Ən pİs və ən yaxşı məxluqlar kİmlərdİr?
“Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir. Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar”. (“Bəyyinə” 6-7).
Bu iki ayə yer üzündə olan ən pis və ən yaxşı məxluqların adını çəkir və bizə tanıdır.
İmam Sadiq (ə) buyurur: “İmam Əli (ə) Ummi Səlimənin evində olan Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrət İmam Əlini (ə) görən kimi buyurur: “Ey Əli! Halın necə olacaqdır, o zaman ki, bütün millətlər toplaşacaq, ədalət tərəzisi qurulacaq və insanları hesab vermək üçün hazırlayacaqlar?” Bu zaman İmam Əlinin (ə) gözlərindən yaş axmağa başladı. Peyğəmbər (s) buyurdu: “Ey Əli! Niyə ağlayırsan? Allaha and olsun ki, sən və sənin davamçıların o günü ağ üzlə, su ilə doymuş halda məhşərdə hazır olacaqsınız. Onların üzləri nurani, sevincli və gülərdir. O günü düşmənlərini hazır edərlər ki, üzləri qara olar. Onlar bədbəxt, pis aqibətlidirlər. Məgər eşitməmisən ki, Allah buyurub: “Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar”? Bunlar sən və davamçılarındır. Ancaq onlar ki, kafir olublar, ayələrimizi inkar ediblər, ən pis insanlardır. Bu qrup sizin düşmənlərinizdir”.
Bu nöqtəni qeyd etmək lazımdır ki, imanın dərəcələri vardır. Hər birinin öz rütbəsi vardır. Hər birinin öz yeri vardır. Həzrət Peyğəmbər (s) və İmamdan (ə) sonra onun davamçıları həmin dərəcələrdə yer alırlar. Yəni, Həzrət Peyğəmbər (s) məbus olandan sonra keçmiş dinləri nəsx etdi. Müsəlmanlar da həqiqi iman sahibi oldular. Həzrət Əlinin (ə) davamçıları arasında bu məqama layiq olanları çox idi. Əlbəttə onların da öz aralarında dərəcələri var idi.
İmam Əli (ə) öz davamçılarından üstündür. Həmçinin onların bəzisi də bəzisindən üstündür. Onları Quran ayəsinin dili ilə xeyrul-bəriyyə adlandırmaq olar. Onu da nəzərə almaq lazımdır ki, Peyğəmbər (s) xeyrul-bəriyyə adlanan möminlərdən də üstün məqamda yerləşir.
“Bəyyinə” surəsinin 6-cı ayəsində adı çəkilən kitab əhli və kafirlər bütün kafirləri nəzərdə tutmur. Bəlkə o müşriklər nəzərdə tutulur ki, İslamla tanışdırlar, ancaq onu qəbul etməkdən çəkinirdilər. Onlar haqqı görmüş və başa düşmüşdülər. Ancaq nəfslərinə və öz mənafelərinə görə onu qəbul etməkdən imtina etmişdilər. Bu insanlar Allahın yer üzündə olan ən pis məxluqlarıdır.
Beləliklə deyə bilərik ki, yer üzündə Allahın ən pis bəndələri müşriklər və ən yaxşı bəndələri Peyğəmbər (s), İmamlar (ə) və onların ardıcıllarıdır.
(Tebyan/ Deyerler.org)