SƏBƏBİYYƏT QANUNU NƏDİR?


Mövcudata nəzər salsaq, onun bütün predmetlərinə hakim çıxan bir qanunun olduğu diqqətimizi cəlb edəcəkdir.
Yer hərəkət edir, Günəş nur saçır, yazda çaylar daşır, yüksək hərarət əlimizi yandırır… Bütün bu gördüklərimiz və görə bilmədiklərimizin hər biri bu qanunla əlaqəlidir. Bu, «Səbəbiyyət» qanunudur. Səbəbiyyət qanunu biri «səbəb», digəri «nəticə» olan iki prinsipin əlaqəsini ifadə edən fəlsəfi kateqoriyadır. Lakin bu iki şey arasında olan əlaqə və kauzallıq bütün əlaqələrdən daha güclü, daha dərindir. Burada şeylər biri digərinə öz vücudu ilə bağlıdır. Səbəb öz nəticəsinə həyat verən, ona varlıq bağışlayan, nəticə isə öz varlığında, var olmasında səbəbə borclu olan, ona möhtac olan amillərdir. Məsələn, Günəş bir səbəb kimi öz nuruna vücud bağışlayır. Burada, nəticə olan Günəş nurunu Günəşsiz təsəvvür etmək olarmı?
Səbəbiyyət qanunu o qədər aşkar və möhkəmdir ki, bütün fəlsəfi məktəblər tərəfindən bə’zi fərqlərlə qəbul olunmuşdur. Yalnız «İndeterminizm» təlimi bu qanunun ümumiliyini, bə’zi hallarda isə tamamilə inkar etməkdə fərqlənir. Bunun müqabilində «Determinizm» səbəbiyyətin ümumi xarakterini müdafiə edərək onu zəruriyyətlə eyniləşdirir.
Fizikanın inkişafı ilə Kvant mexanikasının meydana gəlməsi Determinizmə baxışları dəyişdi. 1927-ci ildə alman fiziki Verner Heyzenberqin (1901-1976) bir prinsiptək formalaşdırdığı «qeyri-müəyyənliklər nisbəti» səbəbiyyət qanununun ümumi xarakteri ilə uyğun gəlmirdi. Bu prinsipdə elementar zərrəciklərin koordinat və impulslarını tə’yin etməyin qeyri-mümkünlüyü söylənilirdi. Həmişə olduğu kimi materialistlər bu prinsipdən faydalanaraq, mikroaləmdə səbəbiyyət qanununun hakim olmadığını iddia etdilər. Onlar bu iddianı «elementar zərrəciklərin iradə azadlığı» kimi ifadə edirdilər.
Lakin Heyzenberqin «qeyri-müəyyənliklər nisbəti» prinsipinin mütləq şəkildə doğru olmasına heç kəs zəmanət vermirdi; Elementar zərrəciklərin koordinat və impulslarının müəyyən olunmasının qeyri-mümkünlüyü, onların «iradə azadlığından» daha çox eksperimental vasitələrin zəifliyindən irəli gəlirdi. Digər tərəfdən, mə’lum olduğu kimi materialistlər yalnız səbəbiyyətin deyil, bütün qanunların ümumiliyini inkar edirlər. K.Marksa görə bütün qanunlar, irəli sürülən nəzəriyyələr müəyyən şəraitin məhsuludur; hər hansı bir şəraitdə gəldiyimiz qənaət, başqa bir şəraitdə mütləq dəyişəcək, yenisi ilə əvəz olunacaqdır. Elə isə, materialistlər «qeyri-müəyyənliklər nisbətini» mütləq şəkildə necə qəbul edirlər?
Səbəbiyyət qanununu şübhə altına almaq bütün elmi tədqiqatları «tormozlamaq» kimi bir şeydir. Ən mürəkkəb elmi kəşflər, məhz, səbəbiyyət qanununa inamdan doğulur. Misal üçün diqqətinizi fizikada mühüm bir kəşfə yönəldirik:
Atom fizikasında fövqəl’adə əhəmiyyət kəsb edən alfa, beta və qamma şüaları necə kəşf olunmuşdur? Bu şüalar radioaktiv çevrilmələr zamanı kimyəvi elementlərdən ayrılan müxtəlif xasiyyətli şüalardır. Bu fərqli şüaları ilk dəfə məşhur ingilis fiziki Rezerford (1871-1937) aşkar etmişdi. Rezerford dövrü sistemdə 88 nömrəli element olan radiumun saçdığı radioaktiv şüanı perpendikulyar istiqamətdə güclü maqnit sahəsi ilə tə’sirləndirir. Bu zaman şüalanma istiqamətində qoyulmuş fotolövhədə bir deyil, üç şüa aşkar olur. Şüalardan biri düz, ikincisi maqnit sahəsinə az meylli, üçüncüsü isə maqnit sahəsinə çoxmeylli düşmüşdü. Bunun səbəbi şüalardan birinin mənfi yüklü, ikincisinin müsbət yüklü, üçüncüsünün isə yüksüz olması idi. Maqnit sahəsinə az meyl edən müsbət yüklü şüalar alfa, çox meyl edən mənfi yüklü şüalar beta, meyl etməyən yüksüz (elektrik yükü olmayan) şüalar isə qamma –şüaları adlandırıldı. Rezerford şüaların üç istiqamətdə düşməsinə nə üçün səbəb axtarırdı? Nə üçün o, bu hadisəni bir təsadüf kimi qiymətləndirmirdi? Çünki o, hər bir şeyin səbəbiyyət qanununa bütün varlığı ilə inanırdı.
Səbəbiyyət qanunu barədə söhbət açan mövzulardan biri də bu qanunun necə kəşf olunması mövzusudur. İnsan belə bir qanunun mövcud olmasına necə inanmış və onun kəşfinə necə yetişmişdir? Bə’zi alimlər bu qanunun dəqiq təcrübələrin nəticəsində aşkar edildiyini düşünürlər. Məsələn, həkim gündəlik təcrübəsində xəstəliklərin müəyyən səbəblərə bağlı olduğunu görür. Şübhəsiz ki, bu fərziyyə düzgün deyildir. Əvvəla, həkim belə bir qanunu müayinə zamanı aşkarlamır. O, bu qanunun mövcudluğuna inandığı üçün hər bir xəstəyə müəyyən səbəb axtarır.
Emprizm nümayəndələrindən olan ingilis filosofu Devid Yuma görə səbəbiyyət qanunu şeylərin ardıcıl və ya paralel olmasından asılıdır. Məsələn, biz qara buludlarla yağışın ardıcıl şəkildə gəldiyini müşahidə edirik. Bu buludların səbəb, yağışın nəticə olmasından xəbər verir. Yaxud, işləyən mühərriklə hərəkətdə olan maşının uyğun vəziyyətdə olduğunu görürük. Bu uyğunluq mühərrikin səbəb, maşının hərəkətinin isə nəticə olduğunu açıqlayır.
Bu filosofun da nəzəriyyəsi qənaətbəxş deyildir. Sözsüz ki, deyilən misallarda səbəbiyyət qanunu mövcuddur. Lakin bu qanun Yumun dediyi kimi ardıcıllıq və ya paralellik ilə kəşf olunmur. Təbiətdə çoxlu varlıqlar mövcuddur ki, ardıcıl və ya paralel şəkildə olsalar da, biri digərinin səbəbi, yaxud nəticəsi deyildir. Məsələn, fəsillər həmişə eyni ardıcıllığa malikdirlər, lakin bunların heç biri digərinin səbəbi, yaxud nəticəsi deyil. Habelə, Günəşdən ayrılan nur və istilik həmişə paraleldir. Lakin bunlardan (nur və istilik) hansı birini digərinə səbəb, yaxud nəticə hesab etmək olar?!
Ən düzgün nəzəriyyə budur ki, insan səbəbiyyət qanununu hər şeydən öncə öz daxilində tapır. O, hər an davranış və hərəkətlərinin öz iradəsinə bağlı olduğunu görür. Bu da, insan iradəsinin səbəb, davranış və hərəkətlərin isə nəticə olduğunu açıqca bəyan edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter