Qara Təsvir

Axirəz Zamanda və zühur dövründə olacaq DƏCCAL-ın həqiqəti vardırmı ?!

Cavab :

Nəzzal ibn Səbrət deyir: “Əli ibn Əbu Talib (ə) bizə bir xütbə oxudu. O, Allaha həmd-səna edib, Muhəmməd (s) və onun ailəsinə salavat göndərdikdən sonra buyurdu:

“Ey camaat! Məni itirməzdən əvvəl istədiyinizi soruşun”.

Həzrət (ə) bu cümləsini üç dəfə təkrar etdi. Səsəə ibn Suhan ona tərəf durub dedi:

“Ey Möminlərin əmiri! Dəccal nə zaman zühur edəcək?” Əli (ə) buyurdu: “Əyləş. Allah sənin kəlamını eşitmiş və istədiyini bilmişdir. Allaha and olsun ki, bu məsələdə sual olunan sual verəndən daha bilikli deyil. Ancaq onun üçün əlamət və nişanələr var ki, addım-addım uyğun bir şəkildə bir-birinin ardınca gəlir. Əgər istəsən, səni bundan agah edə bilərəm”.

Səsəə dedi:

“Bəli, ey Möminlərin əmiri!”

Həzrət Əli (ə) buyurdu: “Yadda saxla, onun əlamətləri o zamandır ki, camaat namazı öldürəcək, əmanəti zay edəcək, yalanı halal sayacaq, hündür binalar olacaq, sələm yeyəcək, rüşvət alacaq, dini dünyaya satacaq, səfehlərdən istifadə edəcək, qadınlarla müşavirə aparacaq, nəfsi istəklərə uyacaq, qohumlarla əlaqəni kəsəcək, qan tökməyi ucuz tutacaqlar. Habelə, helm zəiflik, zülm fəxarət, əmirlər, pozğun vəzirlər, zülmkar ariflər (camaatın başında duran məmurlar) satqın, qarilər fasiq olacaq, yalan yerə şəhadət aşkar olacaq, əxlaqsızlıq, böhtan, günah, tüğyankarlıq məşhur olacaq, Quranlar bəzədiləcək, məscidlər süsləndiriləcək, minarələr uzadılacaq, pis adamlara hörmət ediləcək, cərgələr izdihamlı və qəlblər fərqli olacaq. O cümlədən, əhdlər pozulacaq, vəd olunan yaxınlaşacaq, qadınlar dünyaya hərislik ucbatından ərləri ilə ortaqlıq edəcək, fasiqlərin səsləri ucalacaq, onlara qulaq asılacaq. Qövmün başçısı onların ən alçağı olacaq, əxlaqsız adamdan, onun şərrindən qorunmaq üçün qorxuya görə çəkiniləcək, yalanı təsdiq ediləcək, xəyanətkarlara etimad bəslənəcək, müğənni qadınlar və çalğı alətləri təsdiq ediləcək, bu ümmətin sonuncusu birincisinə lənət oxuyacaq, qadınlar yəhərə minəcək, qadınlar özlərini kişilərə, kişilər özlərini qadınlara bənzədəcək, şahidlik edən şahid tutulmadan şahidlik edəcək, digəri dində fəqih olmadan camaat üçün qəzavət edəcək, dünya əməlini axirətə dəyişəcək, canavar qəlblərə qoyun dərisi geyinəcəklər. Onların qəlbləri leşdən da betər qoxu verər və zəhərdən də acı olar. Elə bu zaman tez ol, sonra isə tələs, tələs! Həmin gün ən yaxşı yer Beytul-Muqəddəsdir. Camaata elə bir zaman üz verər ki, hər biri oranın sakini olmağı arzulayar”.

Bu zaman Əsbəğ ibn Nübatə ayağa duraraq soruşdu: “Ey Möminlərin əmiri, Dəccal kimdir?”

Həzrət (ə) buyurdu:

“Dəccal, Said ibn Seyddir. Onu qəbul edənlər bədbəxtlərdir. Və xoşbəxt o adamdır ki, onu inkar etsin, qəbul etməsin. O, İsbəhan (İsfahan) adında şəhərin bir yəhudi kəndindən çıxacaq. Sağ gözü yoxdur, sol gözü isə alnındadır və dan ulduzu kimi parıldamaqdadır. Və həmin gözün içində qanlı ət var. İki gözünün arasına hər savadlı və savadsızın oxuya biləcəyi şəkildə “kafir” sözü yazılmışdır. O, dəryalara girir və günəş də onunla birlikdə hərəkət edir. Onun qarşısında dumanlı və arxasında isə ağ bir dağ var. Camaat onu yemək zənn edəcək. O, şiddətli qəhətlik zamanı üzə çıxacaq. Onun hər addımı bir “mil” (qədim ölçü vahidi) olan ağ rəngli miniyi var. O, bununla məntəqələri bir-bir arxada qoyur və kənarından keçdiyi elə bir su yoxdur ki, Qiyamətə kimi yerə çəkilməsin. O, məğrib və məşriqin arasında olan bütün cin, şeytan və insanların eşidə biləcəyi bir şəkildə fəryad edəcək: “Mənim dostlarım! Yanıma gəlin. Mən, varlıqları xəlq edən, onu nizama salan, hər şeyi ölçüyə salan və hidayət edən Allaham. Mən sizin uca məqamlı rəbbinizəm!” O, Allah-taalanın düşmənidir, yalançıdır. Onun bir gözü var, qarını var, yemək yeyir, bazarlarda yol gedir, halbuki sizin Allahınız və Rəbbiniz bir gözlü deyil, yemək yeməz, yol yeriməz və məhv olmaz. O, belə şeylərdən münəzzəhdir, uzaqdır. Dəccala tabe olanların çoxu haramzadələrdir və əyinlərinə yaşıl tilsan (tikişi və kəsiyi olmayan bədəni örtən uzun geyim) geyərlər. Allah-taala cümə günü günortadan qabaq onu Şamdakı Əfid dərəsində Məryəm oğlu İsa Məsihin (ə) namazda iqtida edəcəyi şəxsin əli ilə qətlə yetirəcək. Bilin ki, bundan sonra böyük fəlakət baş verəcək”.

Biz soruşduq: “nədir o?”

Həzrət (ə) buyurdu: “Səfa dağından yerdən bir canlının çıxmasıdır ki, onun üstündə Süleyman ibn Davudun (ə) üzüyü və Musanın (ə) əsası var. O üzüyü hər bir möminin üzünə qoyduqda orada “bu həqiqi mömindir”— deyə həkk olunar. Hər bir kafirin üzərinə qoyduqda isə, “bu həqiqi kafirdir”— yazısı həkk olunar. O həddə qədər ki, mömin nida çəkər: “Ey kafir! Vay olsun sənə! ” Kafir isə, “Ey mömin! Xoş olsun sənə! İstərdim məndə sənin kimi olum və böyük uğura çatım” — deyə, nida çəkər. Sonra həmin canlı başını qaldırar. Allahın izni ilə məğrib və məşriq arasında olan hamı onu görər. Bu ondan sonra olacaq ki, günəş öz məğribindən doğacaq. Bu əsnada tövbə qaldırılacaq. Buna görə də, nə bir tövbə qəbul ediləcək, nə də bir əməl yüksələcək. Əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcək”.

Sonra buyurdu: “Bundan sonra nə baş verəcəyinə dair məndən heçnə soruşmayın, çünki Həbibim Allah Rəsulu (s) məndən əhd-peyman almışdır ki, onu ailəmdən başqasına deməyim”.

Nəzzal ibn Səbrət dedi: “Səsəə ibn Suhana dedim: “Ey Səsəə, İmam (ə) bununla nəyi nəzərdə tuturdu?”

Səsəə dedi: “Ey ibn Səbrət, o kəs ki, İsa ibn Məryəm (ə) onun arxasında namaz qılacaq, itrətdən olan on ikincisi, Hüseyn ibn Əlinin (ə) övladlarından doqquzuncusudur. Məğribindən doğacaq Günəş odur ki, rükn və məqamın arasında zühur edəcək. O, yer üzünü təmizləyəcək, ədalət mizanını qoyacaq. Belə ki, heç kəs heç kəsə zülm etməyəcək. Möminlərin əmiri Əli (ə) xəbər vedi ki, onun həbibi Allah Rəsulu (s) ondan əhd-peyman alıb ki, bundan sonra nələrin baş verəcəyini itrəti olan imamlardan (ə) başqa heç kəsə danışmasın”.

Şeyx Səduq, Kəmalud-Din

www.imamzaman.az

0 Şərh

Hələ ki heç bir şərh yoxdur. İlk şərh verən siz olun!

Şərh yazın

Ad və soyadınızı qeyd edin. Mobil nömrəniz yalnız təsdiq üçün saxlanılacaq və saytda görünməyəcək.