Nə üçün hər gün namazda təkrar olaraq: İlahİ, bİzİ düz yola hİdayət et, deyİrİk?


Nə üçün hər gün namazda təkrar olaraq: İlahi, bizi düz yola hidayət et, deyirik?
Məgər bir müsəlman və mömin olaraq düz yolda deyilikmi?
Getdiyimiz yolun doğruluğuna şübhəmi edirik?
Olmaya zəlalətə uğradığımızı güman edirik?
Həqiqətdə, doğru yol dedikdə insanın yol ayrıcında seçdiyi bir yol deyildir ki, o, bu yolu bir dəfə tapmaqla onunla sonadək gedə bilsin. Əksinə, insan hər an, hər hansı bir mövqe tutmaq və hətta danışmaq istədikdə belə özünü müxtəlif yollar və seçimlər qarşısında görür. Hansı ki, bu yollardan yalnız biri doğru, digərləri isə əyri və batil yolları təmsil edir. Deməli, insan hər an zəlalətə uğramaq və tutduğu yoldan üz döndərmək təhlükəsi ilə üzləşə bilər. Məhz bu səbəbdən o, daim: İlahi, bizi doğru yola hidayət et deyə dua etməlidir. Çünki əsas məsələ doğru yolu tanıyıb, addımlamaq deyil, bu yolda sabit qədəm olub sədaqətlə davam etdirməkdir. Hidayət olunub haqq yolu tanıdıqdan sonra zəlalətə uğramamaq və batilə doğru meyl etməməyimiz üçün Allah-təala da bizləri daim Onun himayəçiliyini diləməyə çağırır.
Belə ki, Ulu Tanrımız Qurani-Kərimin \'\'Ali-İmran\'\' surəsinin 8-ci ayəsində buyurmuşdur:
“Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən həqiqətən ən (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!”
Digər bir ayədə isə uca və əzəmətli xaliqimiz bizə böyük İsrail alimi olmuş Bələm ibn Bauranın əhvalatını xatırladaraq, hidayət və zahidliyin ən uca zirvəsinə yüksəldikdən sonra qəflətən küfr və zəlalət bataqlığına düşdüyü üçün onu mənfi insan obrazında nümunə gətirmişdir. Allah-təala bu şəxs haqqında \'\'Əraf\'\' surəsinin 175-176-cı ayələrində məlumat vermişdir:
“(Ya Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin (Bələm ibn Buranın ) xəbərini söylə. O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu.
Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da, dilini çıxardıb ləhləyər, cummasan da. Bu ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəllərdir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!”
Məgər İblis Allaha ibadət edib, Onun qarşısında boyun əyməmişdirmi? Hətta cin tayfasından olmasına baxmayaraq, Allah-təala onu yaxşı ibadət etdiyi üçün mələklərin səviyyəsinə də qaldırmışdı. Qeyd edək ki, Allah-təala onun cinlərdən olması haqda belə buyurmuşdu:
“(Ya Məhəmməd!) Xatırladaq ki, bir zaman mələklərə: “Adəmə (təzim məqsədilə) səcdə edin!” –demişdik. İblisdən başqa hamı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi”.
Lakin o, bir anlıq yolundan azması nəticəsində qiyamət gününə qədər zəlalət və bədbəxtlik rəmzinə çevrildi. İmam Əli(ə) bu haqda belə demişdi:
“İblis altı min il Allaha ibadət etmişdir. Özü də bilinmir ki, bu (altı min il) dünya illərinə aiddir, yoxsa axirət illərinə”.
Bir çox hədislərdə haqq yolda böyük bir məsafəni qət etdikdən sonra süquta və zəlalətə uğramış, tarixdə mənfi obrazda misal vurulan bəzi insanlar haqda məlumat verilmişdir. Yəhudi cəmiyyətlərindən birində Allah qarşısında boyun əyib Ona zəlilcəsinə ibadət etməkdə nümunə olmuş Bərsisa adlı zahid bir abidi buna misal gətirmək olar. Allah dərgahında ali fəzilətlər və yüksək məqam sahibi olduğundan bu abidin duası tez müstəcəb olardı. Camaat onun yanına ruhi və digər xəstələri gətirər, abid isə öz növbəsində həmin xəstələrə dua edər və onlar Allahın izni ilə Bərsisanın yanında şəfa tapırdılar.
Günlərin birində onun yanına ruhi xəstəliyə düçar olmuş gözəl və şərəfli bir qadın gətirirlər. Qardaşları Bərsisanın duaları və nəfsinin bərəkəti ilə ona Allah tərəfindən şəfa verilməsi üçün bu zavallı qadını onun daxmasında qoyub gedirlər.
Ani bir diqqətsizliyə yol verməsi (nəfsinə aldanması) nəticəsində belə bir abid həmin xəstə qadına qarşı çox iyrənc bir cinayət işlədir. Cinayəti törətdikdən sonra bir neçə anlığa xəyala dalıb özlüyündə; bəlkə də o, hamilə olmuşdur, İlahi, nə rüsvayçılıqdır, deyə düşünür.
Nəticədə isə, rüsvayçılıqdan qurtulmaq üçün onu öldürüb səhrada basdırmaq qərarına gəlir. Lakin cinayətin aşkar və qaçılmazlığından onun gizlədilməsi mümkün deyildir. Bu səbəbdən abid hökmdarın qarşısında cinayət törətməsini etiraf etmək məcburiyyətində qalır və bu iki cinayət zina və qətl üçün onun çarmıxa çəkilib edam olunmasına hökm verilir.
Taxta üzərində çarmıxa çəkilmiş vəziyyətdə həqarətli və rüsvayçı həyatdan xilas olub rahatlıq tapmaq üçün ölümünü gözlədiyi an şeytan ona vəsvəsə edərək deyir: “Səni bu müsibətə düçar edən mən oldum. İndi, yalnız mənə bir dəfə səcdə etsən, səni bu rüsvayçılıqdan qurtararam.
Cinayətkar və bədbəxt abid şeytanın təklifini qəbul edərək ondan: Bu vəziyyətdə olduğum halda sənə necə səcdə edim? deyə soruşdu. Şeytan isə cavabında: Səcdəni işarə ilə etsən də, kifayətlənərəm, deyir.
Nəhayət, işarə ilə şeytana səcdə edən abidin bu səcdədən dərhal sonra canı çıxır…
Beləliklə, onun, həyatı, ən çirkin cinayətə batmış halda sona yetir. Duaları Allah yanında müstəcəb olan bir abid dərəcəsinə yüksəldikdən sonra Bərsisa əvvəlcə zina və qətl kimi cinayətləri törədərək Allaha küfr edib şeytana səcdə etdi.
İmanının dərəcələrindən asılı olmayaraq insanın həyatın hər bir anında süquta və zəlalətə uğramaq təhlükəsi ilə qarşılaşması bu şəkildə baş verir.
Həzrət Peyğəmbərimiz(s) bu haqda belə buyurmuşdur: “Mömin bəndə ruhu bədənindən çıxan anadək aqibətin pisləşməsindən qorxar və Allahın razılığını qazandığına əmin olmaz”.
Bundan əlavə, bir çox hədislərdə bildirilir ki, mömin bəndə digər insanlardan fərqli olaraq daha təhlükəli sınaqlarla və daha çox zəlalətə yönəldici hallarla rastlaşa bilər. İmamlardan birinə öz mücahid bir tələbəsi: Ey Peyğəmbər övladı, şeytanın bizə qarşı hiylə işlətməsindən narahatsanmı? deyə sual etdikdə İmam cavabında belə buyurmuşdur: “Şeytanın sizdən başqalarına qarşı hiylə işlətməsindən narahat olamağa dəyərmi? Artıq o başqalarına (qeyri möminlərə) qarşı öz işini görmüşdür. (yəni onları artıq tora salmışdır)”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter