Mövcudat «Qədİm»dİr, yaxud «Hadİs»?
Tarix boyu fəlsəfi bəhslər arasında geniş və köklü mübahisə obyektinə çevrilən məsələlərdən biri də mövcudatın «Qədim», yaxud «Hadis» olmasıdır. Fəlsəfi ədəbiyyatda bu iki kateqoriyanı əks etdirə bilən konkret bir termin tapa bilmədik. Buna görə də hər iki kəlməyə dair bir qədər açıqlama verməyi məqsədəuyğun saydıq.
«Qədim» sözü, doğma ana dilimizdə olduğu kimi –uzaq keçmişə xas olan şeylərə deyilir. Məsələn, yaşı min illər olan tikili, uzaq keçmişləri xatırladan yaşlı ağac və s. xalq arasında qədim sayılır. Lakin fəlsəfi termin kimi «qədim» kəlməsi tarixi olmayan, əzəli varlıqlara deyilir. Daha dəqiq tə’rif vermək istəsək, belə deyə bilərik ki: «Qədim –əvvəli yoxluq olmayan əzəli varlığa deyilir». Bu tə’rifə əsasən, yaşı minlər, bəlkə də milyonlar olan bir varlıq fəlsəfi nöqteyi nəzərdən qədim sayılmır.
«Hadis» kəlməsi isə, birincinin antonimi olaraq yaşı çox olmayan gənc varlıqlara deyilir. Konkret olaraq, hadis sözünü «yeni» kimi tərcümə etmək olar. Bu kəlmə də öz «əkizi» kimi fəlsəfə də başqa mə’nada qəbul olunmuşdur. Belə ki, yaşı nə qədər çox olsa belə, sonradan vücuda gələn varlıqlar hadis sayılırlar. Beləliklə, «Yaşından asılı olmayaraq əvvəli yoxluq olub, müəyyən tarixdə meydana gələn varlıqlar hadis adlanır». Ötən bəhsimizdə sübuta yetirdik ki, Allah-təalanın vücudu Onun zatındandır. Bunun izahında isə dedik ki, o Uca varlıq əzəldən mövcud olmuş heç kim (hətta özü) tərəfindən yaradılmamışdır. Bu, Allah-təalanın «qədim» olduğunu bizə açıq şəkildə bəyan edir.
Fikrimizcə «Qədim və hadis» bəhsinin fəlsəfəyə daxil olması «Nəticənin səbəbə ehtiyacı» məsələsilə bağlıdır. Tarix boyu mütəfəkkir və filosoflar belə bir sual ətrafında düşünmüşlər: «Nə üçün nəticə öz səbəbinə ehtiyaclıdır?»
Bu sualın cavabında, artıq bizə tanış olan kəlam məktəbləri nəticənin səbəbə ehtiyacını, onun hadis olmasında görürlər. Onlara görə hər bir nəticə öz səbəbindən sonra mövcud olmalı və onların arasında zaman fasiləsi hökm sürməlidir. Nəticənin öz səbəbilə bir zamanda vücuda gəldiyini qəbul etsək, onun səbəbə olan möhtaclığını inkar etmiş olarıq. Əlbəttə kəlam alimlərinin əsl məqsədi, ən’ənəvi olaraq, hər bir mövcudun səbəbi olan Allah-təalanın «Qədim», məxluqatın isə «Hadis» olduğunu və beləliklə, Ona möhtac olduğunu isbat etməkdir.
Filosoflar arasında ilk dəfə olaraq Molla Sədra nəticənin səbəbə ehtiyacını düzgün və əsaslı şəkildə izah edə bildi. O, nəticənin səbəbə ehtiyacını, onun «Hadis» olmasında görənlərin nəzəriyyəsini yanlış hesab etdi. Filosof bu ehtiyacı nəticənin səbəblə müqayisədə «vücuda zəiflik və fəqirlik» anlamı ilə izah edirdi. Həmçinin o, vücudun vacib deyil, mümkün olmasını, onun öz səbəbinə möhtac olması üçün başlıca amil hesab edirdi. Mütəaliyə filosofları bu müddəanı isbat etmək və kəlam alimlərinin nəzəriyyəsini rədd etmək üçün gətirdikləri dəlillərdən birilə tanış olaq: Biz varlıq aləmində səbəb və nəticələri mülahizə edərkən bir çox möhtac nəticələr görə bilərik ki, öz səbəblərindən sonra yaranmışlar və onların arasında zaman fasiləsi yoxdur. Məsələn, günəşin şüası günəşlə eyni zamanda vücuda gəlmişdir, lakin bu şüanın günəşə nə qədər möhtac olduğu şübhəsizdir. Kəlamilərin məntiqinə əsasən, günəş səbəb, onun şüası isə nəticə olduğu üçün, əvvəl günəş yaranmalı, müəyyən zaman fasiləsindən sonra onun şüası vücuda gəlməlidir. Beləliklə, filosoflar öz nəzəriyyələrini isbat etmiş olurlar. Qeyd etmək lazımdır ki, bu nəzəriyyə yalnız nəticənin səbəbə ehtiyacını onun «Hadis» olmasında görən fikiri inkar edir. Lakin bə’zi filosoflar bu nəzəriyyədən daha kəskin nəticələr alaraq, aləmin «Qədim» olduğunu iddia etmiş, Allah-təaladan başqa bir əzəli varlığın mümkünlüyünü düşünmüşlər. Onlar hətta öz müddəalarına dəlil olaraq deyirlər:
«Bütün aləm Allah-təalanın yaratdıqlarıdır. Xəlq etmək Onun lütfü, mərhəməti, ehsanı ilə eynidir. Öncə qeyd etdiyimiz kimi, Allah-təalanın sifətləri Onun zatı ilə eynidir. Onun zatı qədim olduğu üçün, bütün sifətləri, lütfü, mərhəməti, ehsanı da qədim və əzəlidir (Qədimul-Ehsan). Əgər bu sifətlər qədimdirsə, onun xəlq etdiyi aləm də qədim olmalıdır.»
Filosofların bu fikrinə cavab olaraq, dövrümüzün ən böyük İslam filosoflarından biri olan Məhəmməd Təqi Misbahın iradı ilə tanış olaq:
Allahın lütfü, mərhəmət və ehsanının qədim olması, eləcə də heç bir zaman və məkan buxovları ilə məhdudlaşmaması şübhəsizdir. Lakin bu, məsələnin yalnız bir tərəfidir. Bu lütfü, mərhəmət və ehsanı əxz edən tərəf (məxluqat) də nəzərə alınmalıdır. Onlar qeyri-məhdud ilahi lütfə şamil olmaqda məhduddurlar. Necə ki, Allahın lütfünün nə qədər hədsiz olmasına baxmayaraq, maddə aləmi zaman və məkan məhdudiyyəti ilə yaradılmışdır. Dahi filosofun əvəzsiz iradına çox kiçik də olsa, daha iki irad əlavə etmək istəyirik: – Əvvəla mütəaliyə fəlsəfəsində əsas şərtlərimizdən biri fəlsəfi nəzəriyyələrin dini tə’limlərə uyğun gəlməsidir. Aləmin qədim olması bizim möhkəm əqidə üsullarımıza müvafiq deyil. Qur’ani-Kərim və səhih hədislər Allah-təalanın mövcudatı yoxdan var etməsini, Onun hər şeydən öncə mövcud oluduğunu tə’lim edir. Bu isə aləmin hadis olduğundan xəbər verir. İkincisi, biz Allah-təalanın sifətlərini diqqətlə nəzərdən keçirməliyik. Lütfkar olmaq lütf etmək demək deyildir. Mərhəmətli olmaq mərhəmət etmək kimi dərk olunmamalıdır.
Diqqət etmək lazımdır ki, birincilər şəxsin zatı sifətləri, ikincilər isə bu sifətlərdən qaynaqlanan davranış və hərəkətlərdir. Mümkündür ki, şəraitdən asılı olaraq bu sifətlər mövcud olduğu halda, onlardan qaynaqlanan hərəkətlər icra olunmasın. Bu isə həmin sifətlərə və sifət sahiblərinə nöqsan gətirməz!