Necə edək kİ, namazdan daha çox bəhrələnək?
Namaz İslam dininin ən əsas və mühüm ibadətlərindən biridir ki, insan onun vasitəsilə mənəvi seyr edir. Əgər insanın namazı islah olmazsa, qalan işləri də islah olmaz.
Namazın zahiri və əhkamı hökmləri ilə yanaşı, bəzi sirləri də vardır ki, onlarla tanış olan zaman namazın həqiqətlərini daha yaxşı dərk edirik. Bu zaman insan qəlbini Allaha daha yaxşı verə bilir.
Bəs nə edək ki, namazdan daha çox bəhrələnə bilək?
1. Namaz qılan bilməlidir ki, özünə məxsus heç bir şeyi yoxdur. Allahın əzəmətini və bəndənin zəlilliyini dərk etməlidir. Namazda riayət etməli olduğumuz məsələlərdən biri də budur ki, insan Kimin qarşında dayandığını və Kimə baş əydiyini dərk etməlidir. İnsan bilməlidir ki, hər nəyi varsa, Allahdandır və onun özünə məxsus bir şeyi yoxdur. İnsan nəfsinin əsiri olan halda, necə meraca seyrə gedə bilər ki?
2. İtaətkarlıq.
İtaətkarlıq qəlb sevigisi və qorxusu ilə bir yerdə olar. Quran buyurur ki, namazqılanda bu itaətkarlıq olmalıdır. “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 1-2).
Həzrət Peyğəmbər (s) namazda dayanıb saqqalı ilə oynayan kişiyə işarə edərək buyurmuşdur: “Əgər qəlbi itaətkar olsaydı, əzaları da itaət edərdi”.
İtaətkar insan qarşı tərəfə görə həmişə qorxu içində olar, qarşısında dayananda bədəni tərpənməz, qorxudan hərəkətsiz qalar. Başını aşağı salar. O tərəf və bu tərəfə baxmaz. Çünki qarşı tərəfi özündən çox böyük hesab edər, qüdrətli hesab edər.
Bəs bu itaəti necə əldə edə bilərik?
Bu itaəti əldə etmək üçün insanın ilk növbədə elmi agahlığı olmalıdır. Haqqın Cəlal və Camal sifətləri ilə tanışlığı olmalıdır. Bilməlidir ki, Allah kimdir və Onun Cəlal və Camal sifətləri hansıdır. Sonra bu bildiklərini qəlbinə daxil etməlidir ki, imana çevrilsin. Bəlkə bundan sonra insan itaətkar olmağa müvəffəq ola biləcəkdir. Zehnində bunları toplamaq, amma qəlbə nüfuz etdirməmək ona itaətkar olmaqda yardımçı olmaycaqdır.
3. Təmkin.
Üçüncü məsələ - təmkinli olmaqdır. Yəni insan qəlbi aram olmalıdır. Qəlb əgər aram olarsa, dediklərini dərk edər. Əgər aram olmazsa, iztirabda və təşvişdə olarsa, ibadətin faydası olmaz. İbadət o zaman faydalı olar ki, qəlb sakit olsun. İztirab bəndənin Məşuqu ilə rabitəsinə mane olar. “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!”. (“Fəcr” 27-28).
Əgər bu cür iztirablar bizə də əziyyət verirsə, ağıl yerinə bədənimizə xəyal qüvvəsi rəhbərlik edirsə, qəzəb və başqa qüvvələr cismimizə hakimdirsə, bu cür qəlbin diqqəti olmaz ki! Bu cür qəlb Allaha necə diqqət edə bilər ki?!
İnsan ilk növbədə bunları sakitləşdirməlidir ki, sonra meraca gedə bilsin. İmam Sadiq (ə) buyurur: “Qəlbini dilinin qibləsi qərar ver. Dilini ancaq qəlbinin işarəsi ilə tərpət. Dil gərək iman meyarları və iman imzası ilə tərpənsin. Dil gərək ağıl ilə bir yerdə hərəkət etsin”.
Yəni, insan əgər çənəsini və dilini tərpətmək istəyirsə, gərək ağlın sayəsində hərəkət etdirsin. O kəs ki, ağlını dilinə hakim etmir, dediyi hər sözə görə məsuliyyət daşıyar.
Ona görə də əgər namazımızın faydalı olmasını istəyiriksə, ilk növbədə özümüzü tanımalıyıq, Allahı tanımalıyıq. Onun Cəlal və Camal sifətlərini tanımalıyıq. Bunu tanımaqla kifayətlənməyib, onu qəlbimizə nüfuz etdirməliyik. İtaətkar ruhunda olmalıyıq. Kimin üçün namaz qıldığımızı bilməliyik. Nə üçün qıldığımızı bilməliyik. Eyni zamanda namazqılan insanın qəlbi gərək aram və sakit olsun. İztirabdan, təşvişdən uzaq olsun. Bəndə bu zaman qıldığı namazdan faydala bilər, namazı da faydalı və təsirli namaz olar.