Kenqurunun ətindən kalbasada olur, yemək olarmı?
Son zamanlar olkemize terkibinde kenquru eti olan kolbasalar getirilir ve bu askar olaraq kolbasanin uzerinde yazilmisdir. biz de kenquru etinin yeyilmesini halal olub olmamasini bilmirik. ona gore de sizden xahis edirik ki, kenqurunun etinin halal olub olmamasi barede butun muctehidlerin fetvasini yazin. onceden tesekkur edirik
Bismillahir-rəhmanır-rəhim. Kenqurunun ətinin halal, yaxud haram olması barədə təqlid mərcələrinin fətvaları aşağıdakı kimidir:
-Ayətullah əl-üzma Xamenei: Kenquru ətinin yeyilməsi icazəli deyil.
-Ayətullah əl-üzma Sistani: Vacib ehtiyata görə icazəli deyil.
-Ayətullah əl-üzma Həmədani: Kenquru, əti haram olan heyvanlardandır.
-Ayətullah əl-üzma Safi: Kenquru ətinin yeyilməsi haramdır.
-Ayətullah əl-üzma Məkarim: Kenquru, əti halal olan heyvanlardandır. Əgər şəri qaydalarla zibh olunsa, onu yeməyin eybi yoxdur.
Ticarət zamanı mal satarkən qiymətin üstünə neçə faiz əlavə etməyə icazə verilir?
Bunun üçün şəriətimizdə hər hansı konkret məbləğ və ya faiz miqdarı nəzərdə tutulmayıb. İslam qanunlarının hamısının mahiyyətində əxlaq və insaf meyarı durur. Satılan malın qiymətinin təyin edilməsi məsələsi də bu meyara tabedir. Qiyməti təyin edərkən insaf amili mütləq nəzərə alınmalıdır. Əlbəttə, qiyməti təyin edərkən bazarın vəziyyəti, qiymətlərin ümumi məzənnəsi də gözdən qaçmamalıdır. Eləcə də, möhtəkirlik, süni qiymət artımı bəyənilməzdir. İnsanların əlacsızlığından, qıtlıqdan, defisitdən istifadə edərək, malın üstünə yüksək faiz qoyub satmaq insafa ziddir və dinimizdə yolverilməz sayılır.
Ticarətdə Əgər Suni bahalandırma müsəlmanların güzaranına təsir etsə və onların haqqı olan birinci dərəcəli ehityaclarından məhrum olmasına gətirib çıxarsa bu ticarət haram həddinə çata bilər.
Tapilan pulun hokumu nədir?
Bismillahir-rəhmanır-rəhim. Əgər tapdığınız pulda onunla sahibini tapa biləcək, bir nişanı olsa (hərçənd bilsəniz ki, onun sahibi malı möhtərəm olan kafirdir), o halda gərək tapdığınız gündən bir ilə kimi camaatın yığıldığı yerlərdə elan edəsiniz. Əgər belə bir pulu elan verməklə onun sahibinin tapılmayacağı məlum olan bir yerdə taparsa, onu birinci gün sahibləri tərəfindən fəqirlərə şəriət hakiminin izniylə, vacib ehtiyata əsasən sədəqə verə bilər və il tamam olana qədər səbr etməməlidir. Habelə, pul sahibini tapmaqdan ümidini itirsə, həmin vaxtdan onu sahibi tərəfindən fəqirə sədəqə verməlidir.
Sahibi bilinməyən uzun illər telefon ustası yanında qalan telefonlardan istifadə etmək olarmı?
Salam. Sizə iki sualım var: 1) Mən telefon ustasıyam. Elə olur ki, müştəri telefonunu təmirə gətirib verdikdən sonra gəlib çıxmırş Hətta 1 ildən çoxdur ki, yiyəsini tapa bilmirəm və telefonu da cavab vermir. 2) Özümün telefon zapçastları il müştərilərin telefon zapçastları qarışıb və ayıra bilmirəm. Onları işlədə və yaxud sata bilərəmmi?
\"Muctəhid: Ayətullah Xamenei\": Bismillahir-rəhmanır-rəhim
1. Əgər sahibləri öz telefonundan imtina etsə və onu geri götürmək qəsdləri də olmasa, ondan istifadə etməyinizin hər bir halda maneəsi yoxdur. Lakin sahibinin ondan imtina etməsinə yəqinliyiniz yoxdursa, bu halda sahiblərini tapmaqdan ümidsiz olduğunuzu fərz etsək, sahibi tərəfindən onları fəqirlərə sədəqə verin.
2. Sahibinin razılığı ilə iradı yoxdur. Əgər sahibini tapa bilməsəniz, onu satıb sahibi tərəfindən fəqirə sədəqə verə bilərsiniz.
Donuz ətini yemək niyə haramdır?
Donuz ətində neçə növ mikrobun tapılmasını, bir növ Qurani-kərimin möcüzəsi hesab etmək olar.
“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir...” (\"Bəqərə\", 173.)
Donuz əti yemək İslam dinində haram sayılan əməllərdən biridir. Əsrlərdən sonra bu heyvan (donuz) barəsində alimlərin araşdırmaları və donuz ətində neçə növ mikrobun tapılmasını, bir növ Qurani-kərimin möcüzəsi hesab etmək olar.
CİSMİ ZƏRƏRLƏRİ
Donuz ətinin cismi zərərləri xeyli sayda olsa da, biz onun iki əsas növünü qeyd etməklə kifayətlənirik. Aşağıda izahı gələcək bu iki ziyan, trixin və solityordan ibarətdir...
Bir şəxsi vəsiyyəti əsasında öz oğlu ilə eyni qəbirdə dəfn etmək olarmı?
Cavab: Əgər ata ilə oğul eyni zamanda dəfn edilirsə, bu vəsiyyətə əməl etmək olar. İslam tarixində eyni qəbirdə iki və daha çox cənazənin dəfn olunması halları olub (məsələn, Ühüd şəhidlərinin dəfni zamanı). Amma əgər oğul dəfn ediləndən sonra ata vəfat edir və oğlu ilə eyni məzarda dəfn olunmağı vəsiyyət edirsə, bu halda oğulun məzarını açmaq lazım gəlir. Bu isə şəriətimizlə qadağandır. İslam qanunlarına görə, yalnız bəzi zəruri hallarda qəbri açmağa icazə verilir. Məsələn, cənazə qəsbi torpaqda basdırılmışsa, qəbrin içinə başqasının şəxsi əşyası düşmüşsə və həmin şəxs öz əşyasını tələb edirsə, dəfndən sonra bədənin bir parçası tapılırsa, cənazənin sel suları və ya heyvanlar tərəfindən tələf ediləcəyinə güman yaranırsa, qətl hadisəsi və sairə bu kimi hallar zamanı araşdırmaya ehtiyac yaranırsa, hamilə ananın bətnində diri uşaq dəfn olunursa və sairə. Bu kimi hallardan əlavə, yalnız o zaman qəbri açmağa icazə verilir ki, cənazənin tamamilə çürüyüb torpağa qarışmasına əminlik olsun....
Bir restoranda içki verilirsə, həmin restorana gedib orada yemək olarmı?
Cavab: Dinimizə görə, spirtli içki içilən məclislərə qatılmaq – o məclisin bir üzvü olmaq şərti ilə - günahdır. Məsələn, toy və qonaqlıq kimi məclislərdə, hətta stollardan birinə araq verilməsə də, amma eyni məclisin üzvü sayılırlar, çünki eyni məqsəd üçün bir araya gəliblər və eyni məsələni qeyd edirlər. Toy və ad günü məclislərinin evdə ya restoranda keçirilməsi də fərq etməz.
Lakin adi vaxtlarda restoran, yeməkxana kimi yerlərdə hər stol müstəqil sayılır. Hər masa arxasında əyləşənlər bir-birini tanımır, öz menyuları əsasında yemək seçir və öz hesablarını verirlər. Ona görə də, bir stolda oturanla başqa stolda oturan eyni məclis əhli sayılmır. Bu cür kütləvi yemək yerlərinə getməyin günahı yoxdur. Amma daha yaxşı olar ki, möminlər ümumilikdə spirtli içki verilməyən halal məkanlarda yemək yesinlər.
Sulu qəlyan çəkmək olarmı?
Cavab: Müctəhidlərin əksəriyyətinin fikrincə, nə tütünlə çəkilən qəlyan, nə də sulu qəlyan haram deyil. Amma bunlar insan sağlamlığına ziyan olduğuna görə, istifadəsi bəyənilən sayılmır və imkan dairəsində bu vərdişdən qurtulmaq məsləhətdir. Sulu qəlyana gəlincə, bəzi elmi araşdırmalar onun hətta adi qəlyandan daha ziyanlı olduğunu göstərir. Doğrudur, sulu qəlyanda nikotinin miqdarı az olur, amma əvəzində dəm qazının miqdarının daha çox və daha yüksək temperaturda olması onun zərərini artırır. Eləcə də, ictimai yerlərdə sulu qəlyanın növbə ilə çəkilməsi, bu zaman gigiyena qaydalarına riayət edilməməsi ağız boşluğu vasitəsilə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Gənclərdə alışqanlıq yaratması və onları faydalı fəaliyyətdən yayındırması da sulu qəlyanın mənfi cəhətlərindən biridir./ixlas
Məscidlərin səsucaldanları ilə dini proqramları həyata keçirməyin hökmü nədir?
Ayətullah Lutfullah Safi buyurur: Bismillahir-rəhmanir-rəhim. Ələykum salam və rəhmətullah.
Məscidlərdə, hüseyniyyələrdə və digər dini məkanlarda mərasim təşkil edənlərə tövsiyə edirəm ki, şüar və təzahür məqsədi dayışan azan kimi səsləndirmələr səsucaldan vasitəsilə səsləndirilsin. Bundan qeyri surətdə ehtiyatlı olun ki, xalqı incitmək olmasın və bəhanə axtaranların əlinə bəhanə verilməsin. Çünki belə olarsa, bütün proqramlar sual altına düşə bilər. Xüsusilə də xəstələrin və yaşlı insanların halına riayət etsinlər. Məscidin səsucaldanı vasitəsilə səsləndirilən dini proqramlardan şikayət və gileylənən şəxslərə tövsiyə və nəsihət edirəm, o kəslərdən olmayın ki, Mütəal Allah onların barəsində buyurur:
وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَإِذَا ذُكِرَ الَّذِينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
“Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər”. (“Zümər” surəsi, ayə 45)
Şəriət vəzifələrində Cahili-qasir və cahili-müqəssir nə deməkdir?
Bunlar müəyyən səbəblər üzündən öz dini vəzifəsinə (təklifə) əməl etməyən şəxslərə aid olunan terminlərdir. Səbəbin üzürlü ya üzürsüz olmasından asılı olaraq, öz dini vəzifəsinə əməl etməyən adam cahil, yəni xəbərsiz sayılır. Amma əgər bunu üzürlü səbəbdən edirsə, ona cahili-qasir deyirlər. Məsələn, adam hər hansı yeməyin haram olduğunu bilmədən yeyir, bu barədə ona heç kim məlumat vermir, amma xəbər tutandan sonra bu işdən əl çəkir. Və ya 15 yaşından namaz qılmağın vacib olmasını bilmir, ona görə də namaz qılmır, amma bunu öyrənən kimi qılmadığı namazları qəza edir. Cahili-qasirin Allah yanında günahı yoxdur, bilməməzlik üzündən etdiyi günahlar da sayılmır. Amma cahili-müqəssir o adama deyilir ki, öyrənib-bilməyə imkanı ola-ola öz dini vəzifəsini öyrənmir. Məsələn, bir əməlin günah olması barədə başqasından eşidir, amma özü araşdırmır və həmin günahı təkrar edir. Yaxud namazın düzgün qılınma qaydasıını kitablardan oxuyub öyrənmək imkanı ola-ola bunu etmir və səhv şəkildə namaz qılır. Bu cür adam Allah qarşısında məsuliyyət daşıyır, amma tövbə etməklə və səhv əməlini düzəltməklə öz günahını bağışlada bilər.