Hansı halda qeybət etmək günah deyil, əksinə mübaribə yönlü olur ?!
Hansısa məqamlarda qeybət etmək olarmı? Bəli belə məqamlar var:
1.Xalqdan çəkinmədən cəmiyyətdə açıq günah edən şəxsin qeybəti icazəlidir;
2.Zülmə düçar olmuş şəxs zalımın qeybətini edə bilər;
3.Pis əməli aradan qaldırmaq üçün qeybət etmək olar;
4.Bir insan haqqında izdivac, şəriklik məqsədi ilə soruşulanda pis nəticənin qarşısını almaq üçün danışmaq olar.
5.Məhkəmənin hökmünə təsir imkan olan şəxsin eybini demək olar;
6.Allahın razılığına xatir haram işə şahidlik etmək;
7.Xalq arasında "topal", "kor" kimi ləqəblərlə tanınan adamın haqqında danışarkən bu sözləri işlətmək olar;
8.Qeybət vasitəsilə özünü şərdən qorumaq zərurəti yarananda;
9.Yalan nəsil iddiasını, xüsusilə yalandan seyidlik iddiasını inkar etmək;
10.Əsassız iddianın inkarı üçün;
11.Əgər məqsəd nəhy əz münkər, yəni pis işin qarşısını almaqdırsa, qeybət olar;
12.Ad çəkmədən, ünvan bildirmədən danışmaq olar.
Həzrət İmam (r) buyurur ki, qeybət vacib olan yerdə şeytana uymadan qeybət etmək olar, amma bu işi görməmək daha yaxşıdır; hər caiz işi görmək vacib deyil, xüsusilə nəfs və şeytanın hiylələri meydandadırsa.
Qeybətin acı nəticələri var. Onun dünya ağrıları arasında hörmətsizlik, düşmənçilik, inamsızlıq, pisliyin yayılması, birliyin pozulması kimi halları qeyd etmək olar.
Xeyir əməllərin qəbul olmaması, savabın başqasına verilməsi, cəzanın tezləşməsi, qəbir əzabı, qiyamətdə çirkinliklərin təcəssümü, xeyir əməllərin puça çıxması, behiştdən məhrumluq qeybətin axirətə aid nəticələridir.
Qeybətin mənəvi baxımdan da nəticələri var: imanın əldən çıxması, ilahi vilayətdən kənarlıq, möminlər sırasından uzaqlaşmaq.
Qeybət islamda ona görə böyük günah sayılıb ki, onun mənfi fərdi və ictimai təsirləri çoxdur.
Qeybətdən necə qaçmaq olar? Bundan ötrü insanı qeybətə vadar edən səbəbləri öyrənməliyik:
1.Qəzəblənən insan qəzəbini soyutmaq üçün qeybət edir;
2.Başqalarının dediyini təsdiqləmək adəti;
3.İnsan onun haqqında deyilən sözü yalanlamaq üçün qeybət edir;
4.İttihamdan qaçmaq üçün;
5.Qeybətin əsas səbəblərindən biri təkəbbürdür. Bəzən insan özünü qaldırmaq üçün başqalarını qeybətlə alçaldır;
6.Ətrafdakı insanların hörmətinə paxıllıqdan qeybət;
7.Zarafata qeybət;
8.Məsxərə məqsədi ilə qeybət;
9.İnsan bəzən birinə can yandırdığından onun haqqında qeybət edir;
10.Bəzən insan bir başqasının pis əməlindən qəzəbləndiyi üçün qeybət edir.
Bəs qeybətin müalicəsi necə aparılır? Qeybət psixoloji xəstəliyə çevrilir. Başlanğıcada qeybət onu narahat edirsə, sonradan qeybətsiz yaşaya bilmir, ondan ləzzət alır. Bu çox təhlükəli mərhələdir. Belə bir xəstənin ciddi müalicəyə ehtiyacı var. Xülasə şəkildə müalicə budur ki, insan qeybət haqqında ayə və hədisləri oxusun, qeybətin cəzası haqqında düşünsün. Əvvəlcə qeybətin səbəbi tapılır, sonra bu səbəblə mübarizə aparılır.
Unutmayaq ki, qeybət edən şəxs Allahın qəzəbinə gəlir. İnsan Allahın bəndələrini sevindirməklə onu razı sala bilər. Qəzəb o zaman məqbuldur ki, Allah yolunda olsun. Allahın razılığını düşünən insan onun bəndələrini gözdən salmaz.
Unutmayaq ki, Allahla düşmənçilik insanla düşmənçilikdən çox ağırdır. İnsan qeybət etməklə Allahın qəzəbini qazanır və insanların münasibəti bu qəzəbə təsirsizdir.
Əvvəli üfunətli nütfə olan insan sonda da üfunətli cəsədə çevrilir. Axı sən nə ilə öyünürsən?! Əgər sən möminsəsə, mömin insan aqibətinə görə narahatdır. O yalandan, böhtandan, qeybətdən, günahlardan qaçır ki, Allahın qəzəbindən uzaq olsun.
Əgər bir insanı rüsvay etmək istəyirsənsə bil ki, Allah və peyğəmbərlər qarşısında özünü rüsvay edirsən. Əgər öz rüsvayçılığın haqqında düşünsən heç vaxt başqalarını hörmətdən salmaq ağlına gəlməz. Unutma ki, şeytan sənə həsəd aparır və qeybət vasitəsilə savabları əlindən alır.\sibtayn.com