AZAN VƏ İQAMƏNİN FƏLSƏFƏSİ NƏDİR?


Azan kilsə zəngi müqabilində dayanan ən böyük İslam şüarıdır. Onların müqayisəsini pak vicdanlı oxucuların öhdəsinə buraxırıq. Azanın cümlələrinin mənasına diqqət insanı qəflət yuxusundan oyadır, bizi cəlbedici maddi aləmdən uzaqlaşdırıb diqqətimizi mənəvi aləmə doğru yönəldir. Bəzən Peyğəmbəri-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) dünyəvi işlərdən uzaqlaşmaq üçün azanı xatırladıb buyurardı:
يا بلال ارحنا

“Ey Bilal! Bizi feyzə çatdır!”
Müəzzin azan verən zaman xalis tövhid nidası və sonuncu Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) nübüvvəti ictimai fəzada bir daha işıqlanır. Bu ən böyük bir şüar olmaqla yanaşı, müsəlmanların, o cümlədən qeyri-müsəlmanların ruhiyyəsinə və qəlbinə nüfuz edərək dərin bir iz buraxır.
Azanda Allah-təalanın əzəmətinə, Onun yeganəliyinə, nübüvvətə və namazın sifətlərinə (nicat tapmaq, ən yaxşı əməl) iqrar edilir.
Azan Qiyamət gününün bərpası üçün İsrafil mələyin (ələyhissalam) üfürəcəyi birinci sura işarədir. (Birinci sur ruhların bədənlərdən ayrılmasına, ikinci isə ruhların yenidən bədənə qaytarılmasına işarədir).
Azan və iqamənin faydaları, həmçinin savabı barəsində bir çox rəvayətlər nəql edilmişdir.
Azan kazarmada xidmətdə olan əsgərlər üçün səslənən şeypura bənzəyir. Əsgərlər şeypurun səsini eşidən kimi cəld, lazım olan ləvazimatı (güllə, silah və s.) götürüb müəyyən olunmuş mərkəzdə sıraya düzülməklə xidmətə hazır olduqlarını bildirirlər.
Həmçinin müsəlman, azanın səsini eşitdikdə mənəvi aləmlə əlaqə yaratmaq məqsədilə bütün diqqətini Allah-təalaya yönəldərək özünü tələsik namaz qılınan məkana çatdırır. Quran bu barədə belə buyurur:

يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ إِذَا نُودِىَ لِلصَّلَوةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ ‏
“Ey iman gətirənlər, cümə günü namaza nida olunduğu (azan verildiyi) zaman Allahı yad etməyə tələsin.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter