Allahın razılığını qazanmaq üçün nə edək?


Həzrət İmam Cəfər Sadiq (ə) Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətlərində belə buyurduğunu nəql edir: \"Mənim ümmətimdən olan hər kəs Allahın razılığını qazanmaq üçün qırx hədis əzbərləsə, Allah Təala Qiyamət günü onu peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə məhşur edər. Bunlar çox gözəl dostlardır”.

Həzrət Əli (ə) ərz etdi: \"Ya Rəsuləllah, bu hədislərdə məqsəd nədir?”. Həzrət (s) buyurdu: \"Məqsəd budur ki, heç bir şəriki olmayan yeganə Allaha iman gətirəsən, Ondan başqa heç kəsə pərəstiş etməyəsən, fərəh və həvəslə dəstəmaz alıb namazlarını öz vaxtında qılasan, çünki, heç bir üzrü olmadan namazı təxirə salmaq Allahın qəzəbinə səbəb olar, zəkat verəsən, Mübarək Ramazan ayının orucunu tutasan, imkanın çatsa Allah evinin ziyarətinə gedəsən, ata-ananı incitməyəsən, yetimin malını haqsız yerə yeməyəsən, riba yeməyəsən, şərab və heç bir məstedici içki içməyəsən, ... söz gəzdirməyəsən, yalandan Allaha and içməyəsən, israf etməyəsən, heç kəs barəsində istər yaxın olsun, istərsə də uzaq, yalandan şahidlik etməyəsən, böyük, kiçik hər kəsdən haqqı qəbul edəsən, zalıma - yaxın qohumun olsa da, etimad etməyəsən, nəfsani istəklərinə uymayasan, pak qadınlara böhtan atmayasan, azacıq da olsa riya etməyəsən - çünki, azacıq riya Allaha şərik qoşmaq deməkdir. Eyiblərini üzlərinə vurmaqdan ötrü balaca boylu insana \"balacaboy”, hündür boylu insana da \"uzunduraz” deməyəsən, Allahın yaratdıqlarından heç birini məsxərə etməyəsən, bəla və müsibətlər müqabilində səbirli olasan, Allahın verdiyi nemətlərə görə Ona şükür edəsən, özünü etdiyin günahların cəzasından amanda hiss etməyəsən, Allahın rəhmətindən naümid olmayasan, günahlarından tövbə edəsən - çünki, tövbə edən günahı etməyən kimidir. Günahı israrla təkrarlamayasan və ardıcıl olaraq istiğfar edəsən. Günahda davamlı olmaq Allahı və peyğəmbərləri məsxərəyə qoymaq deməkdir.
Bil ki, sənə yetişən hər hansı bir şey (Alahın təqdirinə uyğun olaraq) qarşısıalınmazdır və əlinə gəlməyən bir şeyin də yetişməsi qeyri-mümkün olmuşdur. Camaatı razı salmaqdan ötrü Allahı qəzəbləndirmə və heç vaxt dünyanı axirətdən üstün tutma. Çünki, dünya fani və müvəqqəti, axirət isə əbədidir.
Əlində olanları xəsiscəsinə qardaşlarından gizlətmə.

Batinin də zahirin də bir olsun, zahirin gözəl batininsə çirkin olmasın, çünki, belə olsa münafiq hesab olunarsan.

Yalan demə, yalançılarla yoldaşlıq etmə və onlarla əlaqə saxlama, haqq sözü eşidəndə qəzəblənmə, özünə, həyat yoldaşına və övladlarına qarşı bacardığın qədər ədəbli ol, elminə əməl et, Allahın yaratdıqlarına qarşı düzgün rəftar et, onlarla nahaqq davranma, qohumlara və yadlara qarşı sərt və xırdaçı olma, zülümkar və qəddar olma, \"Sübhanallah” və \"Lə iləhə illəllah” zikrlərini çox təkrar et, çoxlu dua et, ölümü və ölümdən sonrakı həyatı (məadı, cənnət və cəhənnəmi) çox yad et, çoxlu Quran oxu və öz rəftarını da ona uyğunlaşdır, mömin və möminələrə ehsan etməyi qənimət bil, diqqətli ol, özün üçün bəyənmədiyin bir şeyi başqalarına da rəva bilmə, xeyir işdən bezmə, öz yükünü başqasının çiyninə atma.

Elə ki, bir kəsə yaxşılıq etdin, bu yaxşılığına görə ona minnət qoyma.
Dünyanı özün üçün zindan bil ki, Allah da sənə behişt qismət etsin.
Hər kəs bu dediyim qırx hədisi əzbərləyib onlara əməl etsə və ümmətə çatdırsa Allahın rəhməti sayəsində behiştə gedər. Belə bir şəxs Allah yanında peyğəmbərlər və vəsilərdən sonra ən sevimli bəndələr hesab olunar və Qiyamət günü peyğəmbərlər, vəsilər, şəhidlər, salehlər və siddiqlərlə məhşur olar. Bunların nə gözəl dostları var!!!”. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter