“Şəhİdlər sağdırlar” nə deməkdİr?
Bərzəx aləmindəki həyat bütün insanlara aid olsa da, ancaq Allah yolunda şəhid olanlar bu aləmin ən ali mərtəbəsində qərar tuturlar. Onlar dünya əhlindən xəbərdar olurlar.
Allah buyurur: “Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. (“Bəqərə” 154). “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. (“Ali-İmran” 169).
“Şəhidlər sağdırlar” ayəsinin mənası bu deyil ki, onların cismi sağdır. Onların da bədənləri başqa insanların bədənləri kimi aradan gedir. Bəs “şəhidlər sağdırlar” dedikdə Quran ayəsi nəyi nəzərdə tuturdu? Bir neçə nəzəriyyə vardır ki, onlardan bəzilərinə işarə edək:
1. Şəhidlərin həyatı dedikdə həqiqi həyat nəzərdə tutulmur. Bəlkə cavidan olan onların adıdır. Onların xatirəsi insanların və cəmiyyətin arasında həmişəlik yadigar qalır. Baxmayaraq ki, bu nəzəriyyə maddiyyatçıların nəzəriyyəsidir, ancaq bəzi təfsirçilər bu fikirləri təfsirlərində bəyan etmişdilər.
Mərhum Əllamə Təbatəbai bu nəzəriyyəyə bir neçə irad tutmuşdur. Belə ki, bu Quran ayələrində Allah Təala: “Lakin siz dərk etmirsiniz” kəlmələrini buyurur ki, əgər gözəl ad olsaydı, onda hamı dərk edə bilərdi. İkincisi budur ki, şəhidlərə verilən ruzi bəyan edilmişdir. Bu da həqiqi həyata aid olan bir şeydir və yaxşı adın qalması kimi bir şey deyildir. Nəticədə onların bu nəzəriyyəsinin mənası yoxdur və isbat ediləsi bir nəzəriyyə deyildir.
2. Bəzi təfsirçilər şəhidlərin bu həyatını qeyb və xüsusi bir dünya həyatı kimi bəyan edirlər. Bu təfsirçilər ancaq Bədr və Ühüd döyüşünün şəhidlərinin belə yaşadığını söyləyirlər.
3. Burada bərzəx həyatı nəzərdə tutulur. Ruhlar öləndən sonra bu aləmdə yaşayırlar və maddi bir həyat deyildir. Bərzəx aləmi həmin qəbir həyatıdır. Ölülər Qiyamətə qədər orada qalacaqlar.
İnsan bu həyatı hiss orqanları ilə dərk edə bilməz. Çünki insanın hiss orqanları o biri aləmi dərk etməkdə acizdir. Bu nəzəriyyəni Əllamə Təbatəbai qəbul etmişdir. Ancaq bir irad tutmuşdur. Əgər ayədə deyilənlərin mənası ölümdən sonra bərzəx aləmidirsə, onu şəhidlərə nisbət vermək yersiz olardı. Çünki bütün insanlar öləndən sonra bərzəx aləminə daxil olarlar. Bütün insanlar öləndən sonra o aləmdə diridirlər. Öz əməllərinə görə də mükafatlandırılır və ya cəzalandırılırlar. Bu xüsusda demək olar ki, baxmayaraq ki, bərzəx həyatı bütün insanlara aiddir, ancaq o kəslər ki, Allah yolunda şəhid olublar, bu həyatın ən ali mərtəbəsindən bəhrələnirlər.
Allah Təala sonrakı ayədə buyurur: “(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar”. (“Ali-İmran” 170). Allah bu ayədə dünyadakı dostlarının halından xəbərdar olmaqlarını və onlardan üstünlük təşkil etdiklərini vurgulayır. Belə ki, göründüyü kimi Allah şəhidlərə axirət həyatının ən ali dərəcəsini əta etmişdir. Bunu da qeyd etmək lazımdır ki, bütün şəhidlər bir mərtəbədə və dərəcədə olmurlar. Onların cihadlarından və ixlaslarından asılı olaraq, bu dərəcələr fərqlidir. Ona görə də Seyyidi-Şühədanın (ə) və Əbilfəzl Abbasın (ə) məqamı daha ucadır. Onlar bu aləmin ən ali dərəcəsinə malikdilrər və hamıdan daha əşrəfdirlər.
Onu da qeyd etmək lazımdır ki, axirət aləminin ən ali dərəcəsindən Peyğəmbərlər (ə), övliyalar və rəbbani alimlər də bəhrələnirlər. Ola bilsin ki, hətta alimlərin məqamı şəhidlərin məqamında da üstün olsun. “Buharul-ənvar”da belə bir hədis vardır: “O zaman ki, Qiyamət günü olar, Allah bütün insanları bir yerdə toplayacaqdır. Onların əməllərini ölçməyə başlayacaqdır. Şəhidlərin qanı ilə alimlərin qələmini müqayisə edəcəkdir. Alimlərin qələmi daha ağır olacaqdır. Belə ki, alimlərin qələminin fəziləti daha çoxdur. Nəticədə bu cür alimlər adi şəhidlərdən daha üstün məqama malik olacaqlar. (Yəni, İmam Hüseyn (ə) və onun kimi şəhidlərdən deyil)”. (Tebyan/ Deyerler.org)