Namazda qəlb hüzurunu necə əldə edə bİlərik?


Qəlbi və canı namazla məşğul etməkdir. Fikri dediyi sözlərdə olsun, nə zaman görsə ki, fikri başqa yerə gedir, özünü toplayıb namaza qayıtsın.
İbadət ruhu ilə uyğun gəlməyən şey odur ki, insan maddi və şəxsi məsələlərini kənara qoymalıdır. Allahın razılığı olan məsələlərə diqqət etməlidir. Alimlərimiz qəlb hüzuru əldə etmək üçün bizlərə bir neçə yol göstərmişdilər. Allaha mərifət əldə etmək, müxtəlif və dağınıq məsələlərə diqqət etməmək, namaz üçün xüsusi məkan və yer seçmək, günahdan çəkinmək, namazın mənası ilə tanış olmaq, zikrin fəlsəfəsini öyrənmək, namazın müstəhəblərini yerinə yetirmək - qəlb hüzuru əldə etməyə yardım edər.
Bizim bədənimizdə olan hər bir əza və üzv camaat hökmündədir ki, bir nəfərin İmamətliyi ilə iş görürlər. Bu dünyada bədənimizin rəhbəri ağıl, xəyal, vahimə qüvvəsi və ya eşqdir. Hər kim daxilində olan rəhbəri tanıyarsa, getdiyi yolu da biləcəkdir. Sağlam insanların rəhbəri həmişə ağıl olur.
Aqil insan özünün daxili qüvvələrini və xarici rəftarlarını ağılla tənzim edər. Əgər bizim rəhbərimizin ağıl olduğunu bilmək istəyiriksə, öz əməl və rəftarımıza nəzər salmalıyıq. Yəni, insanın rəftarı və əməli onun daxilində olan rəhbərin nişanəsidir.
Əgər insan yaxşı söz danışırsa, yaxşı işlər görərsə, heç kimin pisliyini istəməzsə, zahiri və batini eyni olarsa, daxilində nur olduğunu nişan verər. Ancaq əgər kimsə pis işlər görürsə, yalan danışarsa, rüşvət alırsa, onu göstərər ki, daxilində bir xain rəhbərlik edir.
Ona görə də deyə bilərik ki, əgər kiminsə əzaları sağlamdırsa, deməli üzü qibləyə dayanıb namaz qılır. Əgər fəsad əhlidirsə, sanli namazın İmamı qibləyə arxa çevirmişdir.
Hər bir halda çoxları ağılla deyil, qarışıq həyat sürürlər. Quranda oxuyuruq: «Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz». (“Loğman” 18).
O insanlar ki, xəyalları ilə yaşayar, Allahın məhbubu olmazlar. Bu cür insanın namazı da həqiqi olmaz. Həqiqi namazı o kəs qılır ki, daxilindəki qüvvələri təmizləşmiş və ağlı hakim etmişdir. Nalayiq rəftarlar, xoşagəlməz sözlər namazımızın aqilcəsinə olmamasına gətirib çıxardar.
Əgər insan bütün əzalarını və üzvlərini ələ alsa və düşüncələrinə hakim olsa, qəlb hüzuru ilə namaz qıla biləcəkdir. Qəlb hüzuru - hər an özünü Allah dərgahında hiss etmək deməkdir. O kəs ki, hər an özünü Allah dərgahında hiss edər, qəlb hüzuru ilə namaza dayanar. Ancaq o kəs ki, Allahdan başqasını düşünər, şübhəsiz ki, namazda qəlb hüzuruna malik ola bilməyəcəkdir.

Qəlb hüzuru əldə etmək üçün 8 şərt:

1. Dəstəmazı diqqətlə və qəlb hüzuru ilə alsın. İmam Rza (ə) buyurur ki, dəstəmaz insan qəlbini pak və təthir edər.
2. Namazın əzəmətini düşünsün.
3. Elə namaz qılsın ki, sanki namazla vida edər. Sanki bir daha namaz qıla bilməyəcəkdir.
4. O zaman ki, üzü qibləyə dayanar, çalışsın dünya və xəlqi yaddan çıxartsın. Qəlb qapısını onların üzünə bağlasın.
5. Namazın mənasına diqqət etsin və namazı sakit və aram halda qılsın.
6. Bilməlidir ki, o zaman ki, namaza başlayar və namazı qurtarar, Allah ona diqqət edər. Başının üzərində bir mələk dayanar və deyər: “Ey namazqılan! Əgər bilsəydin ki, sənə Kim nəzər salır, ya Kiminlə münacat edirsən, heç bir zaman Ondan üz döndərməzdin. Heç bir zaman bu yerdən qalxmazdın”.
7. Bilməlidir ki, namaz vaxtı başının yuxarısından səmaya qədər Allah rəhməti ona kölgə salmışdır. İlahi mələklər onun ətrafından tutmuş, səmaya qədər əhatəyə almışdılar.
8. Namazda məkruhlardan imtina etsin. Namazın fəzilətini artıran əməlləri yerinə yetirsin. Məsələn, əlinə əqiq üzük taxsın, pakizə paltar geyinsin, özünə xoş ətir vursun, dişlərini firçalasın.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter