İlahi, alimlərimizə dünyaya vurğun olmamağı və xeyirxahlığa dəvəti, elm oxuyanlara ciddi çalışmağı və rəğbəti, bizi dinləyənlərə bizə itaət etməyi və nəsihət qəbul etməyi, müsəlmanların xəstələrinə şəfa və rahatlıq, ölülərimizə rəhmət və mehribanlıq, böyüklərimizə arxayınlıq və vüqar, gənclərimizə qayıdış yolu və tövbə, qadınlarımıza iffət və həya, varlılarımıza əliaçıqlıq və təvazö, yoxsullarımıza isə səbr və qənaət mərhəmət et!
Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.281
İlahi, Səninlə raz-niyaz edib, quruda və ya dənizdə Səni xatırlayan şəxsin haqqına, Muhəmməd (s) və onun Əhli-beytinə (ə) salam göndər. Yoxsul möminlərə (kişi və qadınlara) ehtiyacsızlıq və bol ruzi ver. Mömin xəstələrə şəfa və sağlamlıq inayət et. Möminlərin dirilərinə lütf və kəramət, ölülərinə isə rəhmət və bağışlanmaq əta et. Qəriblərə öz vətənlərinə əli dolu və sağlam qayıtmağı mərhəmət et. Həzrəti Muhəmməd (s) və Əhli-beytinin (ə) mərhəməti xatirinə!
Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.306
İlahi, bəlalar böyüyüb, işlərin üzü açılıb, işlərin üstündən pərdələr götürülüb, ümidlər qırılıb, yer darısqallaşıb, rəhmət yağışı kəsilib. Yalnız Sən kömək edənsən, şikayət Sənin dərgahınadır və hər asanlıqda və çətinlikdə etimadımız sənədir.
Əs-Səhifətul-Məhdiyyə (ə); səh.69
İlahi, əgər Sənə itaət etsəm, həmd sənə görədir, əgər mə’siyət və günah etsəm, höccət Sənindir. Nicat ve rahatlıq Səndəndir, pak və təmizdir nemət verib şükürləri qəbul edən Allah; o Allah ki, qüdrətli və bağışlayandır. İlahi, əgər günah etmişəmsə (bağışla, çünki,) Sənin ən çox sevdiyin şeydə, yəni, Sənə iman gətirməkdə, Sənə itaət etmişəm. Sənə övlad nisbəti verməmişəm və Sənin üçün şərik qoşmamışam. Bunların hamısı Sənin mənə minnət qoymağınladı, nəinki mənim sənə.
Seyyid ibn Tavus (r.ə); Muhəcud-Dəvat; səh.295
İlahi, itaət etmək müvəffəqiyyətini, mə’siyət və günahlardan uzaqlığı, sidq niyyəti, haramı tanımağı bizim üçün əta et və bizə doğru yolu tapmaq və onda sabit qalmaqla kəramət bağışla, dillərimizi doğruluq və hikmətlə möhkəmləndir, qəlblərimizi elm və mərifətlə doldur, qarnımızı haram və şübhəli yeməklərdən təmizlə, əllərimizi zülm və oğurluqdan qoru, qulaqlarımızı boş sözə və qeybətə qulaq asmaqdan saxla.
Şeyx Kəfəmi (r.ə); əl-Misbah; səh.281
İlahi, Məhəmməd (s) və onun Əhli-beytinə (s) salavat göndər. Öz dostlarına vəd etdiyini həyata keçirməklə onları əzizlə və Səndən arzuladıqları zəfəri görməyi onlara qismət et. Dostlarını, Sənə qarşı çıxanların, Sənin gücünlə Sənə qarşı müxalifətçilik edənlərin, Sənin verdiyin qüdrətlə sənin qanunlarını təsirsiz etmək istəyənlərin və Sənin verdiyin əllə Sənə kələk vurmağı düşünənlərin şərrindən qoru. Günah üstə onları aşkarda yaxalamaq, güclü və qürurlu olduğu halda kökünü kəsmək üçün Sən onlarla helm və səbrlə davranırsan. Çünki Sən (Quranda) buyurmusan və Sənin dediklərin isə haqdır:
“Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.
Yunus surəsi 24
Həmçinin Quranda buyurmusan: “Bizi qəzəbləndirən bir zamanda onlardan qisas alacağıq”. (Zuxruf surəsi, ayə 55)
Şeyx Səduq (r.ə); Kəmalud-Din; cild 2; səh.550
Ey nurların nuru! Ey hərşeyi tədbir edən, ey insanları qəbirlərdən çıxaran, Məhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və məni və mənim şiələrimi çətinlikdən asanlığa çıxar, qəmdən qurtar və (Sənin lütflərinə çatan) yolu bizlərə genişlət, üzümüzə fərəc qapılarını aç və bizimlə Sənə layiq olacaq şəkildə davran, ey Kərim, ey mehriban və ey mərhəmətlilərin ən mərhəmətlisi!
Əllamə Məclisi (r.ə); Biharul-Ənvar; cild 91; səh.187\\imamzaman.blog