Zİkrİ-kəsİr nədİr? İlahi zİkrİn mükafatı necədİr?


İnsana çox sayda şeytani vəsvəsələr hücum edir və bunun səbəbi insanın Allahdan qəflətdə olmasıdır. Onun mübarizə yolu isə zikri-kəsirdir. Zikri-kəsir nədir? Yəni, bütün varlığınla Allaha diqqət etməkdir.
Əgər insan bütün varlığı ilə Allaha diqqət edərsə və bunu tərk etməzsə ruhuna və nəfsinə nur bəxş edər. Ona görə də Quran bizə bu ayəni bəyan edərək, bizi ona əməl etməyə dəvət edir. İnsan hər bir halda Allahı xatırlamalıdır. İbadət edən zaman qəlb hüzuruna və ixlasa malik olmalıdır.
Günahla dolu məclisə daxil olan zaman Allahı xatırlayın və gözünüzü yumun. Əgər günaha batsanız, tez bir zamanda tövbə edin. Haqq yoluna geri qayıdın. İlahi nemətlə rastlaşan zaman Allahı yada salın və Ona şükür edin. Bəla və müsibətlə rastlaşan zaman Allahı yada salın və səbirli olun.
“Ey iman gətirənlər, Allahı çox zikr edin!” (“Əhzab” 41).
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “O zaman ki, kişi gecə vaxtı arvadını yuxudan oyadar, hər iki dəstəmaz alar və (gecə) namazı qılar, o qadın və kişlərdən olarlar ki, Allahı çox yada salırlar”.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Hər kim gecə vaxtı Həzrət Zəhranın (s.ə) təsbihini deyər, bu ayəyə şamil olar (yuxarıdakı)”.
Bəzi təfsirçirlərin nəzərinə görə zikri-kəsir odur ki, Allahı qiyam halında, yatağa getdiyi halda yada salar. Hər bir halda zikr - fikrin nişanəsidir. Fikir - əməlin müqəddiməsidir. Zikrin hədəfi heç bir zaman fikir və əməlsiz olmaz.
Allah zikri-kəsir edən insanlar haqqında belə buyurur: “Şübhəsiz, Allah (kəlmeyi-şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsulid-dininə və füruid-dininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!” (“Əhzab” 35).
Allah Təala ilk növbədə məğfirət suyu ilə günahlarını yuyar və təmizləyər. Sonra da onlara elə bir mükafat verər ki, əzəmətini Özündən başqası bilməz. Allah bu insanlara hələ bu dünyada olarkən behişti vəd edir.
Əbu Səyid nəql edir: “Dedim: Ya Rəsulallah! Bu cür insanlar Allah yolunda vuruşanlardan da ali məqamlıdır?” Buyurdu: “Əgər qılıncları ilə kafirin və müşriklərin bədəninə o qədər vursalar ki, qılınc sınar, qana boyanarlar, yenə də Allahı çox yada salanlar ondan üstündürlər. Çünki xalis cihad – zikri-kəsir olmadan olmaz”. Bu hədisdən aydın olur ki, zikri-kəsirin mənası genişdir. Bura bütün zikləri daxil etmək olar.
Yuxarıdakı ayədən də belə nəticəyə gəlmək olur ki, insan Allahı səhər və axşam zikr etməli və təsbih etməlidir. Bu iki vaxtda Allahı zikr etmək xüsusilə əhəmiyyətlidir.
İnsan bunu bilməlidir ki, Allahı yada salmaq ruh və canı üçün yemək və içmək kimidir. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).
Bu ayə Allahı çoxlu zikr edən möminlər üçün bir müjdədir. Allah açıq-aydın buyurur ki, onlar Allaha tərəf seyr yolunda tək deyildirlər. Bəlkə Allahın və mələklərin rəhmət qanadları altındadır. Bu rəhmət sayəsində zülmət pərdələri aralanar, elm, hikmət, iman, təqva nuru onların qəlbinə və canına nüfuz edər.
Allah bəndələrinə müjdə verir ki, onlar həqiqətən İlahi sevgiyə layiq olan insanlardır. Aşiqlər bu yolla irəliləyərək öz Məşuqlarına çata biləcəklər.
(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter