İmam Zamançı ə.c yolunda addımlamaq deyildikdə nə başa düşülür ?!
Möminin gün boyu düşüncəsi ən çox Həzrət barədə olmalıdır. İmamını tez-tez yad etməli, söz tapıb Həzrətlə hər fürsətdə söhbət etməli, ünsiyyət qurmalıdır. Dərdini, sözünü, xoş halını ilk növbədə Ağasıyla bölüşməlidir. Bir İmam Zamançının başlıca vəzifəsi Ağasını tanıması və öz Ağasıyla rabitəsini artırmasıdır. Bir İmam Zamançı günlük əməllərinə aşağıda sadalananları mütləq əlavə etməlidir.
1. Sabah oyandıqda bir sabah daha oyandığın üçün Allaha şükür etməli və daha sonra üzü qibləyə dayanıb əlini sinəsinə qoymalı və deməli: “Əssəlamu ələykə ya Sahibiz-Zaman.” Belə ki, hər sabah ilk danışdığımız şəxs məhz Həzrətin özü olmalıdır. Həmçinin, axşam da yatmamışdan qabaq eyniylə Həzrətlə salamlaşmağı unutmamalıyıq.
2. Hər gün Həzrətin salamatçılığı və zühurunun tezləşməyi niyyətinə müəyyən miqdarda Quran ayəsi oxumaq və savabını Həzrətin özünə hədiyyə etmək. Fəqihlər gündəlik 50 ayə oxumağı məsləhət görmüşlər ki, bunu xırda sürələrdən oxumaqla da edə bilərsiniz.
3. Hər namazdan öncə Zəmanə İmamına təvəssül edin. Əlinizi sinənə qoyun və deyin: “Əssəlamu ələykə ya Babəllah (Allahın qapısı) və ya Əssəlamu ələykə ya İmam Zaman v.s
Həmçinin, bunu əməli namazı bitirdikdən sonra da edin.
4. Gün ərzində İmam Zaman ağanın salamatçılığı və zühurunun tezləşməyi niyyətinə çoxlu dualar etməli. Bunun üçün həm öz dilində Allaha dua edə, Allahdan istəyə bilər, həm fərəc dualarını oxuya, həmçinin sadəcə bu niyyətə çoxlu salavat zikr edə bilərsiniz. Hansı ki, Həzrət özü buyurur ki, “Mənim zühurun sizin fərəcinizdir.” Bu səbəbdən fərəc üçün çox dua etməliyik.
5. Gün ərzində (məs: ya sübh namazı zamanı ya yatmamışdan öncə) Həzrət üçün 2 rəkət hədiyyə namazı qılmaq.
6. Müstəhəb və vacib əməllərin savabını Həzrətə hədiyyə etmək.
7. Həzrətin adından ziyarət etmək. Məsələn elə öz yurdumuzda olan ziyarətgahlara Həzrətin adından getmək. Həkimə bibinin (Bibiheybət) ziyarətinə getdikdə Ağanın adından gedin, Həzrətin adından hədiyyə namazı qılın.
8. Hər gün Həzrətin salamatçılığı və zühurunun tezləşməyi niyyətinə sədəqə çıxartmaq. (Kəmiyyət önəmli deyil, bunu 10 qəpik çıxartmaqla da edə bilərsiniz.)
9. Həzrətin salamatçılığı və zühurunun tezləşməyi niyyətinə Həzrətin adından yaxşılıqlar etmək. İnsanlara kömək etmək, onları yaxşı işlərə dəvət etmək, pis əməllərdən çəkindirmək, onların sıxıntı və müşküllərinə can yandırmaq.
Mütəal Allah bizləri İmam Zamana layiqli xidmətçilərdən, həqiqi İmamçılardan qərar versin inşəallah.
www.imamzaman.az