Sİratül-müstəqİm nədİr?


Quran ayələrini araşdıran zaman Allaha ən yaxın yolun Siratül-müstəqim olduğunu görürük. Siratül-müstəqim nədir? Siratül-müstəqim - Allahpərəstlik, İlahi əmrlərə sadiq olmaqdır.
“De: “Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib””. (“Ənam” 161).
Bəli, bu ayədə adı çəkilən İbrahim dini - həmin Siratül-müstəqimdir.
Başqa bir yerdə oxuyuruq: “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!» Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!». (“Yasin” 60-61).
“Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola, necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur”. (“Ali-İmran” 101).
Bunu da qeyd etmək lazımdır ki, Siratül-müstəqim bir yoldur. O, Allaha ən yaxın olan yoldur. Ona görə də nə zaman Quran Siratül-müstəqim deyir, əməl və əqidə müstəvisində olan İlahi dini nəzərdə tutur. Bu, Allahla rabitə qurmaq üçün ən yaxın yoldur. Həqiqi din də bir dənədir. ”Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır”. (“Ali-İmran” 19). Bundan aydın olur ki, həqiqətdə hamı bir yerə qayıdacaqdır.
Bəziləri Siratül-müstəqimin İslam, bəziləri Quran, bəziləri Peyğəmbər (s) və İmamlar (ə) oldunu iddia edirlər. Bu deyilənlərin hamısı İlahi dinə, tövhid dininə qayıdır. Bu haqda gələn hədislərə nəzər salaq:
Həzrət Peyğəmbər (s) buyurur: “Siratül-müstəqim peyğəmbərlərin yoludur, onlar İlahi nemətə şamil olanlardır”.
İmam Sadiq (ə) buyurur: “Məqsəd - İmamın tanınması və yoludur”. Həzrət (ə) başqa yerdə buyurur: “Allaha and olsun ki, biz - Siratül-müstəqimik”.
İmam Sadiq (ə) yenə də buyurur: “Siratül-müstəqim - Əmirəl-möminindir (ə)”.
Həzrət Peyğəmbər (s), İmamlarımızın (ə) hamısı bizləri tövhid dininə dəvət edirlər. Bu dəvətdə həm əməli və həm də etiqadi cəhətlər vardır. Beləliklə deyə bilərik ki, hər kim Peyğəmbərimizin (s) və İmamlarımızın (ə) buyurduqlarına əməl edərsə, Siratül-müstəqim yoluna qədəm basar. Hər kim bu yolda olarsa, İlahi qurba yaxınlaşar və Allahın ən sevimli bəndəsinə çevrilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter