TƏQİYYƏ FƏLSƏFƏSİ NƏDİR və harada qadağan olunur?
Qurani-kərimin göstərişlərinə əsasən, insan qərəzli, məntiqsiz, təəssübkeş şəxslərin əhatəsində olduqda, öz əqidəsini zahir etməklə canı, malı və abır-heysiyyəti təhlükəyə düşərsə və öz əqidəsini izhar etməyin heç bir faydası olmazsa, bu zaman o, öz əqidəsini gizlətməlidir. Müqəddəs dinimizdə bu əməl “Təqiyyə” adlanır. Qurani-kərimin göstərişlərindən əlavə, insan ağlı da “təqiyyə”nin məntiqə uyğun zəruriyyət olduğunu təsdiq edir. Quran Ali-Firondan olan bir mömin şəxsin barəsində buyurur: “Firon xanədanından olan, inancını (əqidəsini) gizlədən bir mömin kişi dedi: “Mənim Rəbbim vahid Allahdır” deyən və Rəbbiniz tərəfindən aydın dəlillərlə gələn bir kişini öldürürsünüzmü?!” (Ğafir, 28)
İslamın ilkin çağlarında qərəzkar və dikbaş müşriklərin əhatəsində olan bəzi imanlı və cəsur müsəlmanlara, Qurani-kərim “təqiyyəni” əmr edərək, buyurur: “Möminlərin (öz) mömin qardaşlarından başqa, kafirləri də dost tutması rəva deyildir! Və bu cür əməl edən şəxs Allahla öz rabitəsini kəsmişdir. Onların şərindən xilas olmaq üçün, zahirdə onlarla (kafirlərlə) dostluq izhar edənlərdən (Təqiyyə edənlərdən) başqa.” (Ali-İmran, 28)
Beləliklə, təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı, ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vemək məntiqə uyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: “Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!” (Vəsail, c 11, s. 461, fəsl 24, hədis 6) “Qalxan” (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir. Təqiyyə Qurani-kərim tərəfindən də təsdiq olunmuşdur; Nəhl, 106, Ğafir, 28, Ali-İmran, 28-Mütərcim.
Əmmar Yasirin (Peyğəmbərin (s.ə) ən yaxın səhabələrindən biridir) müşriklər müqabilində təqiyyə etməsi və İslam Peyğəmbərinin (s) bu işi təyid etməsi, ən məşhur hədislərdə nəql olunmuşdur. (Bu barədə olan hədislər hədis elminin tanınmış alimləri, tarixçilər, Quran şərhçilərinin məşhur kitablarında qeyd olunmuşdur. Vahidi “Əsbabi nuzul”da, Təbəri, Qurtubi, Zəməxşəri, Fəxri Razi, Beyzavi, Nişaburi və s.. hər biri Nəhl surəsinin 106-cı ayəsinin şərhində bu barədə geniş bəhslər açmışlar.)
Təqiyyə şəriətin və ağlın tələbi olaraq, təkcə şiə tərəfindən deyil, bütün dünya müsəlmanlarının, bütün ağıllı şəxslərin lazım olan zaman istifadə etdikləri bir əməldir.
Təəccüblüdür ki, bəzi şəxslər təqiyyə məsələsini təkcə şiə müsəlmanlarına və Əhli-beyt (ə) ardıcıllarına nisbət verərək, onlara qarşı müxtəlif iradlar irəli sürürlər. Bir halda ki, təqiyyənin Qurani-kərim, Peyğəmbər (s.ə) və İmamlar (ə) tərəfindən (həmçinin ağlın tələbi olaraq) aydın bir məsələ olduğu hamıya məlumdur. Bu dünyanın bütün ağıllılarının əməl etdikləri bir vəzifədir. Təqiyyə dinin tələbi və zamanın reallığıdır.
Təqiyyənin haram (qadağan olan) yerləri
Söylənilən anlaşılmazlıqların əsası, kökü və şiə əqidəsindən yetərincə məlumatın olmamağı, bu əqidənin bəzi nadan və ifratçı (qərəzli) mənbələrdən öyrənilməsidir. Ümidvarıq ki, yuxarıda dini mənbələrə əsaslanaraq, söylədiklərimiz şərhlər məsələni olduğu kimi aydınlaşdırdı.
Əlbəttə inkar ediləsi deyildir ki, bəzi vaxtlarda təqiyyə etmək haramdır. İslam dininin əsasları və Qurani-kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abrı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bu hədəfi əsas tutaraq şəhid oldu. Çünki Peyğəmbərin (s) və İslamın düşməni olan Bəni-Üməyyə dinimizin əsaslarını ayaq altına alaraq, İslamı yer üzündən silmək niyyətində idilər. İmam Hüseyn (ə) isə öz şəhadətilə onların bu fitnəsini faş edərək, İslamı ən böyük təhlükədən qorudu.
Ayətullahül-üzma Nasir Məkarim Şirazi