Kərbəla qİyamı bİzə nə öyrədİr?


Kərbəla qiyamı bizə nə öyrədir?

1) Azadlıq dərsi
İmam Hüseyn (ə) öz şəhadətilə bizə azadlığın qiymətini, dəyərini anlatdı. Azad insanın heç vaxt zillətə qul olmadığını, dünyanın və bər-bəzəklərin qarşısında əyilmədiyini nümayiş etdirdi. Haqq yolda olduğuna inanaraq, adəm övladının ürək bağlaya biləcəyi bütün maddi həvəsləri kənara atıb, özünü və ən çox sevdiyi yaxınlarını Allah yolunda qurban verdi. Onun; «şərəfli ölüm, zillətlə yaşamaqdan üstündür!(1)» kəlamı, yer üzünün bütün azadələrinə ibrət dərsi oldu.
O, Yezidin qoşunundakı insanlara üzünü tutaraq belə buyurdu: «Əgər dininiz yoxdursa, qiyamət gününə inanmırsınızsa, heç olmasa bu dünyada azad insanlar olun!(2)» Amma düşmən qoşunu nəfsani istəklərin insanı hər növ iyrənc əməllərə və cinayətlərə sövq etdiyini bütünlüklə özündə əks etdirdi.
Həqiqətən də İlahi kamilliyə ucalmaq məqsədilə yaranmış bəşər övladının, öz dünyəvi istəklərini təmin etmək üçün çirkin əməllərə əl atması, necə də acınacaqlı görünür. Həzrət Əli (ə) buyurur: «Məgər bir azad insan yoxdurmu, bu yarıçeynənilmiş tikəni (dünyanı) öz hərislərinə buraxsın? Axı siz insanların dəyəri yalnız behiştdir. Özünüzü ucuz satmayın!(3)»
İbn Əbil-Hədid deyir: «Şərəfli ölümü, zillətlə yaşamaqdan üstün tutan Hüseyn ibn Əli (ə) bütün azad insanların rəhbəridir.(4)» Qazi Əbdülcabbar: «İmam Hüseynin (ə) qiyamı İslam dininə öz əzəmətini qaytardı. Biz bir müsəlman ümməti olaraq, Peyğəmbərimizin yeganə sağ qalmış yadigarının, hər şeyini Allah yolunda, dinin və xalqın islahı uğrunda qurban verməsi ilə fəxr edirik.(5)»

2)Axirət aləminə inam dərsi
Axirət dünyasına inam da dinimizin bünövrəsini təşkil verən əsas etiqadlardan biridir. Belə ki, cənnət və cəhənnəm həqiqətdə ilahi ədalətin simvolu sayılır. Bu dünyada yaranmışları imtahana çəkən Uca Yaradan o biri dünyada yaxşıların saleh əmələrini qiymətləndirmək üçün və həmçinin bədxah şəxslərin pis işlərinin cəzasız qalmaması məqsədilə axirət aləmini xəlq etdi. Əgər belə olmasaydı dünya həyatı mənasız olardı. Necə ki, müqəddəs kitabımızda buyurulur: «Biz göyləri və yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) məqsədilə yaratmadıq(6). Biz yerləri və göyləri, onun arasında olanları (bihudə deyil), yalnız haqq olaraq yaratdıq. Və qiyamət günü mütləq gəlib çatacaqdır(7). Pis iş görənlər elə güman edirlər ki, onların yaşayışını və ölümünü, iman gətirən, yaxşı əməl sahibləri ilə bərabər edəcəyik? Necə də, pis hökm verirlər. Allah yerləri və göyləri haqq olaraq yaratdı ki, hər kəs öz əməlinə görə qiymətləndirilsin(8). Hər kəs bir zərrə qədər də, olsa xeyr iş görərsə, onun şirin nəticəsini görəcək. Və hər kəs bir zərrə qədər şər iş görərəsə, onun (acı) nəticəsini görəcək.(9)»
Beləliklə qiyamət gününə və axirət aləminə olan inam bizi daim öz əməllərimizdə diqqətli olmağa, çirkinliklərdən çəkinərək, pak əməllər etməyə sövq edir. Etiraf etmək lazımdır ki, insanların günah işlərdən çəkinməsi və savab işlərə doğru meyillənməsi məhz axirət dünyasına olan inamdan sərçeşmə tutur.
İmam Hüseynin (ə) inqilabı da axirətə inam məktəbi sayılaraq bu həqiqətə israr etmiş, insanları əbədi həyata doğru səsləmişdir. Kərbəlada onunla birgə olan hər kəs, hətta qadınlar da bəşəriyyətə «ruhun ölməzliyi» adlı inam dərsi verdi. Ən ağır müsibətlərə şərəflə qatlanan bu insanlar məhz axirət aləminə olan imanları sayəsində öz yenilməzliklərini qoruyub saxladılar. Kərbəla inqilabına diqqət yetirdikdə, onun bu inam üzərində qurulması gerçəkliyini anlamaq, heç də çətin deyildir. Belə ki, Müslim ibn Əqilin şəhadət xəbərini İmam Hüseynə (ə) verdikdə, buyurdu: «Əgər dünya dəyərlidirsə, axirət aləmi ondan daha da qiymətlidir.(10)». O, Aşura axşamı öz əshabını bir yerə yığıb buyurdu:«Bilin ki, dünyanın şirini və acısı bir yuxudur. Ayıqlıq, əsl həyat axirətdədir. Axirətdə səadətə yetişən doğrudan da, xoşbəxtdir. Və axirət əzabına düçar olansa, əsl bədbəxdir.(11)»
İmam Hüseyn (ə) Bəni-Haşimə ünvanladığı məktubda axirət aləminə inamı ön plana çəkərək, onu qazanmaq üçün şəhid olmağı «fəth» sayır. Belə ki, buyurur (ə): «Hər kəs mənə qoşulsa şəhid olacaq. Və hər kəs mənə qoşulmasa, fəthə yetişə bilməyəcək.» (Yəni əbədi səadəti, behişti fəth edə bilməyəcək.(12))
Bəşər övladını ilahi kamilliyə səsləyən İmam Hüseyn (ə) onlara dünyanın zahiri közəlliklərinə, keçici-müvəqqəti ləzzətlərinə uymağa tövsiyə edir. Dünyanın maddi ləzzətlərinə aldanan insanlara, bu həyatın yuxu kimi qısa və aldadıcı olduğunu söyləyərək, onları gerçək və əbədi həyata doğru səsləyir. Həzrət Hüseyn (ə) buyurur: «Doğrudan da, dünyanın acısı və şirini yuxu kimidir. Kerçək ayıqlıq və həyat axirət aləmindədir. Həqiqi xoşbəxt o şəxsdir ki, axirətdə xoşbəxt ola. Həqiqətən o insan bədbəxtdir ki, axirət dünyasında bədbəxt ola(13). Ölüm yalnız o biri dünyaya bir keçid, körpü sayılır. Allah yolunda çəkdiyimiz bütün çətinliklər insanı behiştə və onun saysız-hesabsız nemətlərinə doğru aparır(14). Elə bil ki, sanki dünya heç başlanğıcdan yox idi. Amma axirət həmişə olub, olacaqdır.(15)»

3) Səbr və dözüm dərsi
İnsan övladı həyatı boyu şirin xatirələrlə birgə acı anları da yaşamalı olur. Çox zaman nəinki xəyallarında yaşatdığı arzularına yetişmir, hətta ağır, məşəqqətli həyat sürməsinə baxmayaraq, gözlənilməz bəlalara da düçar ola bilir. Dinimiz belə hallarda səbirli olmağa, küfr etməməyə tövsiyə edir(16). Amma buna hər kəsin qüdrəti çatmır. Hətta bəzi zəif iradəli insanlar bunun qeyri-mümkünlüyünü vurğulayan ifadələr də işlədirlər. Lakin biz İmam Hüseynin (ə) qiyamının əvvəlindən sonunadək, ən çətin anlarda belə misli görünməmiş səbir və mətanətin şahidi oluruq. Bu isə bütün insanlara layiqli ibrət, qiymətli həyat dərsi sayıla bilər. İmam (ə) Kərbəla səfərində hamıdan əvvəl Kufəlilərin vəfasızlığını ona xəbər verən, ərəb şairi Fərəzdəqə belə buyurur: «Bütün işlərin hakimi Allahdır. Allah bizi sevdiyimiz, xoşladığımız işlərə qovuşdursa, ona təşəkkür etməli, nemətlərinə görə minnətdarlığımızı bildirməliyik. Əgər bizi ümidlərimizdən, arzularımızdan uzaq saxlasa yenə də niyyəti pak, təqva sahibi olan şəxs İlahi iradəsinə baş əyərək, onu bəyənməlidir. İstər bu yolda öldürülək, istərsə də qələbə çalaq, hər bir halda Tanrı iradəsini xeyir bilirik.(17)»
Əmisi oğlu Müslim ibn Əqilin şəhid olduğunu ona xəbər verdikdə buyurdu: «Hamımızı Allah yaratmış və hamımız Onun dərgahına dönəcəyik! Allah onlara rəhmət etsin!(18)»
O, Aşura gecəsi Bəni-Haşim qəbiləsini oradakı üzvlərinə və sədaqətli silahdaşlarına, sabahkı gün şəhid olacaqlarını anladaraq buyurdu: «Allah-taalaya ən gözəl şəkildə şükür edirəm. Çətinliklərə, asudəliklərə, əzablı zamanlarımıza və rahat vaxtlarımıza və bizlərə əta etdiyi nemətlərinə görə ona minnətdaram.»
Aşura gecəsi təmkinlə sabah şəhid olacağını bacısı Zeynəbə və ailəsinə xəbər verən İmam Hüseyn (ə) onlara belə əmr etdi: «Bacı, səbirli və mətanətli ol! Bil ki, dünyanın bütün insanları bir gün ölümə məhkumdur. Göylərin sakinləri (mələklər) də, əbədi yaşamayacaqdır. Bütün yaranmışlar fanidir. Yalnız aləmi öz qüdrətilə xəlq etmiş, insanları yenidən dirildəcək yeganə Allah əbədidir. Atam, anam və qardaşım Həsən (ə) məndən yaxşı olduqları halda o biri dünyaya köçdülər. Mən, onlar və bütün müsəlmanlar, Allahın elçisinə (s) tabe olmalıyıq. O özü də əbədiyyət aləminə qovuşdu. Bacım Ümmü-Gülsüm, Fatimə, Rübab! Mən öləndən sonra yaxanızı cırmayın! Üzünüzə şillə vurmayın və sizə yaraşmayan sözləri dilinizə gətirməyin!(19)»
İmam Hüseyn (ə) Aşura günü ən həssas, kədərli anlarda belə yüksək dözüm və yenilməzliklə Allaha həmd-səna söyləyib, zikrlər oxuyurdu. Düşmən ordusu İmamın (ə) altı aylıq körpə oğlu Əliəsgəri onun qucağında oxlayıb şəhid etdikdə o Həzrət belə buyurdu: «Bu müsibət də mənim üçün asandır. Çünki Allah görür.(20)»
Bəli, İmam Hüseyn (ə) və onun silahdaşları kimi seçilmiş bəndələr, ən çətin zamanlarda, belə Yaradanın hər bir hökmünə baş əyib, yalnız Ona pənah apararaq, həmd-səna oxuyurlar. Onlar bəlaların və müsibətlərin bizə üz gətirdiyi vaxt dözümlü olmağı, möhkəm iradə göstərərək, rəşadət nümayiş etdirməyi öz əməlləri ilə öyrətdilər. Şəhidlər ağası Həzrət Hüseynin (ə) Aşura günü son nəfəsini çəkərək söylədiyi kəlamlar bəşər övladına ən dəyərli amal kimi ərməğan olundu: «İlahi, sənin qəzavü-qədərin qarşısında səbirliyəm. Ey şəriki və misli olmayan Allah! Ey fəryad edənlərin köməyinə çatan! Mənim səndən başqa məbudum yoxdur. Sənin hökmünə, təqdirinə dözümlü və səbirliyəm.(21) » İmam Hüseynin (ə) bacısı xanım Zeynəbin (s) İbn Ziyadın məsxərə ilə «Gördünmü Kərbəlada Allah sizinlə nə etdi?» sualına verdiyi cavab isə, insanı heyrətə gətirərək düşünməyə vadar edir. O, bu sualın cavabında tam vüqarla belə buyurdu: «Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim!(22)»

4) Fədakarlıq dərsi
İslam dininə görə özü ehtiyaclı və ya çətin vəziyyətdə olduğu halda başqalarını düşünərək, onlara kömək etmək, yaranmış yaxşı vəziyyətdən digərlərinin xeyirinə istifadə etmək ən gözəl, olduqca dəyərli saleh əməllərdəndir. Başqa ehtiyaclı insanların xeyirini öz mənfəətinə üstün bilmək çox böyük fədakarlıq sayılaraq, dini terminlərdə «iysar» adlandırılır. Qurani-Kərim buyurur: «Öz nəfslərinə (çətinlik çəkdirib) iysar edirlər (başqalarının xeyirini öz xeyirlərinə üstün sayırlar) bir halda ki, özləri ehtiyac içindədirlər. Hər kəs simiclik etməsə nicat tapmış (qurtulmuş)dur.(23)»
Heç kimə gizli deyildir ki. Kərbəla qiyamındakı iysarın, fədakarlığın ən kamil nümunələri bütün dünyaya ibrət dərsidir. Burada onlardan bir-neçəsinə işarə edirik:
1-İmam Hüseyn (ə) Aşura günü döyüşün ən qızğın çağında və vuruşu davam etdirmək üçün suya ən çox ehtiyacı olduğu halda əzab-əziyyətlə özünü suya yetirdi, amma ailəsini çətin vəziyyətdə görüb nəinki bir qurtum belə su içmədi, hətta sürətlə geriyə, xeymələrə dönərək, onların imdadına tələsdi(24).
2-Nafe ibn Hilal qadın və uşaqların susuz olduğunu görüb, Əmr ibn Həccacın başçısı olduğu silahlı qoşunun qəsb etdiyi çaya doğru irəlilədi. Əmr ibn Həccac onu görüb dedi: «Sən və yanındakı dostların istədiyiniz qədər su içə bilərsiniz. Amma Hüseyn ibn Əliyə bir damcı da, su aparmağınıza icazə verməyəcəyəm.»
Nafe ibn Hilal susuzluqdan olduqca əziyyət çəkməsinə baxmayaraq, dedi: «And olsun Allaha ki, Həzrət Hüseyn (ə) susuz olduqca, mən bu sudan içməyəcəyəm.» Sonra o, vuruşaraq zorla su alıb, xeymələrə gətirdi(25). Həzrət Abbas(26) və Büreyd ibn Xəzir(27) də, su gətirmək niyyətilə çaya getdikdə, düşmənin eyni təklifi ilə üzləşdi. Lakin bundan imtina edərək düşməni məyus etdi.
3-Kərbəlada hər kəs ilkin olaraq döyüşə atılmaq, digər mömin qardaşlarının həyatını qorumaq, hətta az da olsa onların həyatını uzatmaq üçün çalışırdı.
Aşura gecəsi Həzrət Abbas Bəni-Haşim cavanları ilə birlikdə sabahkı gün hər kəsdən əvvəl, birinci döyüşə atılmaq qərarına gəldilər. Onlar başqa qəbilələrdən olan insanların həyatını düşünüb, özlərini ilk olaraq təhlükə qarşısında qoymağa qərar verdilər.
Həmin gecə Peyğəmbərin (s) səhabəsi Həbib ibn Məzahir də, başqa döyüşçüləri bir yerə toplayaraq, dedi: «Sabah savaş başladığı zaman biz gərək birinci olaraq döyüş meydanına çıxaq. Çünki Bəni-Haşimi qorumaq bizim borcumuzdur.» Məclisdəki silahdaşları Həbibin sözünü təsdiqlədilər.(28)»

5) İslami dəyərlərin qorunması.
Dinimizin çox əhəmiyyət verdiyi, daim gündəmdə olan məsələlərdən biri də insanları, irqinə, millətinə, qohumluq əlaqəsinə və maddi şəraitinin yüksək olmasına görə deyil, ləyaqət və mənəviyyatına görə qiymətləndirməkdir. Həmçinin irqi-milli və sair kimi məsələlərə diqqət edərək, insanların zəhmətlərini, gözəl əməllərini heçə vermək, lazımınca dəyərləndirməmək İslam dininə ziddir. Qurani-Kərimin və Peyğəmbərimizin (ə) buyurduğuna görə bütün insanlar bir atanın (Adəm (ə)) və bir ananın (Həvva) (ə) övladıdır. Zahiri-maddi imtiyazlar heç vaxt üstünlük meyarı ola bilməz. Üstünlük yalnız saleh əmələ, ləyaqətli şəxsiyyətə, pak və təmiz qəlbə, bir sözlə «təqva» ya görə olmalıdır.«Ey camaat, biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi qrup-qrup və qəbilə-qəbilə böldük ki, bir-birinizi tanıyasınız. Sizin Allah yanında ən üstün olanınız, daha çox təqvalınızdır.(29)»
Bu meyar Əhli-Beyt (ə) İmamları tərəfindən daim dəstəklənmiş və xüsusi əhəmiyyət verilərək ictimai həyatda ön plana çəkilmişdir. Böyük və əzəmətli məktəb olan Aşura qiyamında da, İmam Hüseyn (ə) tərəfdarları ilə davranışında məhz bu meyar əsasında davranmışdır.
Tarixçilərin yazdıqlarına əsasən Aşura günü Əli Əkbər can verərkən atası Həzrət Hüseyn (ə) oğlunun yanına gedib, öpdükdən sonra üzünü onun üzünə qoyaraq dua etdi(30).
İmam Hüseyn (ə) elə həmin gün türk əsilli Əsləm adlı qulunun can verdiyini görüb, onun yanına gedib başını qucaqlayaraq öpdü, üzünü qulunun üzünə qoyub, ona da dua etdi(31).
Gördüyünüz kimi İmam (ə) öz döğma oğlu ilə türk əsilli qulun arasında heç bir fərq qoymadan, onlarla ləyaqətləninə görə davrandı. Bu da bizə insanlara gözəl əməllərinə, layiqli işlərinə görə dəyər verməmizi və yalnız öz yaxınlarımızın, mənfəət güddüyümüz şəxslərin işlərinə qiymət verməməyi, digər insanların işlərini də həqiqi şəkildə dəyərləndirməyi öyrədir. Və həmçinin İslami dəyərlərin qorunub saxlanmasını ön plana çəkir.

6) Tanrı hökmünə baş əymək
Allahın əzəmətini tanıyan, onun sonsüz qüdrətindən, elmindən və hikmətindən xəbərdar olan bir şəxs, heç vaxt Tanrı hökmünə qarşı çıxmaz və Onun bütün əmrlərinə sevə-sevə itaət edər. Belə bir şəxs həmişə Allahından razı və Allahı da ondan razıdır. Qurani-Kərimin bir çox ayələri bu məsələni aydın şəkildə bəyan etmişlər: «Həqiqətən Allaha iman gətirib gözəl əməl edənlər yaranmışların ən yaxşılarıdırlar. Onların İlahi dərgahına olan mükafatları aşağısından çay axan bağlarda (cənnətdə) əbədi qalmalarıdır. Allah onlardan və onlar da Allahdan razıdırlar. Bütün bunlar öz Rəbbinin qüdrətini tanıyıb (məsuliyyət hissindən) qorxanlara şamil olur.» (Bəyyinə, 7-8) Biz bu razılığın və Tanrı hökmünə boyun əyməyin ən gözəl nümunəsini Kərbəla qiyamında müşahidə edirik. İmam Hüseyn (ə) Məkkə şəhərini tərk etdiyi zaman xütbə oxuyuraraq, belə buyurur: «Allah nə istəyirsə, biz Əhli-beyt ona razıyıq.(32)» Həmçinin Aşura günü döyüşün ən çətin anında və İmamın (ə) ən yaxınlarının şəhadət vaxtı o, üzünü Uca yaradana tutub ərz edir: «İlahi, sənin hər bir hökmünə razı və hər bir əmrinə təslimik. Ey möhtacların dadına çatan, səndən başqa heç bir məbud yoxdur.(33)»
Belə əhval-ruhiyyənin İmamın (ə) əhli-beytində və digər səhabələrində də olması heç bir tarixşünasa gizli deyil. Necə ki, Məhəmməd Qəzzali deyir: «İmam Hüseyn (ə) qəhrəmanlıqla şəhid olaraq tarixin ədalət axtaranlarına yeni doğru yolu göstərdi.»

7) Əxlaqi səciyyələrə riayət etmək
Həzrət Peyğəmbər (s) uşaqlıq vaxtından vəfatına qədər, ədəb-əxlaq qaydalarına o qədər gözəl riayət etdi ki, Allah-Taala onun vəsfində belə buyurdu: «Sən çox üstün əxlaqi dəyərlərə maliksən.» (Qələm, 4-cü ayə) Allahın rəsulu (s) öz besətinin (peyğəmbərliyinin) məqsədini bəyan edərkən də buyurmuşdur: «Mən əxlaqi dəyərləri kamilləşdirmək üçün peyğəmbərliyə seçildim(34)»
Deməli, Həzrət Məhəmmədin (s) risalətindən məqsədi ədəb-əxlaq dəyərlərini kamilləşdirmək olmuşdursa, o zaman İslam dininə «Ədəb-əxlaq dini» demək, məntiqli və düzgün sayılardı.
Kərbəla qiyamına gəldikdə isə, burada əxlaqi dəyərlərin ən yüksək formada cilvələnməsini müşahidə etmək olar. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirin:
a) İmam Hüseyn (ə) Yezidin hakimiyyətinə qarşı qiyam məqsədi ilə Mədinəni tərk etmək istədiyi zaman, əvvəl babası Rəsulullah (s) (35) sonra anası Həzrət Fatimeyi-Zəhra (ə) və qardaşı İmam Həsənin (ə) mübarək qəbirlərini ziyarət etdi, onların məzarları kənarında İlahı dərgahına namaz qılaraq onlarla xudahafizləşdi(36). Və bununla da öz ədəbini böyükləri qarşısında nümayiş etdi.
b) Aşura günü məlunlardan biri İmama (ə) söyüş söyəndə, o Həzrət həmin şəxsi nifrin edib, ondan tanrı dərgahına şikayət edərdi. Və heç bir zaman söyüşə söyüşlə cavab verməzdi(37).
v) İmam Hüseyn (ə) artıq Hürrün qoşunu ilə üzbəüz idi ki, namaz vaxtı yetişdi. İmam (ə) onlar xəcalət çəkməsinlər deyə, buyurdu: «Ey Hürr, əgər istəyirsənsə biz burada namazımızı qılaq və sizə hara rahatdırsa orada öz qoşununuzla namazınızı qılın.» İmam Hüseyn (ə) istəmədi ki, ona Peyğəmbərin (s) nəvəsi olduğu üçün iqtida etmək məcburiyyətində qalsınlar. Və bu, Həzrətin yüksək ədəb-əxlaq sahibi olduğunu göstərir. Lakin Hürr də öz ədəbini İmamın (ə) qarşısında qoruyaraq dedi: «Siz öz səhabələrinizlə namaza başlayın, biz sizə iqtida edəcəyik.»
Sonra hər iki qoşun İmama (ə) iqtida etdilər(38).
c) Məkkə şəhərinin valisi Səid İmama (ə) bu məzmunda məktub yazır: «Məkkədə qal, çalış buranı tərk etmə. Sən burada amandasan.» İmam (ə) onun təklifini qəbul etməsədə İslam ədəbini riayət edib ona təşəkkür edərək belə buyurur: «Əgər sən bu məktubunla mənə yaxşılıq etmək istəyirsənsə, Allah sənə dünya və axirətdə xeyir versin.(39)»
g) Şimr ibn Zilcovşən İmam Hüseynin (ə) qardaşlarını özlərinə cəlb etmək üçün səsləyir və onların İmamdan (ə)ayrıldıqları halda amanda olacaqlarını bildirir. İmam Hüseyn (ə)öz qardaşlarına buyurur: «Hətta o fasiq də belə olsa, baxın-görün sizinlə nə işi var...(40)»

8) Başqalarını dinləmək
İnsanlarla məsləhətləşmək və onların məntiqli məsləhətləri əsasında rəftar etmək, İslam dininin dəyər verdiyi ədəblərdən biri sayılır. Hətta Mehriban Allah, ən üstün bəşər və ismətində heç bir şəkk-şübhə olmayan Müqəddəs Peyğəmbərimizə (s) işlərində müsəlmanlarla məsləhətləşməyə əmr edir. Necə ki, Qurani-Kərimdə buyurur: «Müsəlmanların səhvlərini bağışla. (İlahi dərgahından) bağışlanmalarını istə və işlərində onlarla məsləhətləş...» (Ali-İmran, 159.)
Biz bu məsələnin əhəmiyyətini Kərbəla qiyamında da müşahidə edirik. Məsələn, Kərbəla qiyamı ərəfələrində İbni Əbürrəhman İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: Gəlmişəm ki. sənə məsləhət edəm, əgər məsləhət qəbul edirsənsə sənə məsləhət «vermək istəyirəm.»
İmam (ə) buyurdu: «Söylə.»
-«İraqa getmə! İraq camaatı dinar və dirhəm quludurlar.»
-«Allah özü sənə xeyir versin!...Mən sənin nəzərinə əsasən rəftar etməsəm də, sən xeyirxah və yaxşı insansan(41)»
İmam Hüseyn (ə) hətta düşməni də ona nəsihət məsləhət edərkən, onu dinləyirdi. Məsələn, Mədinə şəhərində Mərvan o Həzrətə dedi: «Sənə nəsihət etmək istəyirəm.»
İmam buyurdu: «Eşidirəm səni.»
-«Yezidlə beyət et...(42)»
Həmçinin Əbu Bəkr ibn Əbulrəhman İmam Hüseynə (ə) nəsihət etdikdə İmam (ə) ona təşəkkür edir(43).
Əslinə qalanda İmam Hüseynin (ə) nə nəsihətə ehtiyacı var idi və nə də məsləhətə. Ona görə ki, o Həzrət, Allah-taalanın yer üzərində olan məsum İmamı idi. Uca Tanrı ona bütün həqiqətləri ilham edirdi. Və İmamın (ə) nəsihət edənləri və məsləhətçiləri dinləməsi, o Həzrətin sonsuz təvazökarlığını və insanlara olan hörmətini göstərirdi.
Təbiidir ki, bir şəxsin nəsihətini və məsləhətini dinləmək, ona əməl etməyin vacibliyini bildirmir. İnsan gərək Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi və vicdanının hökmünə uyğun məsləhətlərə əməl etsin. Binlardan qeyri halda yalnız nəsihət və məsləhəti dinləyib öz doğru bildiyimizə əməl edəcəyik. Necə ki, İmam Hüseyn (ə) belə etdi.
------------------------------------------

(1)İbn Şəhr Aşub, «Mənaqib», c. 4, səh. 68.
(2) «Musuətu-kəlimatil-İmamil- Hüseyn (ə)» səh. 421.
(3) «Nəhcül bəlağə», hikmət, 456; «Biharül-ənvar», c. 1, səh. 44.
(4) İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 3, səh. 240.
(5) «Əl-Usulül-Xəmsə», səh. 142; «Ləvaül-İslam» jurnalı, 1965, № 10
(6) Duxan surəsi, 38-ci ayə.
(7) Hicr surəsi, 85-ci ayə
(8) Casiyə surəsi, 21-22-ci ayələr
(9) Zəlzələ surəsi, 8-7-ci ayələr
(10) «Musuətü-kəlimati-İmamil-Hüseyn (ə)» səh. 404-405
(11) Həmin mənbən səh 398
(12) İbn Şəhri Aşub, «Mənaqib», c. 4, səh 76
(13) «Musuətü kəlimatil-İmamil-Hüseyn (ə)» səh 397
(14) «Nəfsül-məfhum», səh. 135
(15) «Biharül-ənvar», c. 45, səh. 87
(16) Bəqərə surəsi, ayə 155.
(17) «Musuətü-kəlimatil-İmamil-Hüseyn (ə)», səh. 366; «Əyanüş-şiə», c. 1, səh. 597; «Tarixi-Təbəri», səh. 290.
(18) Şeyx Müfid, «İrşad»,
(19) «Tarixi-Təbəri», c. 7, səh. 324; «Kamil», c. 3, səh. 285; Xarəzmi, «Məqtəl», c. 1, səh. 327; «Tarixi-Yəqubi», c. 2, səh. 224.
(20) «Tarixi-Təbəri», c. 7, səh. 660; «Kamil», c. 3, səh. 285; Xarəzmi, «Məqtəl», c. 2, səh. 32; «Musuətü-kəlimatil-İmamil Hüseyn (ə) » səh. 477.
(21) «Musuətü-kəlimatil-İmamil-Hüseyn (ə) » səh. 514.
(22) «Biharül-ənvar», c. 45, səh. 116.
(23) Həşr surəsi, ayə 9
(24) Müqərrəm,«Məqtəl», səh. 346-347.
(25) «Tarixi-Əbi Müxnəf», c. 1, səh. 488.
(26) Müqərrəm, «Məqtəl»,səh. 366.
(27) «Məalis-sibteyn», səh. 319-321.
(28)- «Kibritül-əhmər», səh 497; «Musuətü kəlimatil-İmamil-Hüseyn (ə)», səh 408- 409.
(29) Hücurat surəsi, ayə 13.
(30) «Lühuf», səh 167
(31) «Biharül-ənvar», c. 45, səh. 30; Müqərrəm, «Məqtəl», səh. 308.
(32) Cavad Mühəddisi, «Aşura dərsləri», səh. 164.
(33) «Həmaseye-Hüseyni», c.3, səh. 345.
(34) «Əl-İsabə», səh. 26.
(35) «Biharül-ənvar», c. 4. səh. 312.
(36) Məhəmməd Əli Rizayi, «Aşuradan tərbiyə dərsləri» səh. 109.
(37) «Musuətü kəlimatil-İmamil-Hüseyn», səh. 501.
(38) Həmin mənbə, səh. 355.
(39) Həmin mənbə, səh. 322.
(40) «Aşuradan tərbiyə dərsləri» səh.32
(41) «Musuətü kəlimatil-İmamil-Hüseyn» səh. 284.
(42) Həmin mənbə, səh. 284.
(43) Həmin mənbə, səh. 288.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter