NAMAZIN MƏNƏVİ VƏ RUHİ BAXIMDAN FƏLSƏFƏSİ NƏDİR?


Namazın mənəvi faydaları çoxdur. Bunlardan üçünü zikr etməklə kifayətlənirik:

1) İnsanın öz nəfsinə təlqin etməsi;
Bunun əhəmiyyəti psixologiya elmində sübuta yetirilmişdir. Belə ki, nəfsə təlqin vasitəsilə ağır xəstələr şəfa, sağlam adamlar isə xəstəlik tapır. Əxlaqsız insan əxlaqlı, əxlaqlı isə əxlaqsız olur. Düz adam əyriyə, əyri düzə, dinsiz dindara, dindar isə dinsizə çevrilir.
Nəfsə təlqin etmək sanki insanın özünə təkrarlı surətdə bu sözləri deməsinə bənzəyir: “Sən yaxşı adamsan, düzdanışansan. Heç vaxt xəyanət etmirsən. Sən yaxşı insanlarla oturub-durursan. Gərək sən həmişə əməli saleh və sadiq bir insan olasan.”
Bu sözləri ardıcıl təlqin edən şəxsin vücudunda yuxarıda zikr olunan bəyənilmiş sifətlər kök atır və onun əməlində, rəftarında, əxlaqında böyük iz buraxır.
Namazqılan şəxs gecə-gündüz namazda saleh insanlardan olduğunu təkrar edir, özünü onlarla bir cərgədə bilir və təvazökarlıq göstərir. Təbii olaraq bu təlqin onun canında və ruhunda iz buraxır. Nəticədə o, saleh bəndələr sırasına daxil olur.

2) Mənəvi və ruhi ləzzət;
Namazın mənəvi və ruhi faydalarından biri də insanın namazdan ləzzət almasıdır. O, namaz qılarkən öz Məhbubu (Allahı) ilə söhbət edir və bununla vüsalına çatır. Namazqılan o qədər mənəvi ləzzətə qərq olur ki, maddi ləzzətlər onun gözündə heçə dönür.
Behişt əhli üçün ən böyük ləzzət Allahın onlardan razılığı və onların da Allahdan razı qalmasıdır. Quran bu barədə buyurur:

رَّضىِ‏َ اللَّهُ عَنهُْمْ وَ رَضُواْ عَنْهُ
“Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar.”
Bu şirin duyğu Allahla ünsiyyət, həmçinin bəndənin Allaha olan itaəti və razılığı vasitəsilə bu dünyada da özünü göstərir. Buna görə də on dörd məsum (ələyhimussalam) namaza sonsuz məhəbbət bağlamış və bundan mənəvi ləzzət almışlar.
Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) hədislərin birində belə buyurur:
“Namaz, mənim gözümün nurudur.”
İmam Əlinin (ələyhissalam) fəziləti barəsində yazılmış kitablarda o həzrətin namaza, hətta müstəhəb namazlara əhəmiyyət verdiyi və sıx bağlılığı bildirilmişdir. O, namazı elə şövqlə qılırdı ki, yorğunluq və halsızlıq belə hiss etmirdi. Çox namaz qıldıqlarına görə Rəsuli-Əkrəmin (salləllahu ələyhi və alihi və səlləm) və həzrət Zəhranın (ələyhassalam) ayaqları ağrıyardı. Bununla belə namaz onlara o qədər şirin gəlirdi ki, davamlı olaraq namaz qılır və ondan mənəvi qida alırdılar.
Günahlardan uzaq olub Allah-təala yolunda çalışan və Ona qeydsiz-şərtsiz itaət edən hər bir müsəlmanın belə bir mənəvi ləzzət almaq imkanı var. Kərbəla səhrasında şəhid olan yetmiş iki nəfər Allahın razılığını əldə etmək üçün ruhi ləzzətə elə qərq olmuşdular ki, bədənlərinə dəyən ox, qılınc və nizə yaralarını unutmuşdular.

3) Bərzəxdə olan ləzzət;
Mənəvi faydalardan biri də bərzəx aləmində namazın təcəssüm etməsi və onun ləzzətidir. Belə ki, ayə və hədislərə əsasən bizim bütün danışıqlarımız və əməllərimiz mənəvi aləmdə qeydə alınır. Bu həqiqətə inanmaq üçün ata-babalarımızın güclü imana ehtiyacı var idi. Lakin bugünkü imkanların, o cümlədən maqnitofon, video və s. vasitəsilə artıq bu həqiqəti qəbul etmək asanlaşmışdır.
Əməllərimiz bizdən heç vaxt ayrılmır. Bərzəx aləmində başqa bir şəkildə gözümüzün önündə canlanaraq dostumuza və sirdaşımıza çevrilir. Necə ki, əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur:
“Heç kəs qəbirdə tək deyildir, çünki əməlləri onun yanındadır.”
Qəbir və Bərzəx aləmində insana ən yaxın olan dost onun namazlarıdır. Namazqılan şəxsin namazı Bərzəx aləmində gözəl bir surətdə ona qovuşur və o, bu qovuşmadan sonsuz ləzzət alır. Bu ləzzətin dünyada qılınan namazın ləzzətindən qat-qat üstün olduğunu hiss edir.
Dünyada hansı əmələ meyl və əlaqə çox olmuşsa, Bərzəx aləmində də həmin əməl müəyyən şəkildə və surətdə həmin şəxslə bir yerdə məhşur olacaqdır. Yəni əgər onun meyli namaza olubsa, Bərzəxdə də namazla məhşur olacaqdır. Əksinə, hər kəs dünyada pis işlər görsə, ruhi əzab çəkməklə yanaşı, həmin pis əməllər mücəssəm olub Bərzəx aləmində onun ruhuna əzab verəcəkdir.
Beləliklə, hər kəs dünyadakı vəzifəsini layiqincə yerinə yetiribsə, onun ruhu həmişə şad olaraq xeyir əməllərdən ləzzət alır.
Tarixdə qeyd olunduğu kimi, bəzi şəxslərin ruhlarını çağırıb nə ilə məşğul olduqlarını soruşduqda - “Biz dünyada hansı işlərlə məşğul olurduqsa, Bərzəxdə də həmin işlərlə məşğuluq.”- deyə cavab verəcəklər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter