Nə üçün İmam Hüseynİn (ə) düşmənlərİnİ lənətləyİrİk? Bəlkə Allah onları qİyamət günü bağışlayacaq?


Nə üçün İmam Hüseynin (ə) düşmənlərini lənətləyirik? Bəlkə Allah onları qiyamət günü bağışlayacaq? Və nəyə görə onun düşmənlərini lənətləməklə xalqı da lənət oxumağa adət etdiririk? (“Gəlin insanpərvər və humanist olmağa çalışaq” deyiriksə, o zaman 1400 il bundan əvvəl baş vermiş bir hadisənin cinayətkarlarına qarğış yağdırmağın nə mənası var? Məgər İslam barışıq və dostluq dini deyilmi?)

İnsan təkcə «yaxşı və pisi dərk etmə» qabiliyyətinə deyil, bununla yanaşı daxili hisslərə və duyğulara da malikdir. Məsələn, sevginin qarşısında nifrət, şadlığın qarşısında qəm və dostluğun müqabilində düşmənçilik hissləri dayanmışdır. Təbiidir ki, əgər toy məclislərində gülüb şənləniriksə, yas məclislərində qəmlənməliyik. Səxavətli və pak insanlara sevgi bəsləyiriksə, zalim və qəddarlara qarşı amansız olmalıyıq.
Bir qədər fikirləşin! Əgər pis və yaxşı arasında fərq qoyulmazsa, o zaman ədalət bərqərar olarmı? Sizcə Kərbəla müsibətində yalnız ağlayıb sonra isə sakit qalıb «biz humanist insanlarıq» deyə bu faciənin amillərinə lənət oxumamaq nə qədər düzgün sayıla bilər? Əgər belədirsə onda nə səbəbə Allah-taala qəm-qüssə ilə birgə nifrət, qəzəb və bu kimi hissləri yaratmışdır? Məlum məsələdir ki, sonsuz hikmət sahibi olan Allah heç vaxt bihudə və faydasız bir şey xəlq etməz. Deməli, bu hisslərin hər birinin insan yaşayışında müəyyən rolu vardır. Elə buna görə də, dinimiz dostluq dini olmağına baxmayaraq bizlərə kafirlərdən uzaqlaşmağa və qərəzli kafirlərə qarşı barışmaz mövqedə dayanmağa əmr edir. Qurani-Kərim buyurur: «Dünyada kafirlərlə həmsöhbət olanlar, cəhənnəm odunda bir yerdə yanarlar.»
Bundan əlavə yaşadığımız həyatda pisliklərə nifrət və lənət etmək əsl insani xislət olaraq, vacib sayılır. Gəlin diqqətlə fikirləşək. Heç kim insan həyatına zərərli olan mikroblarla humanist davranmağı düşünmək belə istəməz. Allah-taala elə bu səbəbə də insan bədəninə xüsusi «müdafiə sistemi» və onu mikroblar qarşısında davamlı edə biləcək maddələr bəxş etmişdir. Hətta on illər öncə belə bir xəstəliyə tutulmuş insan indi sağalsa belə, o xəstəliyə nifrət edir. Daim onu lənətləyir, ondan uzaq qalmağa çalışır.
Bədənin «müdafiə sisteminə» bənzəyən qəzəb, nifrət hissi də, bizim pislik və iyrəncliklərə qarşı mübarizəmizə dəstək verir. Deməli biz həmişə «mikrob»a bənzəyən nifaq əhlindən uzaq durmalı, onlara nifrət etməli, pis xasiyyətlərinin bizə sirayət etməsinə yol verməməliyik. Bildiyimiz kimi Qurani-Kərim bizə İbrahim peyğəmbərin (ə) və onun dostlarının davamçısı olmağa əmr edir. Lakin belə ki, bizə din düşmənlərilə rəftarımızda İbrahimi (ə) özümüzə ülgü götürməyi xüsusi şəkildə təkid edərək buyurur: «Gərək sizlər İbrahimin yolunu tutub, din düşmənlərinə olan ədavətinizi elan edəsiniz.( Mümtəhin surəsi, ayə 4)»
Bizim də İmam Hüseynin (ə) qatillərinə olan düşmənçiliyimiz, Həzrət İbrahim peyğəmbərin (ə) tutduğu yolu davam etməyimizdən irəli gəlir. Çünki İmam Hüseynin (ə) qatilləri həm dinin həm də insanlığın düşməni idi. Peyğəmbərin (ə) yerini zorla qəsb etmiş bu adamlar Allahın halalını haram edir, inanılmaz pozğunluq və əxlaqsızlıqla məşğul olurdular. Camaatın hüququnu tapdalayır, günahsız insanları görünməmiş amansızlıqla qətlə yetirirdilər. Onların Kərbəla müsibətində etdiyi vəhşiliklər barəsində keçən fəsildə məlumat verdik. Altı aylıq bələkdəki körpəyə su istərkən, onu rəhimsizcəsinə necə şəhid etdiklərini də söylədik. Allahın evi Kəbəni oda çəkib və Mədinə kişilərini xüsusi amansızlıqla qıraraq, mindən çox qadının zorla namusuna toxunduqlarına da işarə etdik.
Biz pislik simvolu olan Yezidə lənət etməklə, həqiqətdə bütün zülm və iyrəncliyə nifrət edirik.
Necə ki, şeytana lənət etməklə, şeytani əməlləri lənətləyirik! Qurani-Kərim buyurur: «Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz.( Fatir surəsi, ayə 6)» Şeytanın üzünə gülmək, onunla dostluq etmək olmaz. Əks-təqdirdə insan şeytana çevrilər. Düşüncəli və məntiqli insan o kəsdir ki, Allahın dostları, pak əməlli insanlarla dostluq etdiyi halda, düşmənlərilə də düşmənçilik etsin. Belə ki, Qurani-Kərim buyurur: «Möminlər kafirlərə qarşı kəskin, öz aralarında isə mehribandırlar.(Fəth surəsi, ayə 29)» Bu dinimizin ən əsas göstərişlərdəndir.
Bir nöqtəni də unutmaq olmaz ki, Qurani-Kərim müxtəlif şəxslərə və qruplara otuz səkkiz dəfə lənət etmişdir. Onların bəzilərini qeyd edirik:
Şeytana lənət olunur. Sad surəsi, 78-ci ayə: «Qiyamət gününə qədər sənə mənim lənətim olsun.»
Kafirlərə lənət oxunub. Əhzab surəsi, 64-cü ayə: «Allah kafirlərə lənət edib və onlar üçün cəhənnəmi hazırlayıbdır.»
Bəni-İsraildən olan kafirlərə. Maidə surəsi, 78-ci ayə: «Bəni-İsraildən kafir olan şəxslərə Davud və Məryəm oğlu İsanın dililə lənət oldu.»
Zalımlara lənət oxunub. Hud surəsi, 18-ci ayə: «Agah olun ki, Allahın lənəti zalımlara olur!»
Peyğəmbəri (ə) incidənlərə. Əhzab surəsi, 57-ci ayə. «Allahı və Peyğəmbəri incidənləri, Allah həm dünyada və həm axirətdə lənətləyibdir.»
Mömini öldürənə. Nisa surəsi, 23-cü ayə: «Hər kəs mömini bilərəkdən öldürsə, cəzası əbədi cəhənnəm əzabıdır. Allah ona qəzəb və lənət edər və onun üçün əzab hazırlamışdır.»
Bunlarla birgə yalançılar(Nur surəsi, ayə 7), günahsız şəxsə zina töhməti vuranlar(Nur surəsi, ayə 23), nifaq əhli, fəsad əhli(Tövbə surəsi, ayə 68 və Məhəmməd (s) surəsi, ayə 22-23.) və digər çirkin əməl sahibləri də lənətlənmişdir. Təkcə Həzrət Məhəmməd (s) 300-dən çox hədisdə xəbis və mənfurları lənətləmişdir(«Sunəni-Əbu Davud », c. 3, səh. 324). Onlardan bəziləri də keçən bəhslərdə işarə etdiyimiz kimi, birbaşa İmam Hüseynin (ə) qatillərinə ünvanlanmışdır. Əhli-sünnət məzhəbindən tanınmış din alimləri də, Yezidi və digər İmam Hüseyn qatillərini lənətləmişdir.
Əbul Fərəc ibn Cövzi Yezidi lənətləməyin düzgün olması barədə kamil bir kitab yazmışdır(«Ər-rəddi ələl-mütəəssibül-ənid», səh. 18-19).
Cahid yazır: «Yezid məlundur! Hər kəs Yezidi lənətləməyə qarşı çıxsa özü də məlundur!( «Rəsail», səh. 298)»
Alusi: Yezid lənətlikdir. «Ona lənət etmək olmaz» deyən hər kəs Yezidə şərik sayılır(Alusi, «Ruhül-məani», c. 26, səh. 73).”
Təftazi: “Yezidin lənətlik olmasında heç bir İslam alimi azca da olsa tərəddüd etməmişdir. Allah Yezidə və onun köməkçilərinə lənət etsin!( Təftazani, «Şərhi əqaidi-nəsəfiyyə», səh. 181)”
Bütün bunlardan əlavə bir məsələni də qeyd etmək yerinə düşərdi. Həzrət Məhəmməd (s) buyurur: «Hüseynlə (ə) düşmənçilik edən, mənimlə düşmənçilik etmişdir. Mənimlə düşmən olan isə Allahla düşmənçilik etmişdir.( Hakim Nişaburi, «Əl-Müstədrəku ələs-səhiheyn», c. 3, səh. 166)»
Qurani-Kərim isə belə şəxslər barədə buyurur: «Allah və peyğəmbəri incidənləri Allah, həm dünyada və həm də axirətdə lənətləyibdir.( Əhzab surəsi, ayə 57)»
Deməli Uca Yaradanın özü də, Yezidi və onun kimi cinayətkarları lənətləyir.
Diqqət etmək lazımdır ki, sünni təriqətinin dörd şaxəyə bölünmüş məzhəblərindən biri olan Hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl Yezidə lənət oxumağa birbaşa Qurani-Kərimin əmr etdiyini təsdiqləyir. Belə ki, oğlu Saleh ibn Əhməd atasından: «Ata xalq bizim Yezidə dostluq münasibəti bəslədiyimizi güman edir. Sən bu barədə nə düşünürsən?» deyə soruşduqda, Əhməd ibn Hənbəl oğluna belə cavab verdi: «Oğlum, heç Allaha imanı olan şəxs də, Yezidə dost münasibəti bəsləyərmi?»
Oğlu yenidən soruşdu: «Bəs nə üçün Yezidi lənətləmirsən?»
Əhməd ibn Hənbəl cavabında dedi: «Oğlum sən indiyə qədər mənim kimisə lənətlədiyimi görmüsənmi? Amma o ki, qaldı Yezidə, biz necə onu lənətləməyək ki, Allah-Taala öz müqəddəs kitabı Qurani-Kərimdə onu lənətləmişdir.»
-«Quranın hansı ayəsi Yezidi lənətləyir?»
-«Bax, bu ayədə: «Arzu edirsiniz ki, hökumətə və səltənətə yetişdikdən sonra yer üzərində fitnə-fəsad törədəsiniz?... Allah bu şəxsləri lənətləyibdir!( Məhəmməd surəsi, ayə 24)» Oğlum, insanı qətlə yetirməkdən daha böyük bir fəsad ola bilərmi?»( İbn Cövzi, «Təzkirətül-xəvass», səh. 162)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter