NAMAZIN ASTADAN VƏ UCADAN QILINMASININ FƏLSƏFƏSİ NƏDİR?


Namazı bəzən astadan, bəzən ucadan qılmağın öz gözəllikləri və hikmətləri vardır. Belə ki, ucadan qılmaq eşitmə vasitəsilə insanın beyin sinirlərində böyük təsirlər və izlər buraxır. Asta qıldıqda isə insanda aramlıq yaranır. Yaradana yaxınlıq hissi və ixlas aşkar olur. Buna görə də zikrləri səssiz demək yaxşıdır. Qurani-Kərim “Əraf” surəsinin 55-ci ayəsində buyurur:

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَةً ‏
“Pərvərdigarınızı yalvarışla və ahəstə olaraq çağırın.”
Həmin surənin 205-ci ayəsində isə belə buyurulur:

وَ اذْكُر رَّبَّكَ فىِ نَفْسِكَ تَضَرُّعًا وَ خِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَ الاَْصَالِ
“Pərvərdigarını qəlbində zəlil halda, astadan, səhər-axşam yad et.”
Sakit və astadan edilən zikrlər riyadan uzaqdır. Gizlində verilən sədəqə aşkar şəkildə verilən sədəqədən qat-qat üstün olduğu kimi, namazda da qiraətin astadan oxunması riyadan uzaqdır. Buna aid rəvayətlər də mövcuddur.
Namazı yavaş qılarkən bütün diqqət beyinə yönəlir. Şəriətdə namazı uca və asta qılmaq məsələsi təsdiqlənmişdir. Bunların hər ikisinin incəlikləri var. Lakin zöhr və əsr namazlarının ahəstə, şam, xiftən və sübh namazlarının isə ucadan qılınmasının sirri və fəlsəfəsi hələ də kəşf edilməmişdir. Buna görə də vacibdir ki, bu göstərişləri ibadi bir əməl kimi qəbul edək. Ola bilsin ki, gələcəkdə elmin inkişafı nəticəsində namazı asta və uca qılmağın fəlsəfəsi aydınlaşsın.
“Munacat” kəlməsi “nəcva” kökündəndir. İki nəfərin bir-birilə ahəstə söhbətinə “nəcva” deyilir. Bu cəhətdən də Allah-təala ilə yavaş və astadan edilən söhbətə “munacat” deyilir.
“Safi” kitabında “Əraf” surəsinin 55-ci ayəsinin təfsirində belə bir rəvayət vardır:
“Rəsuli-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) öz səhabələri ilə səhradan keçib bir məntəqəyə çatdı. Bu zaman səhabələrin təkbir və təhlil səsləri göyə ucaldı. Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: “Nə üçün səsinizi ucaldırsınız? Allahı ahəstə çağırın və ahəstə zikr edin! Məgər Allah sizdən uzaqdır? Sizə yaxın məhz Odur və O, hər şeyi eşidəndir.”
“İddətud-dai” kitabının 243-cü səhifəsində deyilir:
“Peyğəmbəri-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurdu: “Allahı zikr et və “xamil” zikr et!”
Əbuzər soruşdu: “Xamil nə deməkdir?”
Həzrət buyurdu: “Ahəstə”.
Salavat barəsində çoxlu rəvayətlər mövcuddur. Lakin onlardan yalnız biri salavatın ucadan zikr edilməsini vurğulayır. Ola bilsin ki, həmin hədisin fəlsəfəsi bundan ibarətdir ki, Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) mübarək adı dünyaya yayılsın. Necə ki, Qurani-Kərim bu barədə buyurur:
وَ رَفَعْنَا لَكَ ذِكْرَك ‏
“Adını sənin üçün (aləmlərdə) ucaltdıq.”
Rəvayətlərin birində belə buyurulur:
“Gizlində edilən zikrin savabı aşkarda edilən zikrdən yetmiş dəfə çoxdur.”
Yenə də həmin kitabın 283-cü səhifəsində zikrin mərtəbələrini sayaraq onu dörd hissəyə ayırır:
-Aşkar zikr.
-Gizli zikr.
-Qəlb zikri.
Allahı həmişə göz önündə hazır bilmək. Bu şərtlə ki, həmin hiss günahın tərk edilməsinə və itaətə səbəb olsun.
Bəziləri namazın ucadan qılınmasının fəlsəfəsi barəsində belə demişlər: “Namazda oxunan qiraət sanki Quranın qiraəti ilə eynidir. Həmçinin namazdan əlavə zikrlər də ucadan deyilməlidir ki, Allaha diqqətdən həm dil, həm qəlb və həm də qulaq öz məhbubunun kəlamını eşidərək ləzzət alsın. Azanı uca səslə demək möminlərə ruhi ləzzət bəxş edir.
Lakin namazın astadan qılınması yuxarıda qeyd olunan incəliklərdən məhrumsa da, əvəzində iki boru ilə axan suya bənzəyir. Belə ki, əgər onlardan biri bağlansa, digərinin cərəyanı artacaq. Bu cəhətdən də namaz qılınanda beyinə verilən güc artır və namaz qılanın qəlbinin diqqəti güclənir. Namaz qılan istəyir ki, uca səslə bütün bədən üzvlərinə namazın əhəmiyyətini çatdırsın.
Cəbrail mələk vasitəsilə imtahana çəkilən həzrət İbrahim (ələyhissalam) Allahın mübarək adını eşitmək üçün bütün var-dövlətini fəda etdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter