Qonaqdan ac olduğunu soruşmaq olarmı?


Qonaqdan ac olduğunu soruşmaq olarmı? -Həzrət Peyğəmbər (s) buyurur: «Qonaq behişt bələdçisidir»(\"Biharul-Ənvar\" c.75,səh. 460). Qonağa ehtiram göstərilməsi o qədər əhəmiyyətlidir ki, İslam qonağı səmadan enmiş hədiyyə kimi təqdim edir. Həzrət Peyğəmbər (s) buyurur: «Qonaq öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır».
-Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
-İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib-içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın»(\"Biharul-Ənvar\" c.75, səh. 455). Açılmış süfrəni kasıb bilərək, təhqir etmək caiz deyil. «Sizə layiq süfrə aça bilmədim» demək olmaz. İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».
Qonağın da öz vəzifələri vardır. Qonaq ona göstərilən yerdə oturmalı, ev sahibinin narahatçılığına səbəb olacaq hərəkətlərə yol verməməlidir.


Həzrət Əli (ə) sirrini quyuya niyə deyirdi?


Həzrət Əli (ə) sirrini quyuya niyə deyirdi? Meysəm Təmmar deyir: “Gecələrin birində Mövlam Əli (ə) məni özü ilə Kufəyə apardı və səhraya tərəf getdim. Cəfi məscidində üzünü qibləyə çevirdi və 4 rükət namaz qıldı. Buyurdu:“Allahım! Səni necə çağırım ki, günahını etmişəm? Səni necə çağırım ki, Səni tanımışam və məhəbbətin qəlbimdə yer almışdır? Mən günahla dolu əllərimi Sənə tərəf açıram və ümid dolu gözlərimi sənə dikmişəm... Pərvərdigarım! Necə də dardır o yollar ki, Sən yolgöstərəni olmayasan və necə də qorxuludur o yol ki, Sən onda munis olmayasan”.
Meysəm Təmmar deyir: Bir yerə çatdıq ki, Həzrət (ə) oradan xətt çəkdi və buyurdu ki, məbada bu xəttdən keçəsən. Mən dayandım o getdi. Meysəm: “Öz-özümə düşündüm ki, İmamın bu qədər düşməni varkən tək qoydum. Başına bir iş gəlsə, Peyğəmbərə (s) nə cavab verəcəyəm? Mən onun ardınca getdim. Mən bir yerə gəlib çatdım ki, İmamın (ə) bədəninin yarısı bir quyunun içində idi və quyu ilə danışır və quyu da onunla danışırdı.
Həzrət (ə) hiss etdi ki, mən gəlirəm və mənə buyurdu: “Kimsən?”. Dedim: “Meysəməm”. Buyurdu: “Ey Meysəm, məgər mən sənə əmr etmədim ki, o xətti keçməyəsən? Mənim burada dediklərimdən bir şey eşitdinmi?”. Dedim: “Yox, Mövlam! Heç nə eşitmədim”. Həzrət (ə) buyurdu: “Ey Meysəm! Mənim sinəmdə hacətlər və xahişlər vardır ki, sinəm ona görə daralır və yorulur. Yeri əlimlə qazıram və sirrimi ona deyirəm. Nə zaman torpaq göyərər və ondan dənələr çıxar, həmin dənələr mənim torpağa əkdiyim sirdəndir”.


Meysəm Təmmarın nəslindən olan Əli (ə) aşiqi, dinsiz iddiaçını necə ifşa etdi?


Meysəm Təmmarın nəslindən olan Əli (ə) aşiqi, dinsiz iddiaçını necə ifşa etdi? Əli ibn Meysəm, Meysəm Təmmarın nəslindən olub, İmam Əliyə (ə) aşiq bir insan idi. Bir gün həmin dövrün vəziri Həsən ibn Səhlin məclisinə daxil olur. Bir nəfər dinsiz insanı görür ki, vəzir tərəfindən xüsusi ehtirama layiq görülür. Bu imansız şəxs danışmağa başladı və öz elmini həya etmədən insanlara bəyan edirdi. Başqaları sadəcə qulaq asır və sanki ona cavab verməyə aciz və gücsüz idilər.
Məclis əhlinin sükutu Əli ibn Meysəmi özündən çıxardır. Haqqı müdafiə üçün deyir: “Ey vəzir! “Dəclənin kənarında müşahidə etdim ki, bir gəmi kapitanı olmadan insanları oraya mindirir. Dəclənin bu tərəfindən o biri tərəfinə aparır. O tərəfdəki müsafirləri də bu yolla bu tərəfə gətirir.” Həmin imansız şəxs ibn Meysəmi əzmək niyyətilə vəzirə deyir: “Belə görünür ki, bu insanın zehnində çatışmamazlıq vardır ki, dəlilərin sözünü dilinə gətirir”. Əli həmin şəxsə deyir: “Bu, qəbul ediləsi deyildir ki, müsafirlə dolu olan bir gəmi kapitanı olmadan çayın üzərindən keçsin”. Həmin şəxs deyir: “Yox, bu, heç cür ola bilməz”. Əli deyir: “Bəs necə ola bilir ki, bu cür geniş varlıq aləminin dənizində bu qədər varlıqlar hərəkətdədir? Bu ulduzlar və planetlər Həkim və Alim hərəkət verəni olmadan fırlanırlar? Ey, elm iddiaçısı! Sən bir gəminin kapitan olmadan çayın bir tərəfindən başqasına keçməsini mümkünsüz hesab edirsən, ancaq bu sonsuz hərəkət edənlər üçün hərəkət etdirənin lazımsız olduğunu söyləyirsən?! İndi diqqət et və düşün ki, bizlərdən hansımız mümkün olmayanı iddia edirik”. Bu imansız şəxs Əli ibn Meysəmin məntiqli dəlilləri qarşısında aciz qalır və xəcalət çəkib başını aşağı salır. Başa düşür ki, bu gəmi məsələsi onu istehza etmək üçün deyilmişdir.


Növruz bayramında hansı dini əlamətdar hadisələr baş vermişdir?


Növruz bayramında hansı dini əlamətdar hadisələr baş vermişdir? Hədislərə əsasən Novruz günü tarixdə bir çox əlamətdar hadisələr baş vermişdir. O cümlədən:
1) Dünyanın yaranması
2) Adəmin yaranması
3) Günəşin saçmağa, küləklərin əsməyə, ağacların və gül-çiçəklərin bitməyə başlaması
4) Nuh Peyğəmbərin gəmisinin Cudi dağında aramlıq tapması
5) Ölümün qorxusundan evlərindən qaçarkən yolda ölmüş minlərlə insanın Allahın əmri ilə yenidən dirilməsi
6) İbrahim Peyğəmbərin bütləri sındırması
7) Həzrət Muhəmmədin (səllallahu əleyhi və alih) İmam Əli əleyhissalamı Qədir-Xum günü Vəsi (özündən sonrakı Rəhbər) təyin etməsi
8) 12-ci İmam Həzrət Mehdi əleyhissalamın zühur edəcəyi gün Və sair... “Biharul ənvar” 56-cı cild 93-cü səhifədən...


Möminin axiruzzamanda çətinliklə tapacağı iki şey nələrdir?


Möminin axiruzzamanda çətinliklə tapacağı iki şey nələrdir? Axiruzzamanda elə bir vəziyyət yaranacaq ki, müsəlman bu iki məsələdə çox çətinlik çəkəcək
Tuhəful-Uqul əsərində Məhəmməd peyəmbərdən nəql edilən hədis belədir:
“Axiruzzamanda ən az tapılan şey etimad ediləsi dost və halal dirhəm (pul) olacaqdır”
Bu əbəs yerə deyil ki, halal ruzi qazanmağın özü elə ibadət hesab edilir. Bu olduqca çətindir. O qədər çətin ki, onu həyata keçirə bilsən ibadət etmiş olursan.
Dostluğa gəldikdə isə dini mənbələrdə cahillər, fasiqlər zalimlərlə deyil , alimlər hikmət sahibləri və möminlərlə dostluğa təkid edilir. Əks təqdirdə buna dostluq demək olmaz.


Günahkarlarla yoldaşlıq haqqında məsumlar nə buyurmuşlar?


Günahkarlarla yoldaşlıq haqqında məsumlar nə buyurmuşlar? Günahkarlarla dostluq etməyin, əlaqənizi də kəsməyin!
1. İmam Sadiq (ə) İmam Baqirin (ə) dilindən belə nəql edir: “Atam Səccad (ə) mənə buyurdu: “Beş zümrə ilə yoldaş, həmsöhbət və dost olma.” Bu beş zümrənin kimlərdən ibarət olduğunu soruşdum. Atam buyurdu: “Yalançı ilə yoldaşlıqdan çəkin. O ilğım kimidir, uzağı yaxın, yaxını uzaq göstərər. Fasiqlə yoldaşlıqdan çəkin. O səni bir qarın yeməyə və ya ondan da aza satar. Paxılla yoldaşlıqdan çəkin. Çünki olanını sənə qıymaz, ehtiyaclı olduğun vaxt sənə yardım əli uzatmaz. Axmaqla yoldaşlıqdan çəkin. O sənə xeyir vermək istəsə də, anlamazlıqdan sənə zərər vurar. Yaxınları ilə əlaqəni kəsəndən çəkin. Mən belələrinə Qur`anda lə`nət oxunduğunu gördüm. “Məhəmməd” surəsinin 23-cü ayəsi, “Rə`d” surəsinin 24-cü ayəsi, “Bəqərə” surəsinin 27-ci ayəsi.”
2- İmam Sadiq (ə) buyurur: “Bid`ət əhli ilə (dinə bir şey artırıb, dindən bir şey əskildənlərlə) həmsöhbət olmayın, bir məclisdə oturmayın. Belə etsəniz onlardan sayılarsınız. Peyğəmbər (s) buyurur: “İnsan öz dostu ilə bir məzhəbdədir...


Həyalı adamın nişanələri hansılardır?


Həyalı adamın nişanələri hansılardır? Həya ağılın nişanələrindədir. Əsl ağıllı adamlar həyalı insanlardırlar.!
Ayətullah Ruhullah Qərəhinin son əxlaq dərsində həyadan danşdı. Alim dedi: Həyanın nişanələri və həyalı insanın kimlər olduğun bilmək istəyiriksə bu barədə keçən qiymətli bir hədisə diqqət yetirməliyik. Hörmətli peyğəmbərimiz, Həzrət Məhəmməd (s) həyanın fayda və ölçüləri ilə bağlı buyurur:
“Həyanın meyarlarına gəldikdə isə ibarətdir: Yumuşaqlıq, mehribanlıq, aşkara və gizlində Allahı nəzərə almaq, sağlamlıq, pisliklərdən uzaqlaşmaq, xoşüzlülük, güzəşt, əfv, zəfər və xalqın arasında yaxşı ad. Bunlar ağıllı insanların həyadan əldə etdikləri fayda və bəhrələrdir. Xoş o şəxsin halına ki, Allahın nəsihətlərinə qulaq asar və özünü rüsvay etməkdən saxlayar”. Həyası olmayanın ağlı yoxdur! Həya ağılın nişanələrindədir. Əsl ağıllı həyalı insanlardırlar. Həya nədir? Həya bütün gözəlliklərin, yaxşılıqların açarıdır! İnsan həyasız olarsa bütün pisliklər ona tərəf gələr. Həzrtə Əli (ə) buyurur: \"Həya xeyrin açarıdır”.
Bütün yaxşılıqlar həyadan qaynaqlanır. İnsan yaxşılıqlar dalıycadırsa həyalı olmalıdır. Həyalı insan dilini qoruyar, pis danışmaz, qeybət eləməz, böhtan atmaz, yalan deməz. Gözünü də qoruyar, naməhrəmə baxmaz, beləliklə də pisliklərdən uzaq olar.


İmam Zamanın (ə.f) yer və göy əhlindən olan köməkləri nə olacaq?


İmam Zamanın (ə.f) yer və göy əhlindən olan köməkləri nə olacaq? İmam Cəfər Sadiq (ə) Quran – Kərimin mübarək Maidə surəsinin 54 – cü ayəti şərifinin təfsirində buyurdu: Həqiqətən bu işin (İmamət və ədalət dövləti) sahibinin dostları və köməkləri onun üçün qorunub saxlanılacaq. Belə ki, əgər bütün insalar məhv də olsalar, Allah – Taala onun köməklərini saxlayacaq və onları lazım olan zamanda Ona yetirəcəkdir. Dini maariflərdə İmam Zamana (ə.c) olunacaq köməklərin kateqoriyaları:
1). Peyğəmbərlər və onların dostları. Məsələn İsa peyğəmbər və bəzi həvarilər...
2). Mələklər və hurilər də İmamın (ə.f) köməyin gələcək və qoşunları qüvvətləndirəcəklər.
3). Şərq diyarlarının əhalisi ki, keçmiş və böyük İran əraziləri nəzərdə tutulur...
4). Misr, İraq və Şam əhlindən saleh insanlar İmamın qoşununa qoşulacaqlar...
5). Bəzi hədislərdə qadınların da bu qiyama qoşulacağı və İmamın qoşununda tibb bacısı kimi xidmət göstərəcəkləri deyilir...
6). Bunlardan əlavə İmam Zamanın (ə) xüsusi köməkçiləri də olacaqdır ki, onların sayı hədislərdə 313 nəfər göstərilmişdir...
7). Bəzi hədislərdə bəzi rayon və kənd adları da qeyd olunmuşdur ki, əhalisi İmam Zamanın köməyi üçün ayağa qalxacaqlar...


Nəcasətlə müalicə olunmaq icazəlidirmi?


Nəcasətlə müalicə olunmaq icazəlidirmi? Cavab: Nəcasətlər bədənə, libasa və ya başqa nəyə isə dəyəndə, oranı pak etmək lazımdır. Nəcasətləri yemək və içmək qəti surətdə haramdır. Xüsusi hallar, yəni susuzluqdan ya acından ölmək halları istisna olunur. İmamlarımız buyurmuşlar ki, şərab dərman deyil, dərddir. Əgər həkim hər hansı nəcasəti, məsələn, araq və ya donuz piyini dərman kimi təyin edibsə, ondan alternativ müalicə tələb etmək lazımdır. Çünki hər xəstəliyi bir neçə yolla müalicə etmək olar.
Nəcasəti bədənə sürtməyə gəlincə, əgər zərurət tələb edirsə, bunu etmək olar. Amma sonra bulaşmış yeri yuyub pak etmək lazımdır.


Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi?


Müsəlman kişinin xristian qadınla evlənməsi icazəlidirmi? Cavab: Əhli-sünnə məzhəbində müsəlman kişinin əhli-kitabdan olan (yəhudi və xristian) qadınla evlənməsi icazəlidir.
-Şiə məzhəbində alimlərin məsələyə münasibəti fərqlidir. Keçmiş müctəhidlərin böyük əksəriyyəti müsəlman kişinin əhli-kitab qadınla daimi nikaha girməsini haram bilirdilər.
- Son dövr müctəhidlərindən bir qismi əhli-kitab qadınla daimi evlənməyi qəti olaraq haram bilir (məsələn, Ayətullah Sistani). Bəzi alimlər bunu məkruh sayırlar (məsələn, Ayətullah Şübeyri Zəncani). Bir qisim müctəhidlər bunu ehtiyati-vacibə görə haram bilirlər (məsələn, Ayətullah Məkarim Şirazi). Bəzi müctəhidlər isə bunu ehtiyata görə haram bilməklə yanaşı şərt qoyurlar ki, əgər kişinin bundan əvvəl müsəlman qadını varsa və əhli-kitabla evlənmək istəsə, öz müsəlman arvadından icazə almalıdır (məsələn, Ayətullah Vəhid Xorasani).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter