Yatmaqdan öncə hansı surələrİ oxuyaq?
Yatağa getməmişdən qabaq Quran tilavət etmək qəlbə rahatlıq gətirər. Hədislərdə də bəzi surələrin yatmazdan əvvəl tilavət edilməsi tövsiyə edilmişdir.
Həzrət Peyğəmbərdən (s) nəql edilən hədisdə oxuyuruq ki, Peyğəmbər (s) də bu cür edərmiş və yatmamışdan qabaq “Musbihat”ı oxuyarmış. Bəzi təfsirçilər bu surənin “Həşr” surəsi olduğunu ehtimal verirlər. Ancaq bu, təsdiq edilməmişdir.
Müasir dövrün problemləri o qədər artmışdır ki, insanlar rahatlıq tapmaq üçün vasitə axtarırlar. Ancaq ruha rahatlıq gətirə bilən tək mənbə - Allahı yada salmaqdır. Allah buyurur: “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).
Axşamüstü Quran oxumağın xüsusi fəziləti vardır. İmam Baqir (ə) buyurur: “Hər kim yatmamışdan qabaq “Musbihat”ı oxuyar, Həzrət Məhdini (ə) dərk etmədən dünyada getməz. Əgər dünyadan getsə, o biri dünyada Peyğəmbərin (s) qonşusu olar”.
Musbihat surələrə yeddi surəni daxil edirlər: “İsra”, “Hədid”, “Həşr”, “Səf”, “Cümə”, “Təğabun”, “Əla”. Bəzi təfsirçilər Musbihatın son altı surə olduğunu iddia edirlər.
Beləliklə deyə bilərik ki, əgər yuxarıda sayılan bu yeddi surənin hamısını oxumaq çətindirsə, çalışın ki, “Həşr” surəsini yatmazdan əvvəl tilavət edəsiniz, çünki bu surəni oxumaq çox tövsiyə edilmişdir.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini oxuyarsa, bütün behişt, cəhənnəm, ərş, kürsü, hicab, yeddi səma və yer, küləklər, quşlar, ağaclar, günəş, ay, mələklərin hamısı ona rəhmət göndərər.
Onun üçün istiğfar edər, əgər o günü və ya o gecə ölərsə, şəhid ölmüşdür”.
Həmçinin İmam Sadiq (ə) buyurur: “Hər kim “Rəhman” və “Həşr” surəsini gün batan zaman oxuyarsa, Allah çılpaq qılınclı mələyi evini hifz etməsi üçün məmur edər”.
Musbihat surələri dedikdə “Yusəbbihallah” ilə başlayan surələr nəzərdə tutulur, yəni Allahın təsbihi ilə başlayan surələr. Bəs bu təsbihin mənası nədir?
Təsbih, yəni Allahı pak və qüsursuz bilməkdir. “Hədid” surəsinin əvvəlində belə deyilir: “Göylərdə və yerdə nə varsa (canlı və cansız varlıqların hamısı, hər biri öz dilində) Allahı pak sifətlərlə mədh edir. O, yenilməz qüdrət və (xilqət və idarəetmədə) möhkəm yaradılış sahibidir”. (“Hədid” 1).
Təsbih dedikdə yəni hər nə ki, yerdə və göydədir həqiqi təsbihdir, məcazi deyildir. Allah başqa yerdə buyurur: “Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək, Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi, sonradan yaranması Onun qədimliyinə, elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir). Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən O həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır)”. (“İsra” 44).
Bu ayədən göründüyü kimi, bu təsbih - həqiqi təsbihdir. Ona görə də deyə bilərik ki, hər bir aqil və aqil olmayan canlıların hamısı öz dilində Allahı təsbih edərlər, istər onu dərk edə bilək, istərsə də yox.