
Məsələ 1576: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (s) və on iki imamlardan (ə) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, hətta sonra dərhal “yalan dedim” deyərək tövbə etsə belə, ehtiyat-lazıma əsasən orucu batil olur. Həmçinin həzrət Zəhraya (s.ə), digər peyğəmbərlərə və onların vəsilərinə də yalan bir şeyi nisbət vermək ehtiyat-müstəhəbə əsasən eyni hökmü daşıyır.
Məsələ 1577: Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili olmayan bir rəvayəti nəql etmək istəsə, ehtiyat-vacibə əsasən gərək o rəvayəti birbaşa Peyğəmbərə (s) və imamlara (ə) nisbət verməsin.
Məsələ 1578: Əgər bir şeyin düzlüyünə etiqad bəsləyərək Allahın və ya Peyğəmbərin (s) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu batil olmaz.
Məsələ 1579: Əgər bir şeyin yalan olduğunu bilərək onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyinə bilirmişsə ehtiyat-lazıma əsasən gərək orucu tamamlasın və qəzasını da yerinə yetirsin.
Məsələ 1580: Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə) nisbət versə, ehtiyat-lazıma əsasən orucu batil olur. Amma o yalanı uyduran şəxsin dilindən nəql edərsə eybi yoxdur.
Məsələ 1581: Əgər oruc tutandan “Peyğəmbər (s) belə bir söz buyurmuşdurmu” deyə soruşsalar, “yox” əvəzinə qəsdən “bəli” desə, yaxud “bəli” əvəzinə qəsdən “yox” desə, ehtiyat-lazıma əsasən orucu batil olur.
Məsələ 1582: Əgər Allahın və Peyğəmbərin (s) adından düz sözü desə də, sonra “yalan demişəm” desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün oruc olub desə ki, “dünən gecə dediyim söz düzdür” ehtiyata əsasən orucu batil olur. Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.\\www.sistani.org