Oruc tutmağın ruha və bədənə faydası nədİr?


Həzrət Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurub: «Oruc tutun ki, sağlam olasınız».
Həzrəti İmam Sadiq (əleyhis salam) oruc barəsində buyurub: «Hər bir şeyin zəkatı vardır, bədənin də zəkatı, oruc tutmaqdır».

Oruc tutmağın ruha və bədənə faydası nədir?

Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qurani-Kərimdə buyurulduğu kimi, Allah-Təala yanında ən mükəmmməl din İslam dini hesab olunur.
Bu səbəbdən də dinimizin vacib buyurduğu hər bir əməlin məhz bizə faydalı olduğunu hər bir şəxs anlamalıdır. Bu əməllərdən biri də oruc tutmaqdır.
Hər bir dində oruc tutmaq, orqanizmi həm fiziki, həm mənəvi baxımdan təmizləmək ənənəsi var. İslamda il ərzində bir dəfə - Mübarək Ramazan ayında oruc tutmaq buyurulub. Artıq 3 ildir ki, Ramazan yay fəslinə təsadüf edir. Yayda oruc tutmaq xüsusi hazırlıq tələb edir. Bunun üçün oruc tutmağa hazırlaşan insanlar həm fiziki, həm də ruhi hazırlıq keçməlidir.

“Allah bu ayda insanların günahlarını yandırar”
İlahiyyatçı jurnalist Cavid Cabbarlı açıqlamasında deyir ki, “oruc” ərəbcədən “çəkinmək” kimi tərcümə olunur: “Yəni sübh namazından şam namazına qədər insanların yeməkdən, su içməkdən, bəzi hisslərdən çəkinməsi, oruc tutması vacib bilinib. Bəs nə üçün məhz Ramazan ayında? Ərəbcədən tərcümədə “Ramazan” “yandırmaq” anlamı verir. Ramazanın ən böyük fəziləti ondan ibarətdir ki, Allah bu müqəddəs ayda edilən duaları qəbul edər. Hər bir müsəlman isə öz dualarında günah işlərindən bağışlanmaq, əfv olunmaq istəyini dilə gətirər.
Allah bu ayda insanların günahlarını yandırar. Yandırmağın fəlsəfəsinə fikir verək. Müalicəsi mümkün olmayan, əlacsız xəstəliklərə tutulmuş xəstələr öləndə onu yandırarlar ki, tamam məhv olsun. Yaxud elə mikroblar, viruslar var ki, onu məhz yandırmaq yolu ilə yox edirlər. Günahların da məhz Ramazan ayında yandırılmasının fəziləti onların tamamilə silinməsi anlamını verir”.

36 ildən bir

Hazırda dünyada daha çox üç təqvim istifadə olunur: Miladi, Hicri-Şəmsi və Hicri-Qəməri. Miladi və Hicri-Şəmsi təqvimlərində il 365 gün çəkir, Hicri-Qəməri təqviminə görə, 355 gün. Hicri-Qəməri təqvimi 12 aydır. Təqvim ili ərzində 6 ay 29 gün, 6 ay isə 30 gün hesablanır. Miladi aylarında günlər standart olsa da (misal üçün, yanvar 31 gün, mart 31 gün, aprel 30 gün təşkil edir və bunlar dəyişməz qalır, təkcə fevral ayı hər 4 ildən bir 29 gündən ibarət olur), Hicri-Qəməri tarixində ayların 29, yaxud 30 gün olması Yerin kürəsinin təbii peyki olan Ayın görünməsi və itməsi ilə hesablanır. Və bu hesablama riyazi hesablaba ilə deyil məhz ayən görünməsi və və batması ilə hesablanır.
Cavid Cabbarlı deyir ki, bu hesablamaları nəzərə aldıqda bir-iki gün fərqi ilə Ramazan ayı Miladi təqviminin eyni günlərinə təsadüf edir: “Yəni 36 il əvvəl orucluq avqust ayının ilk günlərindən başlayıb. Yaxud düz 36 il sonra orucluq avqust ayının ilk günlərindən başlayacaq”.

Yay orucunun məsləhəti

Yay aylarında oruc tutmaq üçün nə etmək lazımdır? İnternet resurslarından görünür ki, xüsusilə bu il Ramazan ayı yay fəslinə təsadüf etdiyinə görə orqanizmi əvvəlcədən hazırlamaq lazımdır. Əks halda orqanizm müəyyən problemlər yaşaya bilər.

Mütəxəssislər nəyi məsləhət görür?

Hər gün 8 stəkan su içməyə cəhd etmək lazımdır. Əgər su içməyə həvəs yoxdursa, digər yollara əl atmaq olar. Bunun üçün 1 litr suyu bardağa töküb içinə təzə meyvə (çiyələk, alma, limon dilimi, nanə yarpağı) atmaq olar. Su bardağını göz önünə qoyub ondan yeri gəldikcə istifadə etmək lazımdır. Bu adəti orucluq zamanı, iftardan sonra da davam etdirməkdə çətinlik çəkməyəcəksiniz. Bununla da həm isti gün ərzində orqanizmin itirdiyi maye bərpa olunacaq, həm də sabahkı günə hazır olacaqsınız.
Hər gün səhər yeməyi yemək vacibdir. Səhər yeməyində süfrəyə az yağlı pendir, yarıbişmiş yumurta, pomidor, bibər qoymaq lazımdır. Orucluğa bir həftə qalmış buna adət eləsəz, Ramazan ayı boyunca imsaqa qalxmağa çətinlik çəkməyəcəksiniz.
Orucluğa başlamazdan bir qədər əvvəl şam yeməklərini xəfiflətmək lazımdır. Daha çox sulu yeməklərə həvəs göstərilməli, qatıq, kefir, ayran kimi ağartı məhsullarından istifadə olunmalıdır. Bu, orucluq zamanı şəxsin iftarda ağır yeməklərdən qaçmasına yardım göstərəcək.
İndidən yatmazdan 3 saat əvvəl yemək-içməyi dayandırmaq lazımdır. Bu adət oruclu ikən rahat mədə ilə ibadəti davam etdirməyə yardımçı olacaq.
Çayı, qəhvəni azaltmaq lazımdır. Çünki çay və qəhvə orqanizmdən daha çox mayenin çıxmasına səbəb olur. Yaz aylarında, xüsusilə vücudun daha çox suya ehtiyacı olduğu üçün çay və qəhvədən uzaq durmağa çalışmaq lazımdır. Onda Ramazan ayında da xeyli rahat olacaqsınız.
İsti yay günləri olmasına baxmayaraq hər gün ən azı 45-60 dəqiqə piyada gəzmək lazımdır. Bununla orqanizm möhkəmlənmiş, daha dözümlü olur. Ramazan ayında da piyada gəzmək adətini unutmaq olmaz. İftardan 2 saat sonra yarım saatlıq gəzinti orqanizmdə maddələr mübadiləsinin normallaşmasına kömək edəcək.

Yay orucunun savabı

İlahiyyatçı Yaşar Qurbanov açıqlamasında bildirib ki, yay aylarında xüsusilə rayonda yaşayan inanclılara oruc tutmaq daha çətin gəlir: “Çünki onlar tarlada, zəmidə işləyirlər. Çoxlu sayda suallar daxil olur ki, çöl-bayırda çalışanlar hansı hallarda orucunu poza bilər, yaxud hansısa güzəşt varmı? Orucun yay, yaxud qış aylarında tutulmasının heç bir fərqi yoxdur. Sadəcə, vaxtın uzunluğu, havanın isti olması çətinlik yaradır.
İslam ölkələrinin əksəriyyətində dindarlar belə halla daha tez-tez rastlaşırlar. Üləmalar belə fikir söyləmişdilər ki, hansısa bir işi axşam saatlarında yerinə yetirmək mümkündürsə, onu gün batandan sonra edin. Bəzi işlər var ki, onu axşam saatlarında etmək mümkün deyil. Belə halda alimlər təklif edir ki, orucu tutun, amma gün altında çalışan adamlara isti daha çox pis təsir edərsə, onun halının pisləşməsi ilə nəticələnə bilərsə, bu zaman həmin gün üçün orucu dayandıra bilər. Lakin bu günlərin qəzası Ramazan ayından sonra tutulmalıdır. Bu dediyimizi o cür anlaşılmamalıdır ki, kimsə tarlada işlədiyini və havanın isti olmasını düşünüb oruc tutmasın”.
İlahiyyatçı vurğulayır ki, həddi-buluğa çatmış, sağlam insan oruc tutmalıdır: “Əgər mədə, yaxud digər daimi, müalicəsi olmayan, yaxın gələcəkdə müalicəsi mümkün olmayan (mədə yarası, ağır dərəcəli şəkər və sairə) xəstəliyi olan şəxs varsa, həmin insanlara istisna olaraq icazə verilib ki, oruc tutmasın. Lakin o, Ramazan ayının hər bir günü müqabilində bir kasıbı, bir dəfə doyuzdurmalıdır (yəni 750 qram buğda yaxud un yaxud çörək alıb kasıba verməlidir). Burada xəstənin yaşlı, cavan olmasının fərqi yoxdur.
Lakin Ramazan ayında əgər xəstələnən adamın xəstəliyi oruc tutmaqla kəəskinləşərsə yaxud kəskinləşmə ehtimalı verilərsə bu sürətdə xəstə orucunu poza bilər. Bir şərtlə ki, mövcud xəstəliki aradan gedərsə həmin itirilmiş oruc günlərinin əvəzini Ramazan ayından sonar qəza tutmaqla çıxısın. Hamilə qadınlar ilk aylarda oruc tuta bilərlər. Lakin hamiləliyin son aylarına təsadüf edən orucu tutmamaq mümkündür. Çünki bu zaman gələcək ananın səhhəti ağır olur, halsızlıq baş verir, eyni zamanda qidasız qalmaq ana bətnində olan körpənin səhhətinə də ziyan vura bilər”.
“Yayda tutulan orucun savabı daha böyükdür”. Bu fikri səsləndirən ilahiyyatçı bunun hədislərdə, islam elmini araşdıran alimlərin kitablarında da qeyd olunduğunu deyib: “İstər yay, istər qış aylarında tutulan orucun savabını şəxs qazanır. Allah-təala buyurub ki, oruc mənim üçündür və mən də onun mükafatını Allah dərgahında xüsusi olaraq verəcəm. Yayda tutulan orucun savabı ona görə böyük hesab olunur ki, Allah isti havalarda öz bəndəsinin səbrini bir daha sınağa çəkir, onu dözümlü olmağa çağırır. Yəni böyük savab bəndəyə böyük nəfsinə qalib gəldiyinə görə verilir”.
Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə etmişlər ki, oruc – ən yaxşı dərmanlardan biridir.
Məşhur rus alimi Aleksey Soforin “Müalicənin yeni üsulu – oruc” kitabında yazır: “Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır”.
Hətta oruc tutmağın bir çox xəstəliklərin müalicəsi üçün dünya səviyyəsində həkimlər və təbiblər tərəfindən dəfələrlə məsləhət görülmüşdür. Həzrəti İmam Sadiq (əleyhis salam) oruc barəsində buyurub: «Hər bir şeyin zəkatı vardır, bədənin də zəkatı, oruc tutmaqdır».
Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) bir hədisi ilə oxuculara tövsiyyə edirik: «Oruc tutun ki, sağlam olasınız».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter