NİYƏ “ORUC ALLAHA AİDDİR” DEYİLİR?


Əziz Peyğəmbərimiz (s) Ramazan ayına xüsusi diqqət ayırardı. Onun Şəbaniyyə xütbəsi bu ayın həqiqətlərini hamıya açmışdır. Ancaq Ramazan ayının həqiqət və xüsusiyyətləri bununla bitmir. (Erfan)
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: “Heç zaman Peyğəmbər (s) və İmamlar (ə) bu ayın adını tək çəkməzdilər. O zaman ki, Ramazan ayının adını dillərinə gətirirdilər, həmin sözə ehtiram verəcək kəlməni də onunla bir yerdə zikr edirdilər”.
İmam Baqir (ə) bunun səbəbini belə açıqlamışdır: “Ramazan - Allahın adlarından biridir”. Bu səbəbə onlar Ramazan ayını ehtiramla zikr edərdilər.

Ramazan ayına itaət etmək təqvadandır

Allah-Təala Quranda buyurur: “Hər kəs Allahın ayinlərini (mərasimlərini) böyük tutsa, (bilsin ki,) əslində o, ürəklərin pərhizkarlığından irəli gəlir”. (“Həcc” 32). Yəni bu insan dəyərli və pak qəlbə malikdir və o zaman ki, İlahi ayinlərə əməl etmək istəyərsə, ehtiramla yada salar. Ona əməl edəndə isə bütün şərtlərinə riayət edər. Təqvalı qəlb - ən dəyərli qəlbdir.
Mübarək Ramazan ayına ehtiram
Mübarək Ramazan ayı - Allaha qovuşmaq ayıdır. O kəs ki, Ramazan ayına bağlıdır, oruc tutmaqla bağları həqiqi bağ olacaqdır. O, ancaq mədəsinin aclığı ilə deyil, bütün varlığı ilə bu aya bağlanmalıdır. Quran buyurur: “Hər kəs gözəl əməl sahibi olaraq özünü Allaha təslim etsə, şübhəsiz ki, o, lap möhkəm bir ipə əl atmış olur. Bütün işlərin aqibəti Allaha aiddir”. (“Loğman”, 22). “Allah yaxşı iş görənləri dost tutar”. (“Maidə”, 93).
O zaman ki, insan Ramazan ayına bağlanır, o deməkdir ki, əgər qeybət edərsə, dilinə deməlidir ki, sən orucsan. Yəni sözünü saxla. O zaman ki, gözü naməhrəmə düşür, baxmağa meyli olur, həmin meyli məhdudlaşdırmalı və düzgün həddə çatdırmalıdır. İnsan o zaman ki, küçəyə çıxır, gözünə deməlidir ki, Ramazan ayıdır, bu aya hörmət edib, bu kimi işlərdən çəkinmək lazımdır (əlbəttə ki, bu, hər bir aya, hər bir günə aiddir, amma sadəcə, Ramazan ayı – insanda mənəvi immunitetin formalaşması üçün çox əlveriçli fürsətdir). Qulağına və mədəsinə də eyni sözləri deməlidir. Bəli, Ramazan ayına həqiqi bağlanmaq bu cür olmalıdır.
Allah Təala buyurmuşdur ki, insanın bütün əməlləri özünə aiddir, orucdan başqa. “Oruc Mənim orucumdur, sənin deyil. Çünki sən layiq olmadın ki, oruc sənin olsun. Mən öz kərəmimlə sənə tofiq verirəm ki, oruc tutasan. Ancaq namaz bu qədər əzəməti ilə sənindir. Namaz zamanı baxmayaraq ki, bütün varlığın, əzaların və üzvlərin namazladır, sənə aiddir. Ancaq oruc Mənimkidir”.
“Mən xalis mülkümü bu ayda sizə təqdim edirəm. Çünki Kəriməm. Və sən bu otuz gündə Mənim bu xəzinəmdən nə qədər bacarırsan, bəhrələn. Nə qədər bəhrələnsən də Allah razı olmaz”.
Bəli, o kəs ki, bütün varlığı ilə Ramazan ayına bağlı olar - həqiqi mömindir. Ramazan ayına bəzən sonsuz dəniz də deyirlər. Belə ki, bizə verilən behiştin sonu vardır. Ancaq bu sönsuz dənizdə Allahın oruc tutana məhəbbəti nəhayətsizdir. Bir batini göz və pak qəlb istəyir ki, insan görsün və dərk etsin.
/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter