VAHİD VÜCUD, YOXSA VAHİD MƏ’NA?
Vücud barəsində mübahisə obyektlərindən biri də onun tək və ya daha çox olmasıdır. Sufilik tə’liminə görə vücud vahiddir. Xüsusilə, Hürufilik və Hülulilik cərəyanlarının nümayəndələri gördüyümüz fərqli mövcudatın vahid bir vücudun müxtəlif təzahürləri olduğunu hesab edirlər. Onlar, hətta Allahın da vücud e’tibarilə yaratdığı məxluqatla vəhdət təşkil etdiyini söyləyirlər. Bu, sufiliyin «vəhdəti-vücud» tə’limidir.
İbn Sinaya görə vücud biri digərindən təmamilə fərqlənən çoxluqdur. Məşşailər mövcudatın ortaq nöqtə tapılması mümkün olmayan çoxluq olduğunu hesab edirlər. Mütəaliyə fəlsəfəsi bu nəzəriyyələrin hər ikisini rədd edir. Bizim filosoflarımız vücudun özünün vahid olduğunu deyil, onun vahid mə’nası olduğunu bildirirlər.
Vücudun mə’nadakı vəhdəti aydın bir məsələ olduğu halda çox münaqişələrə səbəb olmuşdur. «Kəlam» alimləri vücudun mə’nada vəhdətini qəti şəkildə inkar etmişlər. Onlara görə vücud çoxmə’nalı və omonim sözlərdən sayılmalıdır. Əş’ərilər mövcudatın sayı qədər vücudun mə’nası olduğunu hesab edirlər. Mö’təzilə və İmamiyyə kəlamiləri vücudun iki mə’nası olduğunu söyləyirlər. Onların fikrincə vücud Allah-təala barəsində bir mə’nada, məxluqat barəsində isə başqa bir mə’nada başa düşülməlidir. Kəlamilər filosofları Allah və məxluqatın vücudunu eyniləşdirməkdə təqsirli bilirlər. Molla Sədra məktəbinin nümayəndələri öz mövqelərindən çəkinməmiş, müddəalarını gözəl dəlillərlə təsbit etmişlər. Bu müddəanı isbat edən sadə dəlillərdən biri ilə tanış olaq: Vücudun çox sadə bir mə’nası vardır: –Bu varlıqdır. Diqqət edin, varlıqla tərəf müqabili ola biləcək məfhum nədir? Yoxluq deyilmi?! Biz müəyyən bir şey barəsində yalnız bu iki məfhum əsasında hökm edə bilərik. Hər hansı bir şey barəsində –həm vardır, həm də yoxdur, yaxud, nə vardır, nə də yoxdur –demək olarmı? Bu müddəa yunan filosofu Aristotelin formalaşdırdığı «üçüncünü istisna qanunu»na (Exclisi tertii principium) uyğun qurulmuşdur. Bu qanuna görə, varlıq və yoxluq arasında olan iki hökmdən biri, mütləq həqiqidir. Burada üçüncü hökm ola bilməz.
Beləliklə, vücudun vahid mə’nası vardır və o da, varlığın özüdür. Varlıq isə mövcud olan bütün əşyalar barəsində eyni mə’na kəsb edir. Bu yöndə ortaya çıxan anlaşılmazlıqların isə izaha ehtiyacı var.
Doğrudan da, vücudun bir mə’nası olarsa, bu, bizi xəlq edən Allahla bizim vücudumuzun eyni olması demək deyilmi?
Cavab: Biz ümumi məfhumlara diqqət etsək, onların neçə-neçə xüsusi məfhumları ehtiva etdiklərini görərik. Məsələn, insan elə bir ümumi məfhumdur ki, minlərlə xüsusi fərd (Əli, Həsən, Cəfər və s.) bu ümumi məfhumun üzvləridir. Həmçinin, böyüklük anlamı ümumi bir məfhum kimi yüzlərlə xüsusi məfhumu (böyük ev, böyük dağ, böyük dəniz və s. və i. a.) özündə birləşdirir.
Gördüyümüz kimi, bu ümumi məfhumlar iki növdür:
1.Bə’zi ümumi məfhumlar öz xüsusi üzvlərinə bərabər paylanır. Bu məfhumun üzvlərinin mə’nası öz fərdlərinə şamil olmaqda qətiyyən fərqlənmir. Məsələn, insan ümumi məfhumu öz xüsusi üzvlərinə «Əli, Həsən, Cəfər və s.» bərabər paylanır. Əli çox insandır, Həsən az insandır, demək düzgün deyil.
2.Digər elə məfhumlar da vardır ki, öz xüsusi fərdlərinə bərabər deyil, fərqli şəkildə paylanırlar. Məsələn, böyüklük ümumi məfhum olsa da, öz fərdlərinə fərqli şəkildə şamil olur. Böyüklük nöqteyi-nəzərindən onun xüsusi məfhumları biri digərindən fərqlənir. Dəniz çox böyükdür, ev bir az böyükdür, dağ ondan böyükdür ifadələri tamamilə düzgündür.
Filosoflara görə vücud ikinci qismə aiddir. Belə ki, vücud ümumi bir məfhum kimi öz fərdlərinə fərqli şəkildə paylanır. Bizimlə Allah-təalanın vücudunda olan fərq də elə bundadır:
Allahın vücudu Onun zatından, bizim vücudumuz isə Ondandır;
Allahın vücudu vacib, bizim vücudumuz isə mümkündür;
Allahın vücudu qədim və əzəli bizim vücudumuz isə yaxın keçmişdən və yenidir.
Bu kimi sonsuz fərqlər, müxtəlifliklər…