Nə üçün İslamda Qumar və mərcləşmə haram olunmuşdur?


Qumar və mərcləşmə də çox sayda ictimai və iqtisadi ziyanlar törətdiyi üçün haram olunmuşdur.
\"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.\" (Maidə, 90). İzah: Bu iki günahın cəmiyyətdə yayılması və onun ziyanlı nəticələrinə diqqət olunmadığı üçün mövzu ilə bağlı bəzi ayə və rəvayətləri diqqətinizə çatdırırıq. Fəsad törədənlərin təbliğatının əksinə olaraq sərxoşedici içki bütün dinlərdə haram olmuşdur. Belə ki, tək onu içmək yox, hətta onun istehsalı yolunda addım atmaq, onu paylamaq və yaymaq da haram və lənətlənmişdir (Kafi, c. 6, səh. 396). Allah heç zaman spirtli içkilərə – hətta xüsusi xəstəliklərdə və az miqdarda da – dərman özəlliyi verməmişdir. Hədis: İmam Əli (ə): “Allah ağılı qorumaq üçün kefləndirici içkiləri tərk etməyi vacib etmişdir.” (Nəhcül-bəlağə, qısa kəlamlar: 252).


Zikr Allahın bəndələri yad etməsinə səbəb olur!


Allah sevgisinin də nəticəsi Onun nemətlərinin insanın üzərinə yağmasıdır! \"Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə nankorluq etməyin!\" (Bəqərə, 152).
Hədis: İmam Sadiq (ə): Allah-Taala buyurmuşdur: “Ey Adəm övladı! Öz daxilində məni yad et ki, Mən də daxilən səni yad edim. Ey Adəm övladı! Məni xəlvətdə yad et ki, Mən də səni xəlvətdə yad edim. Məni cəmiyyət arasında yad et ki, səni sənin cəmiyyətindən daha yaxşı cəmiyyət arasında yad edim.” (Məhasin, səh. 39, hədis: 34).


Namazın ən mühüm hikməti nədən ibarətdir?


Namazın ən mühüm hikməti davamlı olaraq Allahı yad etməkdir! \"Məni xatırlamaq üçün namaz qıl!\" (Taha, 14).
Hədis: İmam Sadiq (ə) – namazın hikməti haqqında suala cavab verərkən –: “Əgər yalnız dinin gəlişi və kitabın (Quranın) xalq arasında mövcudluğu ilə kifayətlənilsəydi, Peyğəmbərin (s) xatirəsini onların arasında yaşadan bir amil olmasaydı, keçmiş dinlərin taleyinə məhkum olardılar.” (İləluş-şərai, səh. 317, hədis: 1).


Həzrəti Əyyub (ə) problemlə üzləşdikdə hansı duanı oxuyardı?!


Həzrət Əyyub (ə) Allahın müxtəlif bəlalarla sınağa çəkdiyi peyğəmbərlərdəndi! \"Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla gəlibdir. Sən rəhimlilərin ən rəhimlisisən!” Biz onun duasını qəbul etdik və ona gəlmiş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.\" (Ənbiya, 83-84). İzah: Həzrət Əyyub (ə) Allahın müxtəlif bəlalarla sınağa çəkdiyi peyğəmbərlərdəndir. Amma o, səbir etdi və dilinə şikayət, dözümsüzlük iyi verən heç bir söz gətirmədi. O, möminlər üçün səbir örnəyidir...
Hədis: İslam peyğəmbəri (s) “Ya Ərhəmər-rahimin” – deyən bir kişini gördü. Ona buyurdu: “Allahdan hacətini istə. Çünki O, sənə nəzər salmışdır.” (Biharul-ənvar, c. 9, səh. 234, hədis: 7).


İnsanın başına gələn bəlaların əsas qaynağı haradandır?!


\"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.\" (Şura, 30). İzah: İnsanın azad olmasının mənfi tərəflərindən biri odur ki, bəzi bəndələr başqalarına zülm edir, onlara qətl, qan tökmək, yoxsulluq və s. kimi heç də xoş olmayan müsibətlər yaşadırlar. Bəli! Əgər padşahlar və qaniçənlər öz dəhşətli cinayətlərindən əl çəksəydilər, sərvət sahibləri və zorakı insanlar başqalarının iqtisadi hüquqlarını tapdamasaydılar, yoxsullara qarşı öz dini vəzifələrinə əməl etsəydilər, həyatda bu qədər faciə və xoşagəlməz hallara şahid olmazdıq. Bununla yanaşı diqqət etmək lazımdır ki, Allahın qəti ənənəsi belədir: Əgər kimsə Ona bəndəlik və ibadət yolunda addımlasa, təbii səbəb və amillər də onun yardımına tələsərlər. Amma küfr və itaətsizlik etsə, Allahın təbii nemətlərindən məhrum qalacaqdır...


Bəndənin tövbəsi hər zaman Allahın iki tövbəsinin arasındadır!!


Allah tərəfindən tövbə fürsəti verilməsi -- \"Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhimlidir.\" (Tövbə, 118). İzah: Tövbənin üç mərhələsi vardır: 1. Allah tərəfindən tövbə imkanı verilməsi; Birinci mərhələdə Allah bəndələrinin bəzi ləyaqətlərini müşahidə edərək onları tövbəyə və Özünə tərəf qayıtmağa hazırlayır. “تَابَ عَلَيْهِمْ” ibarəsi bu mənaya işarə edir. 2. Bəndənin tövbəsi; Bu mərhələ günahı tərk etməyə və keçmişi düzəltməyə ciddi qərar vermək mərhələsidir. Bu mərhələdə “تاب” (tabə) feili “إلی” (ilə) önqoşması ilə təsirli feilə çevrilmişdir. 3. Allah tərəfindən tövbənin qəbul olunması. Demək, bəndənin tövbəsi hər zaman Allahın iki tövbəsinin arasındadır.


Şayiələrlə mübarizə aparmağın yolları hansılardır?


Bu şayiənin acı hadisələrini Ühüd döyüşündə də görmək olur, Əfək adlı böyük töhmət macərasında da görmək olur. Bəs bu cür şayiələrlə necə mübarizə aparmaq olar? Quranın tövsiyələri:
1. Yanlış xəbərlərə inanmamaq. “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə... (“İsra” 36).
2. Doğru xəbər axtarışında olmaq. “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz.. (“Hucurat” 6).
3. Elm və mərifət əhlinin yardımı. “Əgər onlara əmin-amanlıq və ya qorxu barəsində bir xəbər çatsa, (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın Peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər”. (“Nisa” 83).


Salman Farsini uca məqama qaldıran 3 xüsusiyyət hansılar idi?


Həzrət (ə) buyurdu: “Salman Farsi demə! Salman Muhəmmədi (de)! Bilirsənmi ki, niyə onu tez-tez yada salıram? Üç səbəbə görə...”.
1. İmam (ə) buyurur ki, Salman Farsinin İmamın (ə) yadında qalmasının səbəbi odur ki, o, həmişə İmam Əlinin (ə) istəklərini öz istəklərindən üstün hesab edərdi. O, yaxşı bilirdi ki, İmamı (ə) ondan nə istəyir.
2. Salman Farsi həmişə yoxsul və ehtiyaclı insanları zəngin insanlardan üstün tutmuşdur. Qohumları, rəfiqləri arasında hər kimin ehtiyacı vardırsa, əvvəl onlara yardım e edərdi, sonra zəngin olanlara. Yoxsulların məclisində iştirak etməyi zənginlərin məclisindən daha üstün bilərdi.
3. Elm öyrənmək aşiqi idi. Həmişə alimlərlə əyləşib-qalxardı. Elm əhli ilə dostluq edərdi.


Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?


Həzrətin (s) əfv edə bilmədiyi kəslərdən biri o kəslər idi ki, cinayət törədirdilər və açıqca deyirdilər ki, əgər məni azad etsələr, həmin cinayəti yenə təkrar edəcəyəm. Misal üçün Bədr döyüşündən sonra bir nəfər Həzrətin (s) xidmətinə gəlir və deyir: “Məni bağışlayın, səhv etmişəm. Mənim arvad və uşaqlarım vardır”. Həmin şəxs əsir idi və ona edam hökmünü vermişdilər. Həzrət (s) ona buyurur: “O zaman bağışlayaram ki, bir daha müharibəyə gəlməyəsən”. Deyir: “Olar”. O zaman ki, onu azad edirlər, müşriklərin yanına gedir və deyir: “Bu dəfə də döyüşsəniz ilk sırada olacağam”. Elə ki, Ühüd döyüşü olur, yenə gəlir. Tərslikdən döyüşdə ələ düşür və əsir olur. O zaman ki, Həzrətin (s) yanına gətirirlər, deyir ki, ağacan, bu dəfə də məni bağışla! Həzrət (s) buyurur: “Xeyr, bu dəfə deyil”. Ona görə də əfvin şərtləri vardır və hər kim ona riayət edərsə, əfv olunmağa layiq olar. Əks halda əgər dinimizə ziyan vura biləcək cinayətkardırsa, onu əfv etmək məsləhət deyildir.


Bütün günahların kökündə bu 3 amil durur!


Əxlaq alimləri ayə və hədislərə əsasən bu qənaətə gəlib çatıblar ki, insanın günah etməsinə əsas 3 amil təsir qoyur ki, onları tanıyaq və onların şərindən uzaq olmağa çalışaq.
1. Havayi-nəfs. İnsanın nəfsində iki meyil qərar verilmişdir. Yaxşılıqlara meyil və pisliklərə meyil. O nəfs ki, insanı şəhvətə meyil etdirər, günaha səbəb olar. “(Yusuf yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir”. (“Yusif” 53).
2. Dünyaya bağlılıq. Dünya elə bir yerdir ki, öz-ölüyündə eybə malik deyildir, Qadir Allah onu sevgi ilə xəlq etmişdir. Əsil naqislik – insanın dünya ilə olan rabitəsindədir. O kəs ki, dünyaya maddi baxışlarla nəzər salar – güman edər ki, həmişəlik orada qalacaqdır. Ona görə də bu insan Allahdan və axirətdən qafil qalar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter