AYƏT NAMAZININ FƏLSƏFƏSİ NƏDİR?
Günəş və ya ay tutulan zaman, həmçinin zəlzələ, yaxud təbii fəlakətlər baş verdiyi vaxt ayat namazının qılınması vacibdir.
Bütün maddi və qeyri-maddi, həmçinin hər bir kiçik və böyük mövcudun İlahi nişanə olmasına baxmayaraq şəri hökmə əsasən ayat namazı bir neçə hadisə ilə bağlı vacib edilmişdir. Mə`sumlardan (ələyhimussalam) buyurulan hədislərdə ayat namazına səbəb olan hadisələrin hikməti belə açıqlanır ki, namazda diqqətimizi bir daha Həzrət Haqqa yönəldək və maddi aləmdən bir müddət ayrılıb mənəvi aləm haqqında düşünək.
Düzdür, günəşin özü, onun parlaq nuru və şölələri, həmçinin çıxıb-batması, hərarəti, hər fəsildə istiliyinin müxtəlifliyi və tutulması – bunların hamısı ayatdır. Lakin şəri cəhətdən yalnız günəşin tutulması ayat sayılır. Belə ki, o, tutulmağa başlayarkən insanlar Məbdəyə (Allaha) qarşı diqqətlərini daha da artırırlar. Bu kimi hadisələrin təbii olmasına baxmayaraq əsl səbəbkarı Allahdır. Necə deyərlər; “Allah hadisələrin cərəyan etməsinin səbəbsiz olmasından çəkinər.”
Deməli, ayat namazlarının fəlsəfəsi insanların diqqətini əzəmətli bir günə (Qiyamət gününə) yönəltməkdən ibarətdir.
İlahi nişanələr:
Dünya və mələkut aləmində mövcud olan hər bir şey, kiçikliyindən və ya böyüklüyündən, gözlə görünməsindən və ya görünməməsindən asılı olmayaraq Allahın nişanələridir. Müqəddəs kitab Quranı mütaliə etməklə insanın bir daha Yaradana və məada olan mərifəti artır. Həmçinin hər bir məxluq əlamət və nişanə olmaqla bərabər onun vasitəsilə Allaha doğru gedən yolu və aləmlərin Yaradıcısını rahat tapmaq mümkündür. Böyüklər demişkən: “Allaha doğru gedən yolun sayı bütün məxluqların sayı qədərdir.”
Şair bu barədə belə deyir:
Hər şeydə Allahın nişanəsi var,
Demək, yeganədir O Pərvərdigar.
Yaxud Sədi deyir:
Ağılın nəzərində ağacın hər yarpağı,
Allahı tanıtdıran kitabçanın yarpağı.
Allah-təala Quranda Özünə aid olan işləri və bir çox yaranmışı “ayət” (nişanə) adı ilə tanıtdırır. Necə ki, Quran buyurur:
وَ مِنْ ءَايَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافُ أَلْسِنَتِكُمْ وَ أَلْوَانِكم
“Həmçinin, asimanların və yerin yaradılışı, dillərin müxtəlifliyi Onun nişanələrindəndir.”
Yaxud “Bəqərə” surəsinin 164-cü ayəsində buyurulur:
إِنَّ فىِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّيْلِ وَ النَّهَارِ وَ الْفُلْكِ الَّتىِ تجَْرِى فىِ الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَ مَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتهَِا وَ بَثَّ فِيهَا مِن كُلِّ دَابَّةٍ وَ تَصْرِيفِ الرِّيَحِ وَ السَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَ الْأَرْضِ لاََيَاتٍ لِّقَوْمٍ يَعْقِلُون
“Yerin və göylərin yaradılışında, həmçinin gecə-gündüzün dövr etməsində insanlara fayda vermək üçün dənizdə üzən gəmilərdə, Allahın yeri diriltmək və tərpənən hər canlını orada yaymaq üçün göydən yağdırdığı yağışda, küləklərin hərəkətində və göylə yer arasında ram olmuş buludlarda düşünən insanlar üçün nişanələr vardır.”
Həqiqətən də bütün mövcudlar İlahi sifətlərin və Onun adlarının təcəllası, aləmlərin Yaradıcısının zatını, Onun hikmətini, qüdrətini, kamilliyini tanıtdırandır. Bu mövcudların hamısı Allahı təsbih edir. “İsra” surəsinin 44-cü ayəsində buyurulur:
وَ إِن مِّن شىَْءٍ إِلَّا يُسَبِّحُ بحَِمْدِه
“ Hər bir mövcud Onu təsbih və həmd edir.”
Şair demişkən;
Aləmdə nə varsa gecə və gündüz,
Səni yada salıb etmədə təqdis.
Həzrət Əli (ələyhissalam) buyurur:
“Hər nə gördümsə, ya ondan qabaq, ya ondan sonra, ya da ki, onunla birlikdə Allahı gördüm.”
İmam Hüseyn (ələyhissalam) buyurur:
“Səni görməyən gözlər kor olsun!”(“Ərəfə” duasından)
Şair belə deyir:
Yer üzündə bitən hər ot, hər çiçək,
Yaşar “Ona şərik yox”, söyləyəcək.