Son peyğəmbər dünyasını dəyİşdİkdən sonra mələklərlə rabİtə bİrdəfəlİk kəsİldİmİ?


Sual yaranır ki, son peyğəmbər dünyasını dəyişdikdən sonra mələklərlə rabitə birdəfəlik kəsildimi? Görəsən, Əli ibn Əbutalib, xanım Fatimə Cəbrəili görmüş, onu dinləmişmi? Rəvayətlərə əsasən bu sual müsbət cavablandırılır. Amma bu o demək deyil ki, həmin şəxslər peyğəmbər olmuşlar. Belə ki, mələklərin və ya Cəbrəilin gətirdiyi xəbər peyğəmbərə çatdırılan vəhy növündən olmaya da bilər. Ümumiyyətlə, vəhyi iki qismə bölmək olar: risalət vəhyi və qeyri-risalət vəhyi. Əgər vəhy peyğəmbərə ünvanlanmışsa, bu vəhy risalət vəhyidir. Peyğəmbərlərə qeyri-risalət vəhyi də gələ bilər. Bəzən bu qəbil vəhy ilham adlandırılır. Rəvayətlərdə uyğun məfhum “təhdis” təbiri ilə ifadə olunur. “Üsuli-kafi” kitabında “ənnəl-əimmətə muhəddəsunə mufəhhəmun” adlı bir bab var. Mərhum Kuleyni tərəfindən nəql olunmuş rəvayət təsdiqləyir ki, Əhli-beyt (ə) mələklərlə danışmışdır. Xanım Fatimənin (ə) ləqəblərindən biri də “Muhəddəsə”dir. “Muhəddəsə” dedikdə mələklə danışan xanım nəzərdə tutulur. “Muhəddəs” sözünün mənasını düzgün anlamayanlar elə düşünmüşlər ki, İmamlar “muhəddəsdir”. Yəni İmamlar da başqaları kimi hədis nəql etmək məqamına malik olmuşlar.
Quran nazil olan vaxt “vəhy” termininin müxtəlif anlamları yox idi. Məsələn, ilham sözü vəhy sözü kimi geniş işlədilmirdi Vəhyin lüğət mənası iti və gizli xəbərdir. Belə bir təbir risalət vəhyi, ilham, hətta fitri yolla hidayət mənalarını əhatə edirdi. Məsələn, bal arısına vəhy dedikdə fitri bir hidayət, qəlb yolu ilə göstəriş mənası anlaşılır.[1] Ayədə buyurulur ki, sənin Rəbbin bal arısına vəhy etdi...
Bəzi ayələrdə insana vəhydən danışılır. Məsələn, həzrət Zəkəriyya vəhy ünvanı kimi tanıtdırılır. Uyğun məqamda vəhy dedikdə işarələrlə anlatmaq nəzərdə tutulmuşdur. Ayədə bildirilir ki, o (Zəkəriyya) mehrabdan qövmünün arasına gəlib onlara gündüz və gecə dua oxumalarını işarə etdi.[2]
Qurani-kərimdə iki ləyaqətli və saleh qadına, həzrət Məryəm və Musanın anasına vəhy nazil olduğu bildirilir. Şübhəsiz ki, nəzərdə tutulan risalət vəhyi deyil. Allahın yaxın mələyi həzrət Məryəmin yanına xüsusi bir tapşırıqla gəlmişdi. Həzrət Musanın anasına vəhy isə qeybi bir ilham sayılır.
Həzrət Məryəmin əhvalatında nəql olunur ki, o, Beytül-Müqəddəsin bir guşəsində ibadət və dua üçün yer seçmişdi. Həmin xəlvət yerdə raz-niyaza məşğul idi. Qəfildən bir şəxs təcəssüm etdi. Uyğun mövzudan danışan ayədə bildirilir ki, biz öz ruhumuzu onun yanına göndərdik və ruhumuz ona bəşər surətində göründü...[3]
Təfsirçilər arasında həzrət Məryəmə görünən ruhla bağlı müxtəlif fikirlər var. Kimlərsə onun Cəbrəil, kimlərsə başqa bir mələk olduğunu bildirirlər. Hər halda xanım Məryəmin gözünə görünən qeybi bir varlıq olmuşdur. Bu varlıq insan surətində görünmüş, gətirdiyi xəbəri ona ilham etmişdir.
Musanın anasına vəhyin göndərilməsi ilə bağlı bildirilir ki, Firon kahinlərin yuxu yozumu əsasında Bəni-İsraildən olacaq bütün oğlan uşaqlarının öldürülməsi əmrini verdi. Onun göstərişi əsasında məmurlar yeni doğulan bütün uşaqları məhv edirdilər. Həmin vaxt həzrət Musa (ə) dünyaya göz açdı. Anası Musaya görə narahat idi. Allah-taala çıxış yolu göstərərək Musanın anasına vəhy etdi. Ona tapşırıq verildi ki, körpəni Nil çayına atsın və bu körpə ona qaytarılacaq.[4]
Ayədə Musanın anasına onun övladının peyğəmbərliyi müjdə verilir. Demək, Musanın anası qeybi xəbər əsasında hərəkət etmişdir. Əks təqdirdə o öz övladının peyğəmbərliyindən xəbər tuta bilməzdi. Deyilənlərdən belə bir nəticə əldə olunur ki, Quran buyuruqlarına əsasən, ilahi vəhy təkcə peyğəmbərlərə aid deyil. Risalət vəhyindən əlavə vəhylər də var. Peyğəmbərlərə aid olan isə risalət vəhyidir. Amma məsum İmamlara da vəhy olunmuşdur. Cəbrəil onlara görünmüş, onlarla danışmış, Allahın göstərişlərini çatdırmışdır. Onlara vəhy nazil olması peyğəmbərlik dəlili sayılmır. Cəbrəil təkcə peyğəmbərə yox, həzrət Məryəmə, məsum İmamlara da görünmüşdür. Bəli, İslam peyğəmbəri dünyasını dəyişdikdən sonra risalət vəhyi tamamlanmışdır. Ayə və rəvayətlərdən məlum olan budur ki, peyğəmbər olmayan bəzi şəxslər də Cəbrəili görmüş, onunla danışmış, onu dinləmişlər. Nəql olunan rəvayətlərə əsasən, məsum İmamların Cəbrəil və sair mələklərlə əlaqəsi olmuşdur. Onlar bəzən mələkləri görmüş, bəzən onların səsini eşitmişlər.

[1] “Nəhl”, 68
[2] “Məryəm”, 11
[3] “Məryəm”, 17-20
[4] “Qəsəs”, 7


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter