Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır?


Əl altında möhür olmayan vaxt necə namaz qılmaq lazımdır? Əgər namaz qılınan yerdə möhür yoxdursa, bir neçə yolla çatışmazlığı aradan qaldırmaq olar. Məsələn, namaza başlamazdan əvvəl həyətdən bir az torpaq, qum gətirmək, canamazın üstünə təmiz parça ya kağız qoyub, həmin torpağı onun üstünə səpmək və üzərinə səcdə etmək mümkündür. Yaxud namazdan əvvəl balaca bir daş, kərpic qırığı, saxsı parçası tapıb, onun üzərinə səcdə etmək də olar. Əgər bunlar da mümkün olmasa, təmiz kağızın üzərinə də səcdə etməyə icazə verilir. Asfalt (qır) üzərinə də zərurət halında səcdə etmək icazəlidir. Bu da mümkün olmasa, insan öz paltarnın ətəyinə və ya paltarın qoluna alnını qoya bilər. Əlbəttə, bütün bunlar mərhələ ilə, yəni ondan əvvəlki material tapılmadığı halda keçərlidir.


Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı?


Qeydiyyata düşmək üçün ailə qurmaq günahdırmı? İslaminSesi.info - Oxucu sual verir: Qeydiyyata düşmək və ya xarici ölkənin vətəndaşı olub orada qala bilmək üçün ailə qurmaq günahdırmı?
Öz-özlüyündə bu işin haram olduğunu söyləmək olmaz. Əgər bu evliliyin şərtləri və ayinləri İslam qanunlarına zidd deyilsə və tərəflərin haqqı aradan getmirsə, icazəlidir. Amma bu hərəkəti bəyənmək və təşviq etmək də mümkün deyil. Çünki dinimiz ailəyə müqəddəs və mübarək bir ocaq kimi baxır. Ailə qarşılıqlı sevgi və hörmət əsasında qurulmalıdır. Hər hansı maddi mənfəət və ya başqa səbəb üzündən ailə qurmaq haram olmasa da, bu işdə Allahın razılığını axtarmaq düzgün deyil. Ailə möhkəm təməllər üzərində qurulmalıdır ki, davam etsin və öz funksyalarını yerinə yetirsin. Ona görə də ailə qurarkən bu cür təmənnalı məqsədlərdən uzaq olmağı müsəlmanlara tövsiyə edirik.


Rəqs etməyin hökmü nədir?


Cavab: İslam müqəddəslərinin hədislərinə görə, rəqs etmək batil əyləncə və ləğv (lağlağı iş) sayılır. Rəqs edən insanın əl-ayaq hərəkətləri də mənasız hərəkət kimi qəbul edilir. Ona görə də, əksər fiqh alimlərinin fikrincə, rəqs etmək demək olar ki, hər bir halda bəyənilməz və günah əməldir. Xüsusilə, qadının naməhrəm kişi qarşısında rəqs etməsi böyük günahdır. Amma batil və mənasız əməl olmaq etibarilə kişilərin kişi məclisində oynamasını da icazəli bilmirlər. Bəziləri qadınların qadın məclisində rəqs etməsini caiz bilirlər, lakin bu, birmənalı deyil. İstisna hal kimi əksər müctəhidlər qadının öz əri qarşısında rəqs etməsini qeyd edirlər. Alimlərin bir çoxunun fikirncə, yalnız qadının öz əri üçün rəqs etməsi günah sayılmaz.


Qüsl alan zaman dabanların altını da yumaq lazımdır?


Cavab: Qüsl alan zamanı bədənin zahirdə görünən hər yeri su ilə islanmalıdır. Əgər iynə ucu boyda yer quru qalsa, qüsl batildir. Dabanların altını da yumaq vacibdir. Əgər unutqanlıq üzündən və ya başqa səbəb üzündən ayaqların altı yuyulmasa, həmin qüsllə qılınan namazlar öz qüvvəsini itirmiş sayılar. Əlbəttə, bu zaman qüslün ardıcıllığını qroumaq şərtdir. Yəni əvvəlcə baş və boyun yuyulduqdan sonra bədənin sağ tərəfi tamamilə yuyulmalıdır. Bu zaman ayağı qaldırıb altını da yumaq lazımdır. Bundan sonra bədənin sol tərəfi – ayağın altı da daxil olmaqla – tam yuyulmalıdır.


Meyyitə qüsl verməyə kömək edən adamla əl verib görüşən şəxs də qüsl verməlidirmi?


Meyyitə qüsl verməyə kömək edən adamla əl verib görüşən şəxs də qüsl verməlidirmi? Cavab: Şəriətə görə, cənazə soyuduqdan sonra ona meyyit qüslü verilənə kimi kimsə toxunsa, boynuna qüsl gəlir. Buna “məssi-meyyit qüslü”, yəni cənazəyə toxunmaq qüslü deyirlər. Əsasən, cənazəni yuyan adamların boynuna bu qüsl gəlir. Amma qüslə səbəb olan bu hal başqası ilə görüşməklə və sairə yollarla ötürülə bilməz. Yəni insan məssi-meyyit qüslü etməzdən qabaq istədiyi adamla əl verib, qucaqlaşıb görüşə bilər; bunun o biri adam üçün heç bir problemi yoxdur. Boynunda məssi-meyyit qüslü olan adam Quran oxuya bilər, məscidə girə bilər, amma namaz qılmaq üçün qüsl almalıdır.


Hüzr məclislərində mollanın səhv danışdığını görüb, səhvini düzəltmək olarmı?


Hüzr məclislərində mollanın səhv danışdığını görüb, səhvini düzəltmək olarmı? Cavab: Bu kimi hallarda əvvəla, buraxılan səhvin nədən ibarət olması fərq edir. Əgər məclisi idarə edən şəxs İslamın əsas prinsiplərini pozan, insanları günaha salan səhvə yol veribsə, bunu yumşaq şəkildə söyləmək lazımdır. Ola bilər ki, molla bu səhvi qətiyyən pis niyyət olmadan, unutqanlıq ya bilməməzlik üzündən edib. İrad bildirərkən həddi aşmamaq və kobudluq etməmək, yaş həddini gözləmək də çox vacibdir. Unutmamalıyıq ki, ruhanilərin abrının aparılmasını Allah sevməz. Əgər mollanın səhvi xırda məsələdədirsə və o səhv heç kimin əqidəsinə, ibadətinə mənfi təsir göstərməyəcəkcə, açıb-ağartmağa dəyməz. Zərurət halında bunu məclisdən sonra, təklikdə və yumşaq tərzdə onun diqqətinə çatdırmaq olar.


İnsanın övladı yoxdursa, mirası kimə qalacaq?


İnsanın övladı yoxdursa, mirası kimə qalacaq? Cavab: Miras hökmləri İslamda ən geniş və dəqiq şəkildə işlənmiş mövzulardan biridir. Hətta şəriətdə miras hökmlərini “fəraiz” adlı ayrıca bölümdə yerləşdirmişlər. İrs hökmlərində deyilir ki, dünyasını dəyişmiş insanın varisləri üç dəstəyə bölünür.
Birinci dəstə mirasa ən çox haqqı çatan yaxın qohumlardır. Bunlara ölünün ata-anası və övladları aiddir. Bu dəstədən heç kim yoxdursa, miras ikinci dəstəyə qalır.
İkinci dəstəni ölünün baba-nənələri və qardaş-bacıları təşkil edir. Əgər ikinci dəstəyə aid qohum yoxdursa, o halda miras üçüncü dəstəyə çatır. Bura isə ölünün əmi, bibi, dayı, xalaları və onların övladları daxildir. Beləliklə, əgər rəhmətə gedən şəxsin övladı yoxdursa, miras haqqı onun ata-anasına keçir...


Ayətullah Sistaninin Ərbəin yolunun təmiz saxlanması haqqında yeni fətvaları nələrdir?


Ayətullah Sistaninin Ərbəin yolunun təmiz saxlanması haqqında yeni fətvaları nələrdir? Sual: Ərbəin ziyarəti günlərinin yaxınlaşması və piyada surətdə ziyarətə gedənlərin sayının milyonlarla olmasına diqqət etməklə Kərbəlaya gedən piyada yolu ilə bağlı bir neçə sual soruşmaq istəyirik:
1. Zəvvarların piyada yolunun, həmçinin yol boyu qurulmuş mokəblərin təmiz qalması məqsədilə zibil yeşikləri və və zibil kisələri almaq üçün pul vermək olarmı? Və bu Hüseyn (ə) təzahürləri yolunda infaq sayılırmı? Cavab: Bəli. Möminlərin ziyarət etməsi, onların ziyarətə rəğbətləndirməsi, bu yolda rahatlıq və asayişinin təmin edilməsinə səbəb olan hər bir iş müstəhəbdir. Bu yolda pul xərcləmək Hüseynin (ə) zəvvarına xidmət etmək və infaqın nümunələrindən sayılır.
2. Əgər bir dəstə gənc öz vaxtlarını Kərbəla zəvvarları gedən yolun təmizliyinə sərf etsələr, bu iş bəyənilirmi? Cavab: Müsəlmanların yolundan maneələri aradan qaldırmaq şəriətdə bəyənilən əməldir. Bu iş İmam Hüseynin (ə) zəvvarları yolunda olarsa, daha çox savabı vardır.


Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi?


Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi? Cavab: Namaz qılanın əynindəki paltarların pak olması və nəcasətə bulaşmaması vacib şərtdir. Lakin corab, araqçın, əlcək kimi övrət yerini örtməyən, kiçik ölçülü ikinci dərəcəli geyim növləri istisna edilir. Bunlar murdar materialdan (məsələn, bismilahsız kəsilən heyvanın və ya it, donuz kimi zatən nəcis olan heyvanın dərisindən) hazırlanmayıbsa, sonradan nəcasətə bulaşıbsa, onunla namaz qılmaq olar. Qayışın da hökmü belədir. Amma qayış bismillahsız kəsilən heyvan dərisindən hazırlanıbsa, onunla namaz qılmaq olmaz.


Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı?


Qüsl zamanı bədəndən tökülən su murdar sayılırmı? Cavab: Qüsl suyu öz-özlüyündə murdar deyil. Burada əsas məsələ qüsldən qabaq bədənin pak olub-olmamasıdır. Əgər qüsldən qabaq bədəndə nəcasət (murdarlıq) olmayıbsa, o halda bədəndən ayrılan su da murdar deyil. Həmin su bir yerə dəysə, o yeri pak etmək lazım deyil. Əgər qüsldən qabaq bədəndə nəcasət olmuşsa, həmin nəcasətə toxunan su da murdar olar və dəydiyi yeri də murdar edər. Diqqət yetirin ki, burada suyun təmizliyindən yox, paklığından danışırıq. Çünki təmizliklə paklıq fərqlidir. Zahirdə təmiz kimi görünən su əslində murdar ola bilər. Eləcə də, şəriət baxımından pak sayılan su çirkli ola bilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter