İnsan nİyə Allahdan uzaq düşür?


Allah Təala buyurur: “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).
Allahın istədiyi bəndə olmaq üçün vacibatların rolu böyükdür. Ən mühüm amil budur ki, insan dinə uyğun gəlməyən istəklərindən keçir. Allahın iradə və istəyini özünə hakim edir. Xüsusilə də vacibatlarda, haramı tərk etməkdə. İnsan əgər günahı tərk edərsə, istədiyi məqama çata bilər.
Müstəhəb əməllərin də rolu mühümdür. Ancaq insan vacibatını yerinə yetirməmiş müstəhəbbi etməməlidir. Çünki bu zaman həqiqi təsir qoymayacaqdır. Müstəhəb əməli edən zaman vacibatı hədər etmək olmaz. Çox təəsüf ki, bizi əhatə edən dünya nəinki bizə Allahı xatırladır və vəzifələrimizi öyrədir, əksinə bizi qəflətə salır. İlk növbədə nə qədər bacarırıqsa, mühitimizi dəyişdirməliyik. Bu da yaxşı dostlar və mömin mühitlərə gedib-gəlməklə mümkündür.
Bizlərin çoxu qəflətə düçar oluruq. O zaman ki, qəflət pərdəsi bizi əhatə edir, həqiqətləri bir daha görə bilmirik. Bir daha Allahın isti qucağını hiss edə bilmirik. Nə qədər acı olar ki, Allah dua şirinliyini bizdən alar. Mən və sən bilirsən ki, bu yol deyildir.
Getdiyimiz yol yanlış yoldur. Çünki indi getdiyimiz yol bizi şeytana aparır. Ancaq məgər mən və sən şeytanın qulu olmaq istəyirikmi? Məgər Allahın haqqı budur ki, şeytanın dalınca getməliyik? Bu qəlbləri yumaq lazımdır.
Dini əhkamlar bizi bu qəflətdən çıxmağa dəvət edir. Qəbiristana getmək, ölülərə qüsl verən yerə getmək kimi. İnanın ki, insan bu şoku bəzən hiss etməlidir ki, yuxudan ayılsın.
Mən və sən gərək gələcəyimizi quraq. Bizim gələcəyimiz bu bir neçə gün deyildir. Bizim gələcəyimiz bəlkə milyard illərdir ki, axirətdə keçirəcəyik.
Bu dünya gələr və gedər, necə ki, indiyə qədər gəlib getmişdir.
Tarixə bir nəzər salaq. Bu zaman görərik ki, o kəslər nicat tapıblar ki, Allaha pənah aparıblar. Qəflətdən oyanıblar.
Gəlin, özümüzə bu əsirlikdən nicat verək. İlk növbədə bu qəflət pərdəsini cırmaq lazımdır. Bu zaman yaralanmış ruhumuz uça biləcəkdir.
Şeytanın hiylsindən biri budur ki, imanımızı zəiflətmək istəyir. Bunun üçün hər vasitəyə əl atır. İmanı gücləndirmək yolunda yavaş-yavaş, tələsmədən hərəkət etmək lazımdır. Bu zaman ruhumuz vacibatları yerinə yetirməkdə heç nəyi əsirgəməz. Müstəhəbləri o zaman etməlidir ki, onlardan ləzzət alar.
İnsan vacibatları yerinə yetirən zaman və haramı tərk edəndə səmimi olmalıdır. Allaha elə dua etməlisən ki, qəlbinin dərinliklərindən gəlsin. Deməlisən ki: “Allahım! Səndən Kərimini və mehribanını tanımıram”. Allahın qarşısında acizliyini bildirmək imanı gücləndirər.
Bu sözləri deyərək, imanın artmağını hiss edək. Şeytanı özümüzdən uzaqlaşdıraq.
Bu yolda Əhli-beytdən (ə) kömək diləməliyik. Xüsusilə də İmam Zaman ağadan (ə.f).
Bəzi amillər bizi Allahdan uzaqlaşdırar:
1. Şəhvətlə dostluq. “O kəs ki, dünya şəhvəti ilə dostluq edər, onun qəlbi Allahı yada salmaqdan həya edər”.
2. Uzun arzular. Allah Həzrət Musaya buyurur: “Ey Musa! Dünyada arzunu uzun etmə ki, qəlb daşlaşar”.
3. Haram əhli olan dostlarla oturub-durmaq.
4. Əxlaqsız sözlər eşitmək. İstər musiqidə olsun, istərsə də əxlaqsız məclislərdə.
5. İmam Sadiq (ə) buyurur: “Allah-Təala Musaya vəhy göndərir: “Ey Musa! Malın çoxluğundan sevinmə. Məni yada salmağı heç bir halda yaddan çıxartma. Çünki malın çoxluğu adətən günahı yaddan çıxartmağa səbəb olar. Məni yada salmağı tərk etmək qəlbi daşlaşdırar”.
Hələ ki, fürsətimiz var, qəflətdən ayılaq və imanımızı gücləndirək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter