Necə kamil olaq?
Yazıya Məsum İmamlarımızdan, İmam Sadiqin (Ona salam olsun!) hikmətli kəlamlarıyla başlamaq istəyirəm. O həzrət buyurmuşdur:
\"Camaatı dininizlə deyil, əməlinizlə moizə edin. Əgər insanlar sizin əməlinizdə təqva və çalışqanlıq, namaz və xeyir əməllər görsələr, bu, ən gözəl dəvət və moizədir. Sual oluna bilər ki, bunun üçün nə etmək gərəkdir və insan həmişə nəyi xatırlamalıdır?
Quran ayələrinə və hədislərə əsasən, bir neçə şey həmişə insanın yadında olmalıdır;
1.İnsan yadda saxlamalıdır ki, onun bütün əməllərinə Allah, Peyğəmbər (Allahın salamı olsun Ona və pak əhli beytinə!), İmamlar (Onlara salam olsun!), hətta xanım Fatimeyi Zehra (Allahın salamı olsun Ona!) nəzarət edir. Əgər insan onun əməllərinə nəzarət edənlərin olduğunu başa düşüb yadında saxlasa, xəcalət çəkib günah etməkdən çəkinər.
2. İnsan həmişə bilməli və xatırlamalıdır ki, Alllah tərəfinden təyin edilmiş mələklər onunladır. Hətta insanın ağzından çıxan hər bir kəlməni belə onlar qeyd edirlər. İnsanlar onlar tərəfindən gecə-gündüz nəzarət olunurlar. Gecənin mələkləri gəlir və gündüz nəzarət edən mələklər yazdıqlarını onlara təhvil verib gedirlər, eləcə də əksinə, sübh azanında o mələklər dəyişir. Qiyamət günü onların hamısı insanın bütün əməllərinə şahidlik edəcəklər.
3.İnsan həmişə xatırlayıb başa düşməlidir ki, bu dünyanın özü insanın əməllərinə şahidlik edəcək. Dünya bütün əşyaları ilə birlikdə insanların əməllərinə şahidlik edəcək. Onların hamısı Allaha təsbih deyirlər.
4. Qiyamət günü insanin butun bədən üzvləri onun əleyhinə şəhadət verəcəklər.
Qiyamət günü hətta cənnətin nemətləri, cəhənnəmin atəşi belə dilə gəlib danışacaq. Hətta insanın öz dərisi belə onun əleyhinə şahidlik edəcək. Cəhənnəmdə olanlar etdikləri əməlləri inkar edən zaman onların ağızlarına möhür vurulacaq və bədən üzvləri dilə gələcək. Yasin surəsinin 65-ci ayəsində buyurulmuşdur: \"Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqlar ilə etdikləri əməllər barədə şahidlik edərlər \"
Xoş o insanların halına ki, onların ayaqları, əlləri və bütün bədən üzvləri nuraniyyətlə Qiyamətə daxil olacaqlar. Xoş o insanların halına ki, əbədiyyətlərini bu dünyanın fani və ötüb keçən həyatına satmadılar. Ənəs ibn Malik deyir: \"Bir gün Həzrət Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) buyurdu: \"Sizə peyğəmbər və şəhid olmayan, lakin Qiyamət günü peyğəmbərlər və şəhidlərin, onların məqamlarına həsrətlə baxacaqları kəslər barədə xəbər vərimmi? \" Səhabələr dedilər:\"Ya Rəsulallah, onlar kimlərdir?\" Həzrət buyurdu: \"Onlar Allahdan uzaq düşən bəndələrin əlindən tutub (onları) Allahla dost edərək Onun sevimli bəndəsinə çevirən və Allahı da onların yanında sevimli edən kəslərdir. Onlar yer üzündə gəzən ən xeyirxah insanlardır.\" (Onlar hamının xeyrini istəyər və heç kəsin ziyana düşməsini istəməzlər)\" Soruşdular: \"Ya Rəsulallah! Allahın bəndələrini onun yanında sevimli edən kəslərin kim olduğunun mənasını başa düşdük. Bəs onları Allahın yanında necə sevimli etmək olar? Həzrət buyurdu: \"Onlara Allahın məhəbbətini (Allaha itaət etməyi) əmr edir və onları Allahın acığı gəldiyi işlərdən çəkindirirlər. Allaha itaət etdikdə, Allah onları sevir və məhəbbət bəsləyir \" İmam Sadiq (Ona salam olsun!) buyurur: \" Allahı sevən insanın nişanəsi budur ki, Onu ata-anasından, övladından, əhli-əyalından, malından və bütün insanlardan çox sevsin\"
Bəli, biz insanların yaradılmasında ilahi məqsədin həqiqətdə nə olduğunu dərk etmirik. Düzdür, bilirik ki, insanın yaranmasında məqsəd onun mütləq təkamülə yetməsidir. Məhz təkamülə yetmis insanlar behiştdə yaşamağa layiqdirler. Təkamülə yetmiş insan dedikdə kamil mömin nəzərdə tutulur. Kamil Mömin olmaq üçün isə insan qəlbini müalicə etməlidir. Kamilliyin son mərtəbəsi Allahda fani olmaqdır. Bu mərtəbəyə yalnız sağlam qəlblə çatmaq olar. Qəlbi sağlamlaşdırmaq üçün isə insan özünə ciddi nəzarət etməlidir. Çünki insanın ruhu müxtəlif pərdələrlə əhatə olunmuşdur. Bu pərdələrin qaldırılması insanın Allaha doğru ucalmasına səbəb olur. İman əhli zülmət pərdələrdən sonra da pərdə və hicablardan tam qurtulmuş olmurlar. Onlar nur aləminə daxil olurlar, bu aləmdə onları nurani pərdələr gözləyir. Allah dostları bütün ömrü boyu bu müxtəlif xüsusiyyətli pərdələri qaldırmaq üçün çalışırlar. Bu pərdələri yalnız tam bəndəciliklə aradan qaldırmaq olar. Nurani hicablar batili əks etdirməz. Bu nur pərdələri həqiqətdə insanın ruhunun mərtəbələrindəndir. Yəni bu pərdələr ruhda qərar tutur. İnsanın bu nur pərdələrini yarıb irəliləməsi əslində öz ruhunun mərhələlərində irəliləməsi deməkdir. Nur pərdələri haqqa çox yaxın olduğundan onların hər biri öz qabiliyyəti və tutduğu mənzil səviyyəsində haqqın güzgüsüdürlər. Beləliklə, kamilliyə çatmağın yolu bunları dərk etməklə addım atıb əmələ başlamaqdır. Allah bizlərə bu yolda müvəffəqiyyət nəsib etsin, inşa Allah.
Necə deyərlər, gözəl bir kəlam var: \"Gərək Haqq və Hidayət müştərisi olasan ki, Mənəviyyat satıcıları sənə tərəf gəlsinlər\"