NİYYƏTİN FƏLSƏFƏSİ NƏDİR?
Başda namazın ruhu olmaqla bütün vacib və müstəhəb ibadətlərin hamısı niyyətə bağlıdır. Qəlbin qəsd etməsinə və yaxınlıqla ixlasın birlikdə gözlənilməsinə niyyət deyilir. Qürbət (yaxınlıq) dedikdə məkan yaxınlığı yox, mənəvi yaxınlıq nəzərdə tutulur. İxlas isə yalnız Allahın razılığını düşünüb Onun dərgahına yaxınlaşmaqdan ibarətdir.
Başqa sözlə, bəndənin əməlləri məxluqata (insanlara) və maddi mənfəətlərə xatir olmamalıdır.
İmam Sadiq (ələyhissalam)-
الَّذِى خَلَقَ الْمَوْتَ وَ الحَْيَوةَ لِيَبْلُوَكُمْ أَيُّكمُْ أَحْسَنُ عَمَلا
“Ölümü və həyatı yaradan kəs (Allah) hansınızın daha yaxşı əməl sahibi olduğunuzu imtahan etmək istəyir” ayəsinin təfsirində belə buyurur:
“Pərvərdigarın “daha yaxşı əməl” kəlməsində məqsədi “ən çox əməl” deyildir. Allah-təalanın məqsədi budur: “Sizi ən düzgün əməllə imtahan edər.” Ən düzgün əməl isə yalnız Allahdan (günah etməkdə) çəkinmək və sadiq (saf, xalis) niyyətdən ibarətdir.”
Sonra həzrət əlavə edib buyurdu:
“Xalis əməl ondan ibarətdir ki, Allahdan başqa bir kəsin səni tərifləməsinin intizarında olmayasan. Həqiqətən, niyyət əməldən üstündür.”
Göründüyü kimi, bu rəvayətdə xalis əməl yalnız Allaha xatir olan əməl kimi tanıtdırılmışdır. Xalis niyyətin ən yüksək dərəcəsi isə Cənnətin nemətlərinə, Cəhənnəmin qorxusuna, duaların qəbul olmasına, nemətlərin şükrünə görə olmayan niyyətdir. Bu barədə İmam Əli (ələyhissalam) buyurmuşdur:
(Pərvərdigara!) “Sənə Cəhənnəm atəşinin qorxusuna və ya Cənnətin nemətinə görə ibadət etmirəm. Səni yalnız ibadətə layiq bildiyim üçün ibadət və sitayiş edirəm.”
Məşhur alimlərin nəzərində hədisdə qeyd olunan bu üç məqsəddən hər hansı biri insanda olsa, Allah dərgahında qəbuldur. Quran ayələrinin bəzisi bu mətləbə işarə edir. O cümlədən;
وَ ادْعُوهُ خَوْفًا وَ طَمَعًا
-“Onu (Allah) qorxu və ümidlə çağırın.”
إِنَّهُمْ كَانُواْ يُسَرِعُونَ فىِ الْخَيرَْاتِ وَ يَدْعُونَنَا رَغَبًا وَ رَهَبًا
- “Onlar həmişə xeyir iş görməyə can atmaqla yanaşı qorxu və ümid içində bizi (Allahı) çağırırdılar.”
Ayələrdən bu əməllərin (qorxu və ümid) düzgünlüyü aydın olur.
“Kafi” kitabının müəllifi mərhum “Kuleyni” İmam Sadiqdən (ələyhissalam) belə bir rəvayət nəql edir:
“Allahın bəndələri üç dəstədən ibarətdir. Bir dəstə Allah- təalanın onlara əzab verəcəyindən qorxaraq ibadət edir. Bu, qulların ibadətidir. Başqa bir dəstə savab qazanmaq üçün Allaha ibadət edir. Bu isə tacirlərin ibadətidir. Sonuncu dəstə isə Allaha sonsuz məhəbbət bəslədiyi üçün Ona ibadət edirlər. Bu da azad insanların ibadətidir. Ən üstün ibadət məhz budur.”
Bu hədisə əsasən hər üç dəstənin ibadətinin düzgün olması bir daha aydınlaşır.
Lakin ibadət camaata xatir olsa, insan riya məqsədilə özünü onların gözündə böyütmək istəsə və kiminsə onu tərif etməsi intizarında olsa, bu ibadət batildir. Hətta belə əməl ibadət olmasına baxmayaraq ən böyük günahlardan biri sayılar.
Riyasız olan digər yaxşı işlərə gəldikdə isə, məsələn, həm insanın Allahın razılığından ötrü, eyni zamanda nəfəqədən xilas olmaq üçün qul azad etməsini, yaxud həm Allaha görə, həm də sərinlik üçün dəstəmaz almasını, yaxud da həm Allahın razılığı üçün, həm də yeməkdən pəhriz saxlamaq üçün oruc tutmasını fiqhə aid olan bəhslərdə bəyan etmişəm. Əgər bu növ niyyətlər əsl məqsəd, qəsdi-qürbət (Allahın razılığı) isə ikinci dərəcəli hədəf olarsa, həmin əməl batildir. Amma əksinə olarsa, həmin əməl düzgündür. Fəqihlərin fətvası da bu prinsipə əsaslanır.
Riyadan uzaq olan hər bir ibadət Allah dərgahında bəyənilib qəbul olunacaqdır. Bu nöqtə rəvayətlərin birində belə bəyan olunur:
“Gizlində verilən sədəqə, aşkarda verilən sədəqədən çox-çox üstündür. Çünki gizlin verilən sədəqədə heç bir riya yoxdur.”
Həmçinin, gizlində zikr və dua, aşkarda edilən zikr və duadan üstündür. Evdə qılınan nafilə namazları da məsciddə qılınan nafilə namazlarından fəzilətlidir.
Hər bir ibadətdə niyyətin pak və xalis olması barədə çoxlu ayə və rəvayətlər mövcuddur. “Bəyyinə” surəsinin 5-ci ayəsində belə buyurulur:
وَ مَا أُمِرُواْ إِلَّا لِيَعْبُدُواْ اللَّهَ مخُْلِصِينَ لَهُ الدِّين
“Onlara – Allaha kamil ibadət etməkdən başqa bir şey əmr olunmamışdır.”
Hədislərin birində belə buyurulur:
“Həqiqətən, bütün əməllər niyyətə bağlıdır.”
Başqa bir hədisdə isə belə buyurulur:
“Möminin niyyəti əməlindən üstündür.”
Niyyətdə qəlbin qəsd etməsindən əlavə iki vacib və iki müstəhəb əmr də lazımdır. İki vacib əmr “qürbət” və “ixlas”dan ibarətdir. Səhih sənədə əsasən Zürarədən nəql olunan rəvayət bu mətləbə aşkar şəkildə işarə edir:
İmam Məhəmməd Baqir (ələyhissalam) buyurur:
“Hər hansı bir əməli yerinə yetirib Allahın razılığını qazanmaq və axirət sarayını əldə etmək istəyən şəxs əlavə olaraq camaatın razılığını da həmin əmələ daxil etsə, müşrik sayılar.”
İki müstəhəb əmr isə “hüzuri-qəlbin və diqqətin”, digəri də “xuzu və xuşu”nun olmasından ibarətdir. Sonuncuları aydınlaşdırmaq istərdik:
1) Qəlbin hüzuru və diqqəti;
Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:
“Qəlbin hüzuru və diqqəti ilə qılınmayan namaz namaz deyil.” Qəlbin diqqəti olamadan qılınan namazın etibarı və qiyməti Allah- təalanın dərgahında aşağı düşəcəkdir. Namazda qəlbin diqqəti və hüzuru hansı səviyyədə olsa, həmin miqdarda da qəbul olunacaqdır. İmam Baqir (ələyhissalam) buyrmuşdur:
“Namazqılan bəndənin namazı o zaman qəbul olacaqdır ki, qəlbi və diqqəti namazda olsun.”
Başqa bir məsum (ələyhissalam) belə buyurur:
“Hər kəs namaz qılarkən dünyəvi işləri fikrindən çıxarıb hüzuri- qəlblə namazını tamamlasa, bütün günahları bağışlanacaq.”
Başqa bir yerdə buyurulur:
“Namaz möminin meracıdır. Əlbəttə ki, məqsəd möminin ruhunu asimana qaldıran namazdır.”
Qəlbin diqqəti ilə qılınan namaz o namazdır ki, namaz vaxtı ruh maddi aləmlə əlaqəsini kəsib mənəvi aləmi seyr etsin. Namazda hüzuri-qəlbin ən üstün nümunələrini məsumlar (ələyhimussalam) bizə öyrədir. Biz namazda o həzrətlərin dərəcəsinə çata bilməsək də, çalışmalıyıq ki, namaz qılarkən heç olmasa, dünyəvi işləri zehnimizdən uzaqlaşdıraq. Əgər hər gün yavaş-yavaş bunu özümüzə aşılasaq, hüzuri-qəlb əldə edəcəyik.
İmam Əli (ələyhissalam) namaz qılarkən dəfələrlə bihuş olurdu.
Tarixdə o həzrətin yaralı vəziyyətdə namaz qılarkən mübarək ayağından oxun çıxarılması hadisəsi məşhurdur.
Bir gün Əli ibn Hüseyn (ələyhissalam) namaz halında ikən övladlarından biri quyuya düşür, lakin həzrətin diqqəti namazdan yayınmır.
Namazda diqqət və qəlbin iştirakı haqqında hədislərlə kifayətlənib mühüm bir nöqtəni nəzərinizə çatdırırıq:
Yəqin ki, günəşin böyüdücü şüşə (linza) vasitəsilə kağızı necə yandırdığını müşahidə etmisiniz. Görəsən bu böyüdücünün fəaliyyəti nədən ibarətdir? Cavab: Həmin böyüdücü aldığı günəş şüalarını mərkəz bir nöqtədə cəmləşdirir. Həmin nöqtədə yığılmış istiliyin hərarəti böyüdücünün bütün səthinə saçılan şüaların hərarətinə bərabərdir.
Namazqılan da fikrini cəmləşdirib hüzuri-qəlblə namaz qılsa, bu
prosesi onun zehnində və qəlbində öz işini görməyə başlayacaq. Namazqılan şəxsdə bu hal yarandıqda böyüdücü şüşə günəş şüalarını bir yerə cəmləşdirdiyi kimi namazqılan da öz vücudunu Allah-təalanın feyzini dərk etmək üçün hazırlaşdıracaq. Belə ki, deyirik: Allah-təalanın rəhmətinin və feyzinin nuru hər yeri bürümüşdür. Bu nuru əldə etmək və ilahi eşq atəşinə bürümək üçün gərək özümüzdə güc toplayaq.
Başqa bir misal: Fotoaparatın obyektivi ətrafa yayılmış işığı bir yerə toplayıb müəyyən olunmuş nöqtədə cəmləşdirir. Sonra həmin işığı fotoaparatın şüşəsinə ötürür və əksi çəkilmiş əşya orada həkk olunur.
Əgər biz də namaz halında ilahi feyzin nurunu bir yerə toplasaq, həmin nur qəlbimizdə həkk olub ilahi rəng və rövnəq tapar.
2) Xuzu və xuşu;
Xuzu bəndənin qəlbən Allah-təalaya olan tam diqqəti, Onun sonsuz əzəməti qarşısında öz kiçikliyini, ehtiyacını bildirməsi ilə, ümid və qorxu içində bir haldan ibarətdir. Xuşu isə bəndənin zahirdə Allah-təalaya qarşı izhar etdiyi ədəb-ərkandan ibarətdir.
Bu iki hal Yaradana olan inamı, vüqar və ədəbi bildirir. Allah-təala “Möminlər” surəsində buyurur:
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فىِ صَلَاتهِِمْ خَاشِعُون
“Həqiqətən, möminlər nicat tapdılar. (Onlar) o kəslərdir ki, namazlarında müti olub boyun əyərlər.”