Namaz nə vaxt qara üzlə qayıdar? Nə vaxt ruzİ vasİtəsİ olar?


Namaz - dinimizin sütunu və əsasıdır. Hər kim ona qarşı etinasız olarsa, Allah da istəklərinə və əməllərinə qarşı etinasız olar.
İmam Sadiq (ə) buyurur: “O qadın və ya kişi ki, namazına laqeyd olar, Allah onu 15 şeyə düçar edər. Qəbri dar və qaranlıq olar”.
O namaz ki, səhlənkarlıqla qılınar, Allah Təala tərəfindən qəbul edilməz. İmam Sadiq (ə) buyurur: “Allah yaxşılıqdan başqasını qəbul etməz”. Bu cür namazı necə qəbul edə bilər ki?
İmam (ə) başqa yerdə buyurur: “O zaman ki, bəndə namazını tələsə-tələsə qılarsa, onu qısa edərsə, Allah mələklərə buyurar: “Məgər görmürsünüz ki, Mənim bəndəm namazını necə qısaldır. Sanki belə hesab edir ki, hacətini yerinə yetirmək başqasının əlindədir. Məgər bilmir ki, hacətini yerinə yetirmək Mənim əlimdədir?””.

Hədislərin birində oxuyuruq: “O zaman ki, namaz vaxtında qılınmaz, diqqətsiz qılınar, qara üzlə insana tərəf qayıdar. Deyər: “Məni zay etmisən, Allah da səni zay etsin”. Əgər vaxtında iqamə edilərsə, insan üçün dua edər və deyər: “Necə ki, məni hifz etmisən, mənə ehtiram göstərmisən, Allah da səni hifz etsin”.
İmam Əli (ə) buyurur: “O kəs ki, namaz yerində əyləşər, Allahı zikr etməklə məşğul olar, Allah ona mələyi hakim edər ki, ona deyər: “Ey namazqılan ki, dua etməklə məşğulsan! Öz şərəfini, kəramətini və fəzilətini artır (yəni daha çox dua et). Sənin üçün həsənat yazılar. Pis işlərin məhv olar. Dərəcələrin artar”. Bu söhbət, onun namazın ziklərindən ayrıldığı zamana qədər davam edər”.

Hədislərdə oxuyuruq ki, insan namazdan sonra nə qədər çox zikr və dua edərsə, ruzisi daha çox artar. Mömin namazdan sonra Allahı zikr edirsə, sanki namazda olur. Namazın savabına bərabərdir. Vacib namazdan sonra dua etmək müstəhəb namaz qılmaqdan daha yaxşıdır.
Əllamə Məclisi buyurur: “Namazdan sonra oxunan dualar - Quran, zikr və o dualardır ki, namazdan sonra namaza qoşulmaq kimi olar. Fəzilətlisi budur ki, dəstəmazlı, əyləşmiş halda və üzü qibləyə dayanasan. Ən yaxşısı budur ki, təşəhhüd dediyin halda əyləşəsən. Duaları deyən zaman heç kimlə danışmayasan”.
Namaz ruhumuza mənəvi qida verir və onu namazdan sonrakı dualar və ziklərlə daha fəzilətli etmiş olarıq. Namazdan sonra etdiyimiz dualar namazımızı təkmilləşdirər və nöqsanlarını aradan qaldırmaqda təsirli olar. Həmçinin günahların bağışlanmasına səbəb olar və hacətlərin yerinə yetməsi üçün də faydalıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter