Qəlb genİşlİyİnə necə naİl olmaq olar?


Mömin insan məsciddə olan zaman suda üzən balığa bənzəyir. Onunla qidalanır, sevincli və şaddır. Ancaq münafiq şəxs məcsiddə olan zaman suya düşmüş siçana bənzəyir. Əl-ayaq çalır ki, sudan çıxa bilsin. Çünki möminin sinəsi genişdir, ancaq münafiqin sinəsi dar.
“Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbir və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən)”. (“Şərh” 1).
İnsanın ən ali sifətlərindən biri - sinəsinin geniş olmasıdır. Quranın nəzərinə görə, bu sifət hidayətin nişanəsidir. Quran bəzi insanların sinəsinin geniş və bəzilərinin isə dar olduğunu vurğulayır. “Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar”. (“Ənam” 125).
Bəzi insanların ruhu o qədər genişdir ki, hər nə qədər həqiqəti daxil etsən, rahat yerləşər. Ancaq bəzilərinin ruhu o qədər dar və məhduddur ki, sanki heç bir həqiqət üçün yeri yoxdur.
Bəs qəlbi geniş olmaq nədir?
Sinəsi genişlik dedidkdə, insanın ruhunun İlahi həqiqətləri qəbul etməsi nəzərdə tutulur. Ona görə də sinəsi geniş olmaq - böyük İlahi nemətlərdəndir. Ancaq möminlərə nəsib olar. Hamıdan əvvəl Peyğəmbərimizə (s) nəsib olmuşdur.
Həzrət Peyğəmbərdən (s) bu sözün mənasını soruşurlar və Həzrət (ə) cavabında buyurur: “Elə bir nurdur ki, Allah kimin istəsə qəlbinə salar. Onun təsiri altından qəlbi genişlənər”. Sonra sual verirlər ki, əlaməti nədir? Buyurdu: “Cavidan evin fikrində olmaq və qürur evindən uzaq olmaqdır. Ölüm çatmamışdan əvvəl ona hazırlaşmaqdır. İman, saleh əməl və Allah yolunda səy etməkdir”.
İmam Sadiq (ə) buyurur: “Allah Təala Musaya (ə) vəhy göndərir: “Ey Musa! Malın çoxluğundan sevinmə! Məni yada salmağı heç bir halda tərk etmə! Çünki malın çoxluğu günahı unutmağa səbəb olar. Məni yada salmağı tərk etmək qəlbi daşlaşdırar”.
İmam Əli (ə) buyurur: “Göz yaşları qurumaz, məgər qəlb daşlaşarsa. Qəlb daşlaşmaz, məgər o halda ki, günah çox olar”.
İmam (ə) başqa yerdə buyurur: “İki cür təlqin vardır: şeytanın təlqini və mələklərin təlqini. Mələyin təlqini qəlbin yumşalmasına və dərkin artmasına səbəb olar. Şeytanın təlqini qəlbin qəsavətinə gətirib çıxardar”.
Hər bir halda insan əgər sinəsinin geniş olmasını istəyirsə, gərək Allaha üz tutsun ki, həmin nur qəlbinə daxil ola bilsin. Bundan əvvəl qəlbi günahdan təmizləmək lazımdır. Orada olan nəfsani istəkləri pak etmək lazımdır. Bu zaman həmin nuru qəbul etməyə hazır olar. Allah qorxusudan göz yaşı tökmək insan qəlbini yumşadar və ruhuna qəribə təsir qoyar.
Sinəsi geniş olmaq - böyük bir sərmayədir. Belə ki, Həzrət Musa (ə) Fironla görüşə getməyə vəzifələndirildiyi zaman Allahdan istəsiyi ilk hacəti - sinəsini genişləndirmək olmuşdu. Allah ona bu vəzifəni verən zaman başa düşür ki, çox ağır bir vəzifəsi vardır. Çünki Fironu yaxşı tanıyırdı və onun Musaya (ə) iman gətirən insanlara necə işgəncə verdiyini bilirdi. Onların əl-ayaqlarını kəsir və sonra da ağacdan asırdı. O biri tərəfdən isə cahil Bəni-israyil qövmü ilə üz-üzə idi. Ona görə də əllərini açır və Allaha dua edir: “Allahım, sinəmi genişləndir!”. Cavab gəlir: “İstədiyini verdik”.
Allah sinə genişləyini İslam Peyğəmbərinə (s) də əta etmişdir və buyurur: “(Sinəni genişləndirdikdən sonra) Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?) Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü”. (“Şərh” 2-3).
Allah bizlərin də sinəsini genişləndirsin və bu nuru qəlbimizə salsın.

(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter