanaraq, onun vasitə statusundan süni surətdə çıxarılıb, hədəfə çevrilməsi təhlükəsindən gedir.
Dövlətli insanın xərclərində insaflı olması, düyadan kifayət qədər götürməsi, və güclünün səbri də həmin müstəvidə olan mövzulardandır. Belə ki, insan ona verilən zahiri qüdrətdən aldanmayaraq, nemətləri israf etməyirsə, optimal yanaşma nümayiş etdirirsə, hər zaman emosiyalarına nəzarət edir, qəzəbin sərxoşluğuna müqavimət göstərərək səbrli ola bilirsə, demək o - əziz Peyğəmbərimizin (s) ən üstün hesab etdiyi şəxslərdəndir».

İBADƏTİN ŞİRİNLİYİ

İmam-camaat mübarək hədisdə toxunulan iffət və izzət mövzularına da aydınlıq gətirdi: «İnsanın dünyada şəxsiyyətli, özünə hörmət etdiyi durumda olması - dinimizin əsas tövsiyələrindəndir. Şəxsiyyətsiz insan günah etməkdən çəkinməz, digərlərinin haqqını gözləməz, cəmiyyətdə salamat ab-havanın bərqərar olunmasında maraqlı olmaz. İzzətini, iffətini qoruyan insan isə həm özünün, həm də sosiumun digər üzvlərinin hüquqlarına, şəxsiyyətinə ehtiramla yanaşar.
Axirət mənzilinə azuqə toplamaqla bağlı müddəa, bu dünyanın keçid xarakterli olmasını insanın yadına bir daha salır. Əbədi məkan üçün nələr toplanmalıdır - bu barədə dinimiz geniş surətdə məlumat vermişdir. İman, gözəl əməl, insanlara məhəbbət, yaxşılıq etmək, nəcib əxlaq - bütün müsbətliklər ki, bu dünyada insanın durumunu mübarəkləşdirir - elə axirət mənzilinin azuqəsi də məhz bunlardır. Pulun, malın, məqamın, sərvətin - heç nəyin özlüyündə mənası yoxdur. Bunlar Allah rizasına yönəlsə, həm bu dünyada, həm də axirətdə insana səadət gətirər. Axirət mənzilində dada çatan yeganə azuqə - təqvadır və təqvaya gətirən sifətlərdir.
Bu sırada ilk olaraq təvazökarlıq sifətinə müraciət etmək istərdik. Əziz İslam Peyğəmbəri (s) bir zaman insanlara müraciətlə «Nə üçün sizdə ibadətin şirinliyini görmürəm?» - deyə soruşdu. Xəbər aldılar: «İbadətin şirinliyi nədir?». Buyurdu: «Təvazökarlıq».
Əlbəttə, burada bir haşiyə çıxmaq lazımdır ki, təvazökarlıq qətiyyən sadəlövhlük demək deyildir. İnsan diqqət etməlidir ki, onun təvazökarlığı digərlərini qeyri-adekvat davranışa təşviq etməsin. İnsan ayıq olmalı, onun təvazösündən sui-istifadə edilməsinə imkan verməməlidir. Təvazökarlıq - əxlaqi bir xüsusiyyət olaraq, insanın Allahın qüdrəti qarşısında ehtiyaclı durumunu dərk etməsidir, qətiyyən sadəlövhlük deyil.
Başqa bir yerdə Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Kim Allaha görə təvazökarlıq etsə, Allah onu ucaldar. Beləliklə, o öz nəzərində zəif, camaatın gözündə isə böyük olar. Kim təkəbbürlük etsə, özünü böyük tütsa, Allah onu alçaldar. Beləliklə, o, camaatın gözündə kiçik, öz nəzərində isə böyük olar. O, camaatın nəzərində hətta it və donuzdan da aşağı olar».
Hədisdə insanın ixlaslı təvazökarlığı vurğulanır. Bir var insan kimə görəsə təvazökarlıq edir, bir də var Allaha görə. İnsan qüdrətin mənbəyini Allahda görməlidir, əks təqdirdə, gülünc duruma düşər. Allah Təbarəkə və Təala istənilən şəxsi lütfündən məhrum etsə, həmin kəs zəlil olar. Dünən ayaq üstə gür-gür güruldayan fərd, bu gün zəif və miskin durumda imdad diləyir - tarix belə hallarla doludur. Heç kəs zənn etməməlidir ki, qüdrətin mənbəyi özüdür, əks təqdirdə, zəlillik perspektivi ilə üzləşə bilər».

ALLAH ÜÇÜN BƏZƏNMƏK

Sonra Hacı İlqar öncə toxunulan «zahidlik» mövzusuna bir daha qayıtdı: «Peyğəmbərimiz (s) buyurmuşdur ki, «Zahidlik - halalı özünə haram etmək deyildir».
İslam dini hər şəkildə, hər formada tərki-dünyalığa qarşıdır. İstər klassik mənada ki, insan bir guşəyə çəkilib özünə qapılmaqla məşğuldur, istərsə də insanlar arasında yaşayıb, özünü proseslərdən təcrid etmək, «mənə dəxli yoxdur» fəlsəfəsi ilə yaşamaq - İslamın nəzərində hər ikisi qəbahətdir. Necə ola bilər ki, cameəsində gedən proseslər insana aid olmasın? Sən özünə görə, ailənə, ətrafına, toplumuna görə öz payına düşən məsuliyyəti daşıyırsan. Bütlər təkcə daşdan, taxtadan düzəlmir ki! İnsanları mənfiliklərə aparan, mənəviyyatsızlığa sürükləyən bütlər, vərdişlər, texnologiyalar hər zaman olub və var. Cəmiyyətlərdə mövcud olan əyintilərə qarşı laqeydlik etsə, insan sonra necə özünü bu mənfiliklərdən sığortalaya bilər? Necə onu əhatə edən iyrəncliklərdən qurtula bilər? Mənasız xülyadır. Məhz bu səbəbdən dinimiz yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə kimi cəmiyyətin sağlam durumuna yönəli işlək mexanizmlər müəyyən etmişdir. İslam həyatın hər bir çalarında insanın fəal həyat sürməsini dəstəkləyir.
Bəs bu halda «zahidlik» nədir? İmam Muhəmməd Baqir (ə) buyurmuşdur: «Allah Təalanın Həzrət Musaya (ə) pıçıltı ilə söylədiklərindən biri də: «Zinətlənənlər, dünyada ehtiyac duyulmayan şeylərə meyl göstərməmək qədər heç bir digər şeylə Mənim üçün bəzənmədilər» (kəlməsi) olmuşdur».
Demək, Allah Təala üçün özünü ali duruma gətirənləri - hədisdə «zinətlənən» kimi işarə edilən mömin insanları fərqləndirən əsas cəhət, onlara lazım olduğundan artıq şeylərə dünyada meyl göstərməməsidir. Burada faydalandığı nemətlər, onun üçün hədəf deyil, kamilliyə yetişmək üçün vasitədir. Hər nə ki, səfər azuqəsinə yarayır, səfər üçün gərəkli olur - zinətlənən üçün ən böyük önəm kəsb edir.
Diqqətçəkən məqam odur ki, malikliyin zahiri cəhətinin heç bir əhəmiyyəti yozdur. Az şeyə malik olan insan daha çox zahid, çox şeyə malik olan insan daha az zahid deyildir. Söhbət insanın malik olduğunun kəmiyyətindən deyil, malik olduğuna olan münasibətinin keyfiyyətindən gedir. Bu malik olduğuna insanın münasibəti hədəf kimidir, yoxsa vasitə qismətindədir? Bu malik olduğu insanı Allaha yaxınlaşdırırmı? İnsana təkliflərini yerinə yetirməyə yardım edirmi? Məsələ, bax, bundadır.
Qeyd etmək lazımdır ki, dinimiz dünyaya meylsizliyi təzahür etməməyə tövsiyə edir. Həzrət Əli (ə) buyurur: «Ən üstün zahidlik - zahidliyi gizli saxlamaqdır».
Maraqlı məsələlərdən biri də budur ki, nemətlərin hədəf durumundan vasitə durumuna keçməsi, ibadətin şirinliyini duymaq üçün ən effektiv vasitələrdən biri kimi təqdim edilir. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Qəlbləriniz dünyaya rəğbətsiz olmayınca, qəlblərinizə imanın şirinliyini dadmaq haramdır».
Allah Təala cəmi iman əhlini dünyanı vasitə kimi qəbul edənlərdən qərar versin!».

ÖZÜNƏ VƏ DİGƏRLƏRİNƏ ZÜLM ETMƏMƏK

Xütbənin növbəti hissəsində Hacı İlqar zülm etmək məfhumuna toxundu: «Çox vaxt insanlar haqq pozuntusunu, zülmü hansısa mücərrəd anlayışlar kimi qəbul etməyə meyllidirlər. Çoxları fərqinə varmır ki, böhtan, yalan, qonşunun haqqını pozmaq, qeybət, abır aparmaq, zina, qumar heç də rüşvət, yetim malı yemək, fitnə, ayrı-seçkilikdən zülm olaraq ayrılmır. Bunların bir ümumi cəhəti var: insan ya özünə, ya digərinə zülm edir, İlahi qanunlara qarşı çıxır. Fərd səviyyəsində, ailə, cəmiyyət, ölkə, dünya səviyyəsində olan zülmlər var. Və ictimai təsirindən asılı olaraq, onların fəsadı da və müvafiq olur və buna uyğun məsuliyyəti də olur. Bütün bunlar İlahi harmoniyanı pozan ədalətsizliklərdir. Və nəinki özünə, ya digərlərinə zülm edənlər, buna şərait yaradanlar da məsuliyyət daşıyacaqlar. Bununla bağlı Həzrət Rəsulullah (s) buyurmuşdur: «Qiyamət günü carçı car çəkər: «Haradadır zalımlar və onların köməkçiləri? Haradadır zalımların mürəkkəblərini dolduranlar, ya onların kisələrinin ağzını bağlayanlar, ya da onlar üçün qələmi mürəkkəbə batıranlar? Onların hamısını zalımlara birlikdə qəbirlərdən qaldırın!».
İnsan zülmü daxilində dəf etməlidir ki, digərlərini yaxşılıqlara dəvəti və pisliklərdən çəkindirməsi effektli olsun. Allah Təala cəmi insanları zülm əhli olmaq aqibətindən xilas etsin!»
Sonda məclis əhli dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-beytlə (ə) birgə olmaq üçün, insanların təkəbbürdən uzaq və təvazöyə meylli, gözəl əxlaqlı və mənəviyyatlı olması üçün, nemətləri dərk edən və axirət üçün azuqə toplayan olması üçün, Vətənin və ümmətin problemlərinin həlli, işğal altında olan torpaqların azad olması, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsi üçün cəmlə dualar etdilər.

Hazırladı: Əli Cəfər


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter