Günahkarın axİrətdə nİyə bəhanəsi yoxdur?
İmam Əli (ə) buyurur: “İnsan gərək nəsihəti qəbul etsin. Qiyamət çatmamışdan əvvəl dindar olsun. Günlərin qısalığını düşünsün. Bu dünyada az qalacağına nəzər salsın və onu daha yaxşı mənzilə dəyişdirməsin. Xoş olsun o insana ki, qəlbi salimdir. Hidayət edən Allaha itaət edər və şeytandan uzaq olar. İlahi insanların yol göstərməsi nəticəsində salamata çatar, Hidayət edəninə itaət edər, qapılar bağlanmamış və vasitələr kəsilməmiş xilas yoluna tələsər. Tövbə qapısını açar, günahları aradan aparar. Bu cür insan düz yolda dayanmış və Haqq yola hidayət olmuşdur”.
İmam Əlinin (ə) bu nurani sözlərindən görmək olur ki, insan hələ ki, sağdır, hələ ki, qan damarlarında cərəyan edir, ömründən ən yaxşı şəkildə bəhrələnməlidir. Məsum İmamların (ə) tövsiylərinə qulaq asaraq, Haqq və ədalət yoluna addım atmalıdır. Bu cür əbədi xoşbəxtliyə çatar.
Əgər o insanın ki, əməl dəftəri başdan-ayağa günahla doludursa, tez bir zamanda onu pak etməyə çalışmalıdır. Onu pak edən şəfaverici su isə tövbədir. Qəlb səhifənizin çirkini tövbə ilə yuyub təmizləyin.
İnsan bunu yaxşı bilməlidir ki, hansı şəraitdə və harada olursa-olsun, hər an tövbə etməyə qadirdir və onun üçün Haqq yoluna qayıdış qapıları açıqdır. İnsan tövbə edərsə, Allah Təala onun bu əməli qarşılığında onu ağuşuna basar və tövbəsini qəbul edərək, günahlarının üzərindən əfv qələmi çəkər. Mehr və məhəbbət dənizindən onu da bəhrələndirər.
Allah Təala öz nirani kəlamlarında bu həqiqətə işarə edərək, buyurmuşdur: “De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!” (“Zumər” 53).
Abduləla Mula adlı bir nəfər İmam Sadiqdən (ə) nəql edir: “İmamdan (ə) eşitmişəm ki, buyurub: “Qiyamət günü gözəlliyinə görə dünyada fitnəyə düçar olan bir qadını İlahi məhkəməyə gətirəcəklər. O qadın deyəcəkdir: “Pərvərdigara! Sən məni gözəl xəlq etmisən və ona görə də bu gözəlliyimə görə belə olmuşdur”. Bu zaman Həzrət Məryəmi (s.ə) gətirəcəklər və onun cavabında deyəcəklər: “Sən gözəlsən, yoxsa Məryəm? Biz Məryəmi gözəl yaratmışıq, ancaq o, özünü fitnədən qoruyub”. Bu zaman gözəl simalı bir cavanı gətirəcəklər ki, dünyada olan zaman gözəlliyi günaha və fitnəyə düçar olmuşdur. O, deyər: “Allahım! Məni gözəl yaratmısan və qadınlardan gördüyümü görmüşəm”. Bu zaman Yusifi (ə) gətirərlər, o cavana belə cavab verərlər: “Sən gözəlsən, yoxsa Yusif? Ancaq o, gözəlliyinə görə fitnəyə düçar olmadı”. Bəlaya düçar olub səbir etməyəni gətirəcəklər ki, deyəcək: “Allahım! Bəlanı mənə nazil etdin və mən də taqətimi əldən verdim. Fitnəyə düçar oldum”. Bu zaman Həzrət Eyyubu (ə) gətirəcəklər və onun cavabında deyəcəklər: “Sənin bəlan şiddətli idi, yoxsa Eyyubun? O, bəlaya düçar oldu, ancaq fitnəyə düçar olmadı”.
Ona görə də deyə bilərik ki, günahkar insan işlətdiyi hər bir səhvə görə üzrlü deyildir və bəhanəsi ola bilməz. Eyni zamanda tövbə qüdrətinə malik olmadığını da iddia edə bilməz. Çünki hər kim ki, günah işlətməyə qadirdir, tövbə etməyə də qadir olmalıdır.
Fironun arvadı olan Asiyanın tövbəsi heç də asan bir tövbə deyildi. O, bilirdi ki, bu tövbəsi ilə bu dünyasını əldən verəcək və işgəncələrə məruz qalacaqdır. Ancaq bütün bunlara baxmayaraq, o, tövbə edir. Firon Asiyanın haqq yolunda olduğunu görən zaman çox əsəbləşir və onu bu yoldan çevirməyə cəhd edir. Ancaq alınmayanda ona işgəncə verilməyini əmr edir. Bu gözəl xanıma dörd mıx vururlar, sonra ona şiddətli işgəncələr verirlər. Sonra yüksək bir yerdən böyük bir daşı onun üzərinə atırlar. Ancaq Asiya Allaha xatir və axirət səadətinə xatır səbir edir və dözür. O, bu vəhşi işləgəncələr altında təslim olmur. Asiyanın tövbə hekayəsi hamımız üçün bir ibrət olmalıdır.
Həzrət Peyğəmbər (s) onun haqqında belə buyurub: “Behişt dörd qadının müştağıdır. İmranın qızı Məryəm (s.ə), Fironun arvadı Asiya( s.ə), Peyğəmbərin (s) dünya və axirət xanımı Xədicənin (s.ə) və Muhəmməd Mustafanın (s) qızı Həzrət Fatimənin (s.ə)”.
Ona görə də günahkarın tövbə etməsi üçün heç bir bəhanəsi qalmır. Hələ ki, fürsət var, bu haqda düşünək.