ALLAH TƏALANI TANIMAQ ÜÇÜN VASİTƏ OLAN HANSI NƏFSDİR?


(MƏRİFƏTİ-NƏFS)

Əxlaq alimləri nəfsin islahını və insan xoşbəxtliyini bu elmin son nailiyyəti hesab edirlər. Buna yetişmək üçün də yalnız bir yol vardır - özünüdərketmə. Buna görə də sizin diqqətinizi İslam nəzərindən bu mövzunun nə qədər əhəmiyyətli olmasına cəlb edirik.
Ancaq bəhsə başlamazdan əvvəl belə bir suala cavab vermək lazım gəlir: dərk olunması lazım olan, saflaşmanın başlanğıcı və Allah Təalanı tanımaq üçün vasitə olan hansı nəfsdir? Bəlkə bu, insanı mələklərdən üstün edən və «ruhullah» kimi mənalandırılan həmin İlahi nəfsdir? [1] Bəlkə bu, Allahın ona and içdiyi, günahı və təqvanı ona ilham etmiş olduğu nəfsi-mülhəmədir [2] (ilhamlandırılmış nəfs)? Həmin nəfs insanı pis yola çəkən nəfsi-əmmarə [3], fəsaddan, günahdan çəkindirən və təqvalıları danlayan nəfsi-ləvvamə [4], «Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!» - nidası ilə fəxr edilən nəfsi- mütməinnə [5], bəndəyə axirəti, ölümü xatırladan nəfsi-faniyə [6], insanı onun üzərində yaratdığı fitrətullah [7] da ola bilər.

Cavab:
Nəzərdə tutulan nəfs onların hamısıdır, yəni insan şəxsiyyətini formalaşdıran, onun mələkuti (insani) və nasuti (heyvani) mənşəyini cəmləşdirən, qeyb və şəhadət aləminə malik edən toplumdur. İnsan nəfsi öz mələkuti (insani) cəhətindən yuxarı mərtəbələrə doğru yüksələn zaman mütməinnə, raziyyə (razı), mərziyyə (razı salınmış) dərəcələrinə yetişən ilahi nəfsdir. O qədər ucalır ki, nəhayət «qabə qovseyni əv ədna» («iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu») dərəcəsinə müşərrəf olur. Qurani-Kərimdə buyurulduğu kimi:
«Sonra yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu» [8] («Nəcm» surəsi, ayə 8-9).
Nasuti (heyvani nəfs) cəhətdən o yerə qədər süqut edir ki, müqəddəs Kitabda bu barədə belə buyurulur: «Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər» («Əraf» surəsi, ayə 179).
Nəhayət, insan o qədər alçalır ki, Qurani-Məciddə rəzillərin rəzili adlandırılır: «Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!» («Tin» surəsi, ayə 5).
Xülasə, zahirdə kiçik olan bu toplum, o qədər böyük və genişdir ki, bütün kainatı özündə cəmləşdirir. Belə ki, Həzrət Əliyə (ə) nisbət verilən şerdə deyilir: «Sənin dərmanın öz vücudunda gizlənmişdir, ancaq sən başa düşmürsən. Xəstəliyinin mənşəyi də özündədir, lakin sən görmürsən. Belə fikirləşirsən ki, zəif bir məxluqsan? Halbuki vücudunda böyük bir dünya vardır. Sən o parlaq kitabsan ki, onun hərfləri ilə sirlər aşkar olur, buna əsasən, vücudunun dairəsindən kənar, taleyindən bir şey deməyə sənin ehtiyacın yoxdur» [9]
Bu geniş xitaba diqqət yetirməklə, açıq və gizli istedadlardan xəbərdar olub qəlbi saflaşdıraraq qeyblərin qeybini cilvə məzhəri etmək olar. Allah Təala buna dəlil olan ayədə buyurur:
«Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı» («Nəcm» surəsi, ayə 11).

Qeyd:
Burada bir mətləbi də qeyd etmək lazımdır ki, insanlar özləri də bilmədən bu mərifətdən - özünüdərketmədən az da olsa, faydalanırlar. Necə ki, Uca Yaradan Quranda buyurur:
«Batildən haqqa tapınaraq üzünü Allahın insanlara fitri olaraq verdiyi dinə tərəf tut» («Rum» surəsi, ayə 30).
İnsanların çoxu özləri də bilmədən ondan xəbərsizdirlər: «Lakin insanların əksəriyyəti (bunu) bilməz» («Əraf» surəsi, ayə 187 və başqa ayələr).
Yəni, insanların əksəriyyəti öz vicdanlarından və fitri hissiyatlarından xəbərsizdirlər. Aydındır ki, məsuliyyətin mövzusu - mükafatın və cəzanın mənşəyi ilə geniş tanışlıqdır. Başqa sözlə desək, mühüm olan məsələ - bu yolda ayıqlıqla addım atmaq və özünü özündə tapmaqdır. Beləliklə, Allahı dərk etmək üçün ilahi və insani məsuliyyətlərə çıxış tapmalısan. Bu, bir növ məharətdir ki, ayə və rəvayətlərdə onu əldə etmək təkid olunmuş, ondan xəbərsiz yaşamaq isə, ziyana səbəb hesab edilmişdir. Mərifət və elmlə birgə həyata keçirilən ibadət qəbul olunmuş və faydalı sayılır. İnsana və ağıl sahibi olan məxluqlara məxsus ibadət budur, lakin Allahın buyurduğu kimi təkvini (yəni təbii) ibadət bütün şeylərdə vardır:
«Göylərdə və yerdə hər nə varsa, Allaha səcdə edir» («Nəhl» surəsi, ayə 49).
«Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız» («İsra» surəsi, ayə 44).

Özünüdərketmə barədə rəvayətlər

Xatırladığımız kimi, özünüdərketmənin əhəmiyyəti barədə Peyğəmbər (s) və məsum İmamlardan (ə) maraqlı və ibrətamiz hədislər nəql olunmuşdur. Onlardan bəzisini nəzərinizə çatdırırıq:
İslam Peyğəmbəri (s) buyurur: «Kim özünü dərk etsə, Allahı dərk etmişdir» [10].
Həzrət Əli (ə) buyurur: «Ən üstün dərketmə - özünüdərketmədir» [11].
İncildə Allah Təala belə buyurur: «Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan».
Dərketmə barədə hərə bir yol seçmişdir. Məsələn, filosoflar fəlsəfi və əqli dəlillərlə mərifət meydanına qədəm qoyaraq, onun bəzi mərhələlərinə çıxış yolu tapmış, psixoloqlar təcrübələrlə onun bir neçə cəhəti ilə tanış olmuş, ariflər riyazət (məcburi surətdə özünü bir işə vadaretmə) və mükaşifətlə (ali dərəcələrə yüksəlib həqiqətləri kəşfetmə) bəzi həqiqətləri aşkarlamış, zahidlər və abidlər pəhriz və ibadətlə müəyyən dərəcələrə yüksəlmiş, mücahid və fədailər fədakarlıq və cihad etməklə ali mərtəbələrə yetişmiş, saleh əməllilər isə Allah bəndələrinə xidmət etməklə təqərrüb (Allah dərgahına yaxınolma) və mərifət vadisinə qədəm qoymuşlar. Xülasə, hərə bir yolla öz itirdiyini axtarır, ona qovuşmaq istəyir. Qurani-Kərimdə buyrulur: «Kimə hikmət bəxş etmişsə, ona çoxlu xeyir (əbədi səadət) vermişdir» («Bəqərə» surəsi, ayə 269).
Həzrət Əli (ə) buyurur: «Hikmət (hər bir şeyi olduğu kimi dərketmə) və mərifət möminin axtardığı itkidir» [12].
İslam Peyğəmbərindən (s) belə nəql olunur: «Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır» [13].
Yuxarıda qeyd etdiyimiz hədis eyni məzmunda başqa bir ifadə ilə o Həzrətdən (s) nəql olunmuşdur [14].
Nəhayət, Əmirəlmöminin Əli (ə) bu yola qədəm qoymayanları və özünüdərketmə üçün çalışmayanları qəti həlak olmuşlardan hesab edərək buyurur: «Kim özünü dəyərləndirməsə, həlak olacaqdır» [15].
Başqa bir yerdə isə özünüdərketməyə məhəl qoymamağın nəticəsini zəlalət və azğınlıq hesab edərək buyurur: «Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar» [16].
Buna görə də hər kim mərifətə yetişmək üçün heç bir cəhd göstərməyib ona məhəl qoymazsa, o özünü düzgün qiymətləndirməmiş, bu yüksək məqamını ucuz satmışdır. Əmirəlmöminin Əli (ə) özünüdərketməni mərifətlərin ən üstünü hesab edərək buyurur: «Mərifətlərin ən üstünü insanın özünü dərk etməsidir» [17].
O zaman öz təəccübünü mərifət ardınca getməyən şəxslərə belə izhar edir: «Təəccüb edirəm o şəxsə ki, nəfsini itirib, amma onu axtarmır, həyatda başqa bir şeyin ardınca isə gəzir» [18].
Həmçinin yenə buyurur: «Özünü tanımayan şəxs Allahını necə tanıyar?!» [19].


İZAHLAR:

[1]. Burada «Səcdə» surəsinin 9-cu ayəsinə işarə olunur: «Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan (Özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi)». Başqa bir surədə buyurur: «Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!» («Hicr» surəsi, ayə 29);
[2]. «Şəms» surəsinin 7 və 8-ci ayələrinə işarədir: «And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə»;
[3]. «Yusif» surəsinin 53-cü ayəsinə işarədir: «Mən özümü təmizə çıxarmıram, Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər»;
[4]. «Qiyamət» surəsinin 1 və 2-ci ayələrinə işarədir: «And içirəm qiyamət gününə; And içirəm özünü qınayan nəfsə!»;
[5]. «Fəcr» surəsinin 27-30-cu ayələrinə işarədir: «Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! Əməlisaleh bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) cənnətimə varid ol!»;
[6]. «Ali-İmran» surəsinin 185-ci ayəsinə işarədir: «Hər bir kəs ölümü dadacaqdır!»;
[7]. «Rum» surəsinin 30-cu ayəsinə işarədir: «Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut»;
[8]. Bu təbir yaxınlıq dərəcəsini başa salmaq üçün belə təşbih olunmuşdur, yoxsa Allah Təala laməkandır, Onun məkanı yoxdur;
[9]. Həzrət Əliyə (ə) mənsub divan. Təbriz, daş çapı , 1270-ci il, səh. 39;
[10]. «Məhəccətül-beyza» Ic., səh. 68; «Əlcəvahirüs-sənəviyyə», Hindistan çapı 1302-ci il, səh. 93. Bu rəvayət eyni ibarə ilə ibn Əbil Hədidin «Şərhi-nəhcül-bəlağə»sində (Misir çapı XXc., səh. 292); «Qürər»in mündəricatında (səh. 387, ? 7946) azca fərqlə Həzrət Əlidən (ə) nəql olunmuşdur. Bəzi alimlər bu hədisi təfsir (izah) edərkən xətaya uğramışlar. Onların izahına görə, guya Peyğəmbərin (s) hədisdən məqsədi budur ki, nəfsi dərk etmək qeyri-mümkün olduğu kimi, eləcə də Allahı dərk etmək qeyri-mümkündür. Amma bu barədə dəfələrlə nəql olunmuş hədislərə diqqət yetirdikdə bu məfhumun səhv bir fikir olması tamamilə aydınlaşır. Məsələn, «Allahı dərk etmək üçün özünü dərk etməlisən», «Sizlərdən Rəbbini ən yaxşı tanıyan özünü ən yaxşı tanıyandır» hədisləri bunun yanlış fikir olduğunu açıq-aşkar göstərir;
[11]. «Qürər»in mündəricatı, səh. 387, ? 2935;
[12]. «Nəhcül-bəlağə» (Feyzül İslam), 77-ci hikmət;
[13]. «Əlcəvahirüs-sənəviyyə», Hindistan çapı, 1302-ci il, səh. 94;
[14]. Seyyid Rəzi «Əmali» IIc., səh. 329;
[15]. «Nəhcül-bəlağə», (Sübhi Salehi) hikmət, ? 149;
[16]. «Qürər»in fəslə görə mündəricatı, səh. 387;
[17]. Həmin mənbə, səh. 387;
[18]. «Qürər»in fəslə görə mündəricatı, səh. 212;
[19]. Həmin mənbə, səh. 387.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter