Kimdən nəyi gözləməyək?! İmam Hadinin (ə) hədisi


İmam Əli (ə) buyurur: “İnsanın ən heyrətli üzvü qəlbidir. Qəlb – hikmət və qeyri-hikmət mənbəyidir. Əgər arzu edərsə, tamah onu xar edər. Əgər tamah baş qaldırarsa, hərislik onu məhv edər. Əgər ümidsizlik ona hakim olarsa, qəm onu öldürər.
Hər bir səhlənkarlıq onun üçün ziyanlıdır. Hər bir həddini aşmaq onun üçün məhvedicidir”. (Avini)
İmam Baqir (ə) buyurur: «Qardaşının qəlbində sənə olan məhəbbətini, sənin öz qəlbində ona qarşı olan məhəbbətdən başa düş».
İmam Hadi (ə) buyurur: «İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Çünki, sənin qəlbin başqalarına münasibətdə necədirsə, başqalarının da qəlbi sənə qarşı elədir».


Dünyaya yenidən gəlsəydin, nəyi istəyərdin? – yaxşı cavabın mükafatı


Nəql edirlər ki, bir yoxsul insan İmam Kazımın (ə) yanına gəlir və deyir: “Mən yoxsul insanam və mənə yoxsulluqdan nicat ver. Əgər yüz dinarım olsa, ticarət edərək, özümü yoxsulluqdan qurtararam”.
İmam (ə) gülümsəyən mübarək simasıyla ona baxaraq, buyurur: “Mən sənə bir sual verəcəyəm. Əgər ona düzgün cavab versən, sənə istədiyinin on qatını verəcəyəm”.
İmam (ə) ona buyurur: “Əgər dünyada nəyisə arzu etməli olsan, nəyi arzu edərsən?”.
Yoxsul şəxs deyir: “Arzu edərəm ki, din qardaşlarımın haqqını əda etmək tövfiqinə nail olum, dini və din qardaşlarımı qorumaq üçün təqiyyəyə riayət edim”.


İmam Hüseynin (ə) ziyarətinə piyada gedən şəxsin savabı!


Bəşir Dəhhan İmam Sadiqdən (ə) nəql edir: \"İmam Hüseynin (ə) ziyarəti üçün evindən çıxan şəxsin ilk addımında günahları üçün bağışlanma var. Çatana qədər hər addımla müqəddəsləşər. Oraya catdıqda Uca Allah ona belə xitab edər: \"Ey bəndəm, Məndən dilə, əta edim! Məni çağır, cavab verim! İstə, verim! Ehtiyacını söylə, aradan qaldırım!\". İmam Sadiq (ə) buyurdu: \"Onun bu yolda sərf etdiyinin hər birinin əvəzini qaytarmaq – Allah üzərində bir haqdır\"”.
Digər hədislərdə Məsumlar (ə) tərəfindən deyilib ki: \"Atdığı hər addıma görə yaxşı əməllərini qat-qat artırarlar, hər addımına görə min savab yazılar, min günahı silinər və dərəcəsi min dəfə artırılar, Uca Allah onun hər atdığı addımına ayağının hər dəfə qaldırıb yerə qoymasına İsmail (ə) övladlarından bir qul azad etməyin savabını yazar\".


Mələklərin İmam Hüseyn (ə) zəvvarları üçün duaları!


Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qummi öz sənədləri ilə nəql edir: \"Aban ibn Təbliğ İmam Sadiqdən (ə) nəql edir: \"İmam Hüseynin (ə) qəbrinin yanında dörd min mələk saçları dağılmış və üst-başları tozlu halda Qiyamət gününədək ağlayırlar. Onların başçısı olan mələyin adı Mənsurdur.
İmam Hüseyni (ə) ziyarət edənləri qarşılayır, onunla (ə) vidalaşanları yola salır, xəstələnənlərinə baş çəkir, vəfat edənləri üçün dua edir və cənazə namazı qılır, ölümündən sonra onlar üçün bağışlanma diləyirlər\"\"...


Necə olur ki, bəzi əməllər cəhənnəm atəşini insana yaxın buraxmır?


Bu suala cavab vermək üçün 3 mövzuya işarə etməliyik.
1. Məgər səbəbi vardırmı ki, bəzi ibadətləri yerinə yetirək ki, cəhənnəm atəşi insana haram olsun?
2. Məgər cəhənnəm atəşi günahı etməyənlərə haram deyildirmi?
3. Günah ilə ibadətin qarşılıqlı təsiri necə baş verir?
Birinci mövzu haqqında deyə bilərik ki, bəzi ibadətlər həqiqətən də insana cəhənnəm atəşini haram edər. Belə ki, Həzrət İmam Rzanın (ə) ziyarəti barəsində oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Tezliklə bədənim bir parçası Xorasanda dəfn olunacaqdır. O mömin ki, onu ziyarət edər, Allah Təala behişti onun üçün vacib edər. Bədəni cəhənnəm atəşinə haram olar”...


Ziyarət zamanı səfər yoldaşlarına xidmət etməyin savabı


Ziyarət hərəmə getməklə kifayətlənməz. Həqiqi zəvvar o kəsdir ki, bu yolda fədakarlıq göstərər və başqalarının rahatlığını özünün rahatlığından daha üstün hesab edər. Bu zaman həqiqi zəvvar adını qazana bilər. Ərbəin zəvvarları da o cürdür. Bu üç günlük yürüş insanların iman səviyyəsini üzə çıxardar və niyyətlərini açıqlayar.
Hər kim bu yola ixlasla çıxarsa, ancaq özünü düşünməz. O, Allah yolunda çoxlu fədakarlıqlar edər və zəvvar adını qazanar.
İmam Sadiq (ə) bu cür insanlar barəsində buyurur: “Allahım! Məni, qardaşlarımı və atam Hüseynin (ə) qəbrini ziyarət edənləri bağışla! O kəsləri ki, mallarını infaq ediblər, bədənlərini çətinliyə salıblar, bizə yaxşılıq etmək şövqü ilə və bizə dostluğa görə qazanacaqları savaba görə olanları!”.
Həzrət Peyğəmbər (s) buyurur: “İki sifət vardır ki, ondan üstün yaxşılıq yoxdur: Allaha iman bəsləmək və Allah bəndələri üçün faydalı olmaq. İki sifət vardır ki, ondan üstün pislik yoxdur: Allaha şirk etmək və Allah bəndələrinə pislik etmək”.


Hansı ibadətlərdir ki, pis əməllərin təsirlərini silər?!


Bəli, bəzi ibadətlər vardır ki, hər kim onları yerinə yetirərsə, bu, əvvəllər etdiyi günahlarını məhv edər və əməl dəftərindən silər. Allah Təala bu ayədə belə buyurur: “Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir”. (“Ənfal” 29).
Şəhid Mütəhhəri “İlahi ədalət” kitabında iman ilə küfrün rabitəsi barəsində maraqlı mövzular bəyan etmişdir. Alim buyurur ki, heç bir əməl, iman olmadan qəbul olunmaz. Bunun da səbəbi bu deyildir ki, Allah Təala bəzi insanları, Ona itaətsizlik etdikləri üçün sevmir və buna görə də saleh əməllərini məhv edir. Xeyr, ona görədir ki, əməlin qəbul olması, yəni Allah dərgahına yuxarı qalxması üçün iman lazımdır...


İmam Səccadın (ə) davamlı olaraq ağlamasının səbəbi nə idi?


İmam Sadiq (ə) buyurur: “İmam Səccaddan (ə) ağlamağının səbəbini soruşurlar. Buyurur: “Məni məzəmmət etməyin. Yəqub, övladlarından birini itirir və o qədər ağlayır ki, gözləri kor olur. Halbuki, onun ölməsinə dair məlumatı yox idi. Ancaq mən bir döyüşdə nəslimdən olan 14 nəfərin şəhadətini görmüşəm. Elə bilirsiniz ki, onların qəmi qəlbimdən gedəndir?!”. İbni Şəhri Aşub nəql edir: “İmam (ə) o qədər ağlayırdı ki, gözlərinin kor olmasından qorxurdular. Nə zaman içmək üçün su qabını götürərdi, o qədər ağlayardı ki, (su qabı) göz yaşı ilə dolardı. Buna görə ona etiraz edənlər olurdu. İmam (ə) buyurardı: “Niyə ağlamayım ki, atamı sudan məhrum etdilər, halbuki heyvanlar da belə, su içmək üçün azad idilər?!”. İmam Səccad (ə) Kərbəla hadisəsinin canlı şahidi idi. Ən əziz insanları gözünün önündə şəhid etmişdilər. Demək olar ki, o hadisədə Peyğəmbər (s) nəslindən sağ qalan tək kişi idi. Allahın hikməti sayəsində sağ qalır və İmamət kürsündə əyləşir. Ancaq gördükləri və başına gələn müsibətlər o qədər böyük idi ki, tarix boyu heç kəsin başına gəlməmişdir. Bu müsibətin qəmi ölən gününə qədər onunla bir yerdə oldu. Bu səbəbdən də göz yaşı qurumurdu.


İmam Hüseynin (ə) fədakarlığı bütün dinləri xilas etdi?!


Aydın şəkildə demək olar ki, İmam Hüseynin (ə) qiyamı nəinki İslam Peyğəmbərinin (s) dininə nicat verdi, əslində başqa peyğəmbərlərin (ə) də risalətinin məhv olmasının qarşısını aldı. Çünki, Peyğəmbər (s) keçmiş rəsulların dinini kamil etmişdi və Xatəmül-ənbiya idi. Sanki başqa peyğəmbərlərin (ə) risaləti İslam Peyğəmbərinin (s) zühuru üçün bir müqəddimə olmuşdur.
Bu sonuncu İlahi din Müaviyyə (lən) və Yezidin (lən) zamanında təhlükə altına düşür. Xüsusilə də Yezidin xəlifə olduğu zamanda. Ona görə də belə bir qorxu var idi ki, bütün peyğəmbələrin (ə) və İslam Peyğəmbərinin (s) əməkləri səmərəsiz qala bilərdi. Belə bir şəraitdə İmam Hüseyn (ə) qiyamı yardım etdi ki, Peyğəmbərin (s) dini dirçəlsin və tövhid ağacı təravətlənib, yeni budaqlar versinlər.


Mömin sevincli olmalıdır, yoxsa kədərli? Hz İsa (ə) ilə Yəhyanın müzakirəsi


Həzrət Yəhya (ə) görür ki, Həzrət İsa (ə) gülümsəyir. Ona xitab edərək, deyir: “Niyə səni qafil insanların simasında görürəm? Sanki İlahi əzabdan amandasan?”.
Həzrət İsa (ə) cavabında Həzrət Yəhyaya (ə) buyurur: “Nə səbəbdən səni nigaran və narahat görürəm? Sanki İlahi rəhmətdən ümidsiz olmusan?”.
Hər ikisi bu mövzular haqqında müzakirələr etməyə başladılar. Ancaq bir yerə gəlib çata bilmədilər. Ona görə də İlahi vəhyin enməsini gözlədilər.
Allah Təala onlara belə bir vəhy göndərdi: “Siz iki nəfərin arasından Mənim üçün ən sevimlisi o kəsdir ki, üzü gülür və Mənə qarşı hüsnü-zənni daha çoxdur”.
Bu mövzuda İmam Əlinin (ə) dəyərli bir kəlamı yada düşür: “Möminin şadlığı üzündə, qəmi isə qəlbindədir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter