Səhabə və tabeİn İmam Hüseyn(ə) müsİbətİndə göz yaşı tökmüşlərmİ?


Bir çox səhabələr, hələ Həzrət Peyğəmbər (s) diri ikən onunla birgə Aşura müsibətinə ağladıqlarını, keçmiş bəhslərimizdə qeyd etdik(1). Bu mövzuda isə onların bəzisinin adını bəyan edirik:

1- İbn Abbas
Səbt ibn Cövzi deyir: «İmam Hüseyn (ə) şəhid olduqdan sonra İbn Abbas daim ağlayırdı. Hətta axırda gözləri tutuldu(2).»
İbn Abbas Həzrət Əli (ə) ilə Siffeyn yolunda Kərbəla ərazisində burada baş verəcək dəhşətlərə əvvəlcədən ağlamış, göz yaşı tökmüşdür(3).”
2- Ənəs ibn Malik
İbn Ziyadın sarayında olmasına baxmayaraq haqsızlığa dözməyən Ənəs ibn Malik ağlayaraq ona etiraz edib, «Hüseyn (ə) hamıdan çox Peyğəmbərə (s) oxşayırdı, sən isə onu şəhid etdin!» söylədi(4).
3- Zeyd ibn Ərqəm
Zeyd ibn Ərqəm zülmkar vali İbn Ziyadın sarayında, onun Hüseynə (ə) qarşı etdiyi iyrənc hərəkətlərinə şiddətlə etiraz edərək, ağlayıb söylədiyi kəskin nitqlə hamını kövrəltmişdi. «Zeyd ibn Ərqəm valiyə belə deyir: «Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək! Peyğəmbərin (ə) övladını təhqir etmək olmaz. Sən (kəsilmiş başına) çubuqla vurduğun Hüseynin (ə) dodaqlarını Peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm.» Sonra isə ağlamağa başladı. İbn Ziyad hiddətlənərək ona dedi: «Sakit ol! Əgər səhabə olmasaydın səni yetərincə kötəkləməyə əmr edərdim.» Amma Zeyd ibn Ərqəm qorxmadı və cəsarətlə ayağa qalxaraq fəryad etməyə başladı: «Ey camaat! Allahdan başqasına bəndəlik etdiniz! Hüseyni (ə), Fatimənin (s) övladını öldürüb, «Mərcanənin oğlunu» özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o sizin yaxşılarınızı öldürəcək. Pis insanları sizə hakim edəcək. Sizi öz quluna çevirəcək...» Sonra üzünü İbn Ziyada çevirərək dedi: «Ey İbn Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin?! (5)»
4- Rəbi ibn Xeysəm
“Rəbi ibn Xeysəm Həzrət İmam Hüseynin (ə) şəhadətini eşitdikdə hönkürərək ağlayıb belə dedi: «Elə cavanları şəhid etdilər ki, Peyğəmbər (s) onları gördüyü zaman olduqca mərhəmət və məhəbbətlə davranırdı. Öz mübarək əllərilə onlara yemək verər və qucağına alardı.(6)»
5- Cabir ibn Abdullah Ənsari
Cabir İmam Hüseynin (ə) şəhadətini eşitdikdən sonra öz dostları ilə birgə Kərbəlaya tərəf yola düşdü. Fərat çayında qüsl alıb, paltarlarını dəyişdikdən sonra, ayaqyalın, mərsiyə deyə-deyə İmamı (ə) ziyarət etməyə getdi. Özünü mübarək qəbrin üzərinə ataraq, ağlamaqdan huşunu itirdi.(7)
6-Həsən Bəsri
İmam Hüseynin (ə) şəhid olduğunu eşidən Həsən Bəsri şiddətlə ağlayıb, fəryad edərək belə deyirdi: «Xar olsun öz Peyğəmbərinin nəvəsini öldürən ümmətə! Allaha and olsun, qiyamət günü İmam Hüseynin (ə) babası və atası İbn «Mərcanə»dən (İbn Ziyaddan) intiqam alacaqdır!(8)»
7- Ümmü Sələmə Peyğəmbərin (s) həyat yoldaşı
İbn Abbas deyir: «Yatmışdım, Ümmü Sələmənin evindən gələn vay-şivən səsi məni ayıltdı. Peyğəmbərin (s) evinə sarı yürüdüm. Çoxsaylı kişi və qadının ağladığını gördüm. Səbəbini soruşduqda isə Ümmü Sələmənin səsini eşitdim, deyirdi: «Ey Əbdül-Mütəllib qızları, gəlin birgə ağlayaq. Allaha and olsun ki, sizin rəhbərinizi və behişt cavanlarının sərvərini şəhid etdilər...(9)»
Peyğəmbərin (s) həyat yoldaşları Ümmü Sələmənin evində əzadarlıq mərasimləri qurmuş, Peyğəmbərin (s) məscidini qara parçalarla bükmüşdülər(10).
8- Ümumiyyətlə Aşura müsibətindən sonra İslam xilafətinin bütün böyük şəhərləri matəmə bürünmüşdü. Mədinə, Məkkə, Şam, Kufə, Yəmən və sair... (11)
İmam Sadiq (ə) buyurur: «Aşura vaqiəsindən sonra Bəni-Haşim tayfasının qadınlarından heç biri sürmə çəkmədi, saçlarını bəzəmədi. Heç bir evdən «qonaqlıq ocağının tüstüsü» çıxmadı. Onlar İbn Ziyad ölənədək bu işə davam etdilər...(12)”

(1)Mavərdi, «Elamün-nübüvvə», səh. 83; İbn Həcər, «Səvaiqül-mühriqə», səh. 192; Xarəzmi, «Məqtəl», c. 1, səh. 159.
(2) Əbulfərəc, «Əl-Əğani», c. 7, səh. 240.
(3) İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 225; «Kitabi-Siffeyn», səh. 58; Xarəzmi, «Məqtəl», səh. 162.
(4) «Yənabiül-məvəddə», səh. 389; İbn Həcər, «Səvaiqül-mühriqə», səh. 198; «Tarixün-nihayə», səh. 69.
(5) İbn Həcər, «Səvaiqül-mühriqə», səh. 198; «Tarixün-nihayə», səh. 66; «Kamil», c. 3, səh. 434; «Tarixi-Təbəri», c. 4, səh. 21; İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 231; «Usdül-ğabə», c. 2, səh. 21; “Seyri əlamun- nübəla”, c. 3, səh. 315.
(6) İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 240 və 265.
(7) «Biharül-ənvar», c. 97, səh. 44; Seyyid ibn Tavus, «Lühuf», səh. 82.
(8) İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 265; «Ənsabül-əşraf», c. 3, səh. 227” «Əl-Möcəmül-kəbir”, c. 3, səh. 127; «Tarixün-nihayə», səh. 66.
(9) «Biharül-ənvar», c. 45, səh. 230; «Tarixi-İbn Əsir», c. 4, səh. 405; «Müsnədi-Əhməd”, c. 1, səh. 283.
(10) İmadəddin Qureyşi, «Uyunül-əxbar və fununül əsrar», səh. 109; Seyyid Haşim Bəhrani, «Mədinətül-məaciz», c. 4, səh. 196.
(11) «Tarixün-nihayə», səh. 132 və 190; İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 240.
(12) «İmam Həsən (ə) və İmam Hüseyn (ə)», səh. 145.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter